Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Toplantıda qərarların icra vəziyyəti və görülən işlər müzakirə edildikdən sonra partiyadaxili məsələlərə baxılıb. Partiyanın Saatlı və Laçın rayon təşkilatlarının dünən keçirilən konfransları barədə məlumat verilib və bildirilib ki, Mirnizam Ağayev Saatlı, Əli Quliyev isə Laçın rayon təşkilatının sədri seçiliblər. Sonra Müsavat Partiyasının 27 may yürüş-mitinqinə hazırlıq məsələləri müzakirə edilib və bununla bağlı Divan üzvlərinə konkret tapşırıqlar verilib.

Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət də müzakirə olunub. Yazıçı Rafiq Tağının məhkəmə hökmü ilə 3 il, “Sənət” qəzetinin baş redaktoru Samir Sədaqət oğluna isə 4 il iş verilməsi pislənilib. Qeyd olunub ki, bu həbs ölkədə söz və düşüncə azadlığına vurulan növbəti ağır zərbədir. Müsavat Partiyasının Divanı hər iki yazarın, eləcə də bu gün həbsdə olan digər 3 jurnalistin azad olunmasını hakimiyyətdən tələb edir. Daha sonra “Azərsun Holdinq” şirkətinin prezidenti Abdolbari Gözəlin “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluya qarşı qaldırdığı iddia əsasında bu gün keçirilən məhkəmə iclası barədə müzakirələr aparılıb. Qeyd olunub ki, Eynulla Fətullayevin, Rafiq Tağının və Samir Sədaqət oğlunun məhkəmə proseslərində olduğu kimi bu prosesdə də məhkəmə iclasının keçirildiyi zala xüsusi öyrədilmiş adamlar gətirilib. Bu isə onu göstərir ki, hakimiyyət siyasi sifarişli məhkəmə iclaslarını da xüsusi öyrədilmiş qoçu dəstələrinin təzyiqi altında keçirməklə ittiham olunanlara, müdafiəçilərə, bəlkə də hakimlərin özlərinə də təzyiq göstərmək siyasəti xəttini gettikcə təkmilləşdirir. İndi artıq belə məhkəmə proseslərində hər şeyi qaraguruhçu dəstələr həll edir. Divanın iclasında keçmiş səhiyyə naziri Əli İnsanovun akademik adından məhrum edilməsi də pislənilib və bu, hakimiyyətin növbəti siyasi sifarişinin nəticəsi kimi qiymətləndirilib. Divan mötəbər elm ocağında belə bir absurd qərar qəbul edilməsini çox pis presedentin əsasının qoyulması kimi dəyərləndirir.

Sonra İlham Əliyevin bu günlərdə Qarabağ danışıqları ilə bağlı Ramana qəsəbəsində söylədiyi açıqlamalar barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu, dövlət başçısının növbəti populist vədlərindən başqa bir şey deyil. Bir tərəfdən qaçqınların tezliklə öz yurd-yuvalarına qayıdacağını bəyan edir, digər tərəfdən isə onlar üçün yeni qəsəbələr inşa olunur. Bu ziddiyyətin özü göstərir ki, dövlət başçısı əslində ictimai fikri aldatmaqla məşğuldur.

Axırda cari məsələlərə baxılıb.

isagambar.az, Bakı, 7 may 2007-ci il