TÜRKMƏNLƏR AZƏRBAYCANDAN RAZI GEDİRLƏR

Hüseyn Bayoğlu: “Arxamızda 300 milyonluq gücün olduğunu gördük”
Aida Bağırova: “Azərbaycan türkmənlərin səsini beynəlxalq aləmə çatdırmalıdır”


Asiya Dialoqu İctimai Birliyi və Qafqaz Media Tədris Mərkəzinin dəvəti ilə Azərbaycanda səfərdə olan İraq Türkmən Cəbhəsi (İTC) təmsilçiləri ölkə rəsmiləri və müxalifət partiyaları ilə görüşlərini davam etdirir.

Sentyabrın 6-da Müsavat Partiyasının mərkəzi qərargahında partiya başqanı İsa Qəmbərlə görüşdə də türkmən qardaşlarımızı narahat edən əsas məsələlər müzakirə mövzusu olub. İTC təmsilçiləri müsavatçı deputatların Milli Məclisdə Kərkük məsələsini qaldırmağı xahiş ediblər. Başqan öz növbəsində türkmənlərin haqlı mübarizəsinə hər zaman dəstək veriləcəyini qonaqların nəzərinə çatdırıb. Bir saatdan çox çəkən görüşdə “Türkməneli” televiziyasının əməkdaşları da iştirak ediblər. Azərbaycandakı görüşlər barədə hazırlanan silsilə verilişlər türkmən televiziyasında gələn həftədən efirə veriləcək.

Qeyd edək ki, İTC Siyasi Şurasının üzvü, Türkmən Ədalət Partiyasının sədri Ənvər Bayraqdarın rəhbərlik etdiyi nümayəndə heyəti Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla, o cümlədən xarici işlər nazirinin müavini Xələf Xələfov və nazirliyin Şərq üzrə departament rəislərindən bir neçəsi ilə də görüşüb. Hər iki görüşdə Bakıda İraq Türkmən Cəbhəsinin təmsilçiliyinin açılması təklifi müsbət qarşılanıb. Türkmənlərin təhsil və səhiyyə problemləri ilə bağlı da tədbir görüləcəyi vəd olunub.

İraq Türkmən Cəbhəsi siyasi dairəsi məsulu Hüseyn Kərim Bəyoğlu dünən əməkdaşımızla söhbəti zamanı bildirdi ki, nümayəndə heyəti dövlət adamları və müxalifət liderləri ilə görüşlərindən razı qalıb: “Görüşdüyümüz adamların hamısının türkmən davasına eyni gözlə, eyni sevgi və həyəcanla yanaşdığını gördük. Bu da bizim üçün çox sevindirici və ümidverici bir mövqedir. Azərbaycan xalqının təmsilçiləri ilə də görüşən zaman gördük ki, türkmənləri tanıyırlar, televiziyamıza baxırlar. Azərbaycanda Kərkükdə, türkmən elində baş verən hadisələrdən, gedən mübarizələrdən xəbərdardırlar ki, bu da bizi məmnun edir. Demək biz yalqız deyilik, arxamızda təkcə Türkiyə deyil, həm də Azərbaycan cümhuriyyəti var. Eyni zamanda təmannamız odur ki, digər türk dövlətləri də bizimlə bərabər işbirliyində olsunlar, davamıza dəstək versinlər. Biz arxamızda 300 milyon türkün olduğunu hiss edirik ki, bu da bizim haqlı mübarizəmizə güc verir. Kərkükdə və İraqın başqa yerlərindəki digər xalqlar da hiss edirlər ki, türkmənlər yalqız deyil, onların arxasında ayrı dövlətlər var. O zaman kürd qruplaşmaları və digərləri bizə ayrı gözlə baxmağa məcbur olacaqlar. Bu mənada biz özümüzü türk dünyasının bir parçası hiss etdiyimizdən, türk dünyasının Kərkük məsələsinə sahib çıxmasından sevinirik”.

H.Bayoğlu bildirdi ki, Azərbaycanda olarkən bir sıra istəklərini müxtəlif görüşlərdə ifadə ediblər: “Bu diləklərdən birincisi Azərbaycanda təmsilçiliyin açılmasıdır. Hesab edirik ki, bu təmsilçilik aramızdakı körpünü daha yaxşı şəkildə tənzimləməyə imkan verər. İkinci istəyimiz Kərkükdən, türkmən elindən uşaqlarımızın Azərbaycana gəlib burda təhsil alması ilə bağlıdır. Bu gün türkmən elində bizim çoxsaylı məktəblərimiz açılıb. Ancaq həmin məktəblərin müəllimlərə ehtiyacı var. Səddam zamanındakı 35 il ərzində insanlarımız türkcə təhsil ala bilməyib. Bu gün istərdik ki, gəclərimiz Azərbaycan və Türkiyədə təhsil alıb öz biliklərini Kərkükdə uşaqlarımıza anlatsınlar”. Hüseyn bəy əlavə etdi ki, türkmənlərlə azərbaycanlıların qaynayıb-qarışmasını da istəyirlər: “Bizim rəssamlarımız, ədəbiyyatçılarımız, sənətkarlarımızın əlaqələr qurması lazımdır. Eyni zamanda istərdik ki, Azərbaycanda Novruz bayramı, Cümhuriyyət bayramı kimi ümummilli bayramlar qeyd olunarkən bizim sənətkarlarımız da bura dəvət olunsun, onlar keçirilən festifallara qatılmaq imkanı əldə etsin. Bunu etsək, Azərbaycan və türkmən xalqları arasında bağların möhkəmlənməsinə nail olarıq. Bir türkmən Azərbaycana gəldiyi zaman görər ki, azərbaycanlı qardaşı da kərküklü kimi eyni dili danışır, ləhcəsi də eynidir. O zaman hər iki xalqın nümayəndələri hiss edər ki, onlar birdirlər, ayrı bir millətdən deyillər və Oğuz boyundan gəliblər. Bu da bizim qardaşlığımızı daha da möhkəmləndirər”. H.Bayoğlu türk xalqlarının təmsilçilərinin iştirakı ilə bir konfrans keçirilməsini də istəyir: “İtərdik ki, orda türkmən elinin məsələsi əsas müzakirə mövzusu olsun və dünyaya tanıdılsın”.

İTC təmsilçisi onu da bildirdi ki, iqtidar təmsilçiləriylə görüşdə türkmən elinin apardığı mübarizə, Kərkük məsələsinin beynəlxalq səviyyədə davamlı olaraq müzakirə olunmasına çalışmağı və gündəmdə saxlamağı xahiş ediblər: “Müsavat Partiyasında olarkən biz deputatların türkmən məsələsini parlamentin gündəminə gətirməyi xahiş etdik. Eyni zamanda istərdik ki, iqtidar və müxalifət türkmən məsələsinə eyni şəkildə münasibət göstərsin. Media isə Kərkük məsələsini daim gündəmdə saxlasın”.

Müsahibimizin sözlərinə görə, görüşlərinin nəticə verəcəyinə ümid edir. Ancaq hansısa irəliləyişlərə nail olmaq üçün müəyyən zaman keçməlidir: “İlk dəfədir ki, böyük bir heyət Azərbaycana gəlib və çoxsaylı təkliflərlə çıxış edib. Zənn edirəm ki, bizim görüşlər yaxşı nəticələr verəcək”. Hüseyn bəy əlavə etdi ki, İraq hakimiyyəti bu səfərə hər hansı problem yaratmayıb, əksinə dəstək verib. İTC təmsilçisi bildirdi ki, bu gün 80 türkmən tələbə Türkiyədə, 7-si Azərbaycanda, daha 7-si isə Şimali Kiprdə təhsil alır: “Bunun çox böyük mənası var. Aramızdakı körpünün daha da qüvvətlənməsi üçün Azərbaycanın da hərəkətə keçməsi lazımdır. İnşaallah Türkmənistan, Qırğızıstan, Özbəkistan da Azərbaycanın gördüyü işlərə baxıb bizimlə işbirliyinə gedərlər. Bu da 300 milyonluq türk millətinin bütövlüyünü göstərər”.

Kərkük məsələsinə dərindən bələd olan Bakı Dövlət Universitetinin dosenti, tarix elmlər namizədi Aida Bağırova isə hesab edir ki, türkmənlər ilk növbədə Azərbaycandan mənəvi dəstək gözləyirlər və bunu onlardan əsirgəməyimiz böyük qəbahət olardı. Aida xanıma görə, türkmənlərin informasiya dəstəyinə də böyük ehtiyacı var: “Kərkükdə ictimai-siyasi və sair problemləri Azərbaycan oxucularına çatdırmaq lazımdır. İkincisi, türkmənlərin Bakıda daimi nümayəndəliyi açılmalıdır. Bu daimi nümayəndəlik vasitəsilə Azərbaycan əhalisi informasiya almaq və hadisələrə operativ reaksiya vermək imkanı qazanacaq. İmkan olsa, həmin nümayəndəlik çərçivəsində xüsusi informasiya bülletenləri hazırlamaq və yaymaq lazımdır. Özü də bu informasiya bülletenləri nəinki Azərbaycanda, eləcə də beynəlxalq aləmdə yayılmalıdır. Sözsüz ki, türkmən məsələsi beynəlxalq aləm üçün yeni məsələdir”. A.Bağırovanın fikrincə, türkmənlərin məsələsi ilə bağlı mütəmadi olaraq ekspertlər, alimlər və bütün aidiyyati insanların iştirakı ilə dəyirmi masalar, toplantılar keçirmək və bu məsələləri KİV-ə, həmçinin beynəlxalq qurumlara çatdırmaq lazımdır: “Digər tərəfdən, Azərbaycan Respublikasının aparıcı elmi tədqiqat institutlarında, o cümlədən Tarix və Şərqşünaslıq İnstitunda türkmən problemini öyrənmək üçün xüsusi qruplar yaratmaq və bura alimləri, mütəxəssisləri cəlb etməliyik. Eyni zamanda ali məktəblərdə türkmən tələbələrin təhsil almasını təşkil etmək lazımdır.

Türkmənlər özləri də bu barədə məsələ qaldırıblar”. Aidə xanım türkmən məsələsiylə bağlı ali tədris müəssisələrində təhsil alan tələbələrə xüsusi dərslər keçirilməsini də zəruri sayır: “Özü də bu məsələlərin həlli daimi, sistemli şəkildə həyata keçirilməlidir və müvəqqəti xarakter daşımamalıdır. Həmçinin mövcud problemlər son dərəcədə operativ şəkildə həyata keçirilməlidir”.

A.Bağırova İraqın Azərbaycandakı səfirinin türkmən məsələsində ehtiyatlı davranışını təbii saydı: “Bilmək lazımdır ki, o dövlət adamıdır”. Aidə xanım hesab edir ki, Azərbaycan xeyli müddət geciksə də, heç olmasa bu gün türkmənlərə dəstək verməlidir: “Bu məsələdə rəsmi Bakı üçün hər hansı bir problem yoxdur. Ola bilsin ki, müəyyən məsələlər türkmən məsələsinin bu və ya digər şəkildə dünyaya çatdırılmasını əngəlləməyə çalışsınlar. Bu, Şimali Kipr məsələsi deyil ki, kimsə ondan ehtiyatlansın. Türkmənlər milli və etnik tərəfdən özlərini qorumaq və təhlükələrə qarşı mübarizədə bizim də dəstəyimizi almaq istəyirlər. Onlar demirlər ki, separatçılıq edir, yaxud İraqdan ayrılıb hansısa dövlət yaradırıq. Sadəcə istəyirlər ki, onlara qarşı olan təhlükələri Azərbaycan, eyni zamanda dünya görsün və İraqda bir tərəf kimi tanınsınlar”.

A.Bağırova bu mərhələdə türkmənlərin də üzərinə ciddi işlərin düşdüyünü əlavə etdi. O, türkmənlərin kürdlərdən məsafə saxladığını, onların iştirak etdiyi referenduma qatılmadıqlarını da xatırlatdı: “Belə olan halda hələ ki öz gücləri olmayan türkmənlər İraqdakı əsas gücün yanında olmalıdır. Digər tərəfdən, gərək onlar özlərini kənarda saxlamayıb tədricən İraq hakimiyyətinə inteqrasiya etsinlər. Düzdür, bu, çox çətin olacaq. Amma buna başlamaq lazımdır. Ayrı çıxış yolu yoxdur. Nəzərə almaq lazımdır ki, regionda hadisələr sürətlə cərəyan edir. Ona görə də türkmənlər sabahki proseslərə indidən hazır olmalıdırlar”.

Elşad PAŞASOY
Foto: ƏFQANındır

"Yeni Müsavat", 07.09.2007