Müsavat Partiyasının BƏYANATI

Dünən “Azadlıq” radiosunun Naxçıvan Muxtar Respublikası üzrə müxbiri İlqar Nəsibov Naxçıvan şəhər məhkəməsinin hökmü ilə 3 ay müddətinə azadlıqdan məhrum edilib. Buna səbəb Naxçıvan şəhər Polis İdarəsinin rəisi Səbuhi Novruzovun Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırması olub. Guya İ.Nəsibov dövlət başçısının saytına Naxçıvan polisinin hərəkətləri barədə yazdığı şikayət məktubunda polis rəisinin şərəf və ləyaqətini təhqir edib. Halbuki sözügedən şikayət məktubunda S.Novruzovun adı çəkilməyib. Bu isə sübut edir ki, əslində məqsəd jurnalisti susdurmaq, onun Naxçıvanda baş verən hadisələr barədə “Azadlıq” radiosunda səsləndirdiyi reportajlardakı həqiqətlər olub.

Müsavat Partiyası ölkədə növbəti jurnalist həbsini heç bir normaya və çərçivəyə çığmayan hadisə kimi qiymətləndirir və bildirir ki, artıq Azərbaycan jurnalistlərin həbsinə görə dünya ölkələri arasında ən öncül mövqelərə çıxıb. Bu gün haqlı olaraq Azərbaycanı bir çox beynəlxalq təşkilatların hesabatlarında dünyanın ən avtoritar və totalotar rejimləri ilə bir sırada dayanır. Biz hakimiyyətdən jurnalistikaya qarşı başladığı bu səlib yürüşünə son qoymağı, İlqar Nəsibovu və həbsdə olan digər günahsız jurnalistləri dərhal azadlığa buraxmağı tələb edirik. Beynəlxalq təşkilatların, Azərbaycanda demokratiyanın inkişafını görmək istəyən dünya dövlətlərinin isə ölkədə baş verən prosesləri olduğu kimi qiymətləndirməsini və adekvat addımlar atmasını istəyirik.

isagambar.az, Bakı, 07.12.2007