Müsavat Partiyasının Başqanı İsa Qəmbər Cəmil Əlibəyovu 80 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli Cəmil bəy!

80 illik yubileyinizi təbrik edir, Sizə uzun ömür, can sağlığı arzulayıram.
Siz Azərbaycan xalqının ən tanınmış və görkəmli ziyalılarından birisiniz. Öz çoxşaxəli fəaliyyətiniz və yaradıcılığınızla ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin və jurnalistikamızın inkişafına böyük töhvələr vermisiniz. Biz Sizi birinci növbədə istedadlı və gözəl bir yazıçı kimi tanıyırıq. Sizin qələminizdən çıxan çoxsaylı roman, povest və hekayələr oxucular tərəfindən həmişə maraqla qarşılanıb və yüksək dəyərləndirilib. Bundan əlavə, siz uzun illər mədəniyyətimizin və incəsənətimizin inkişafı yolunda yorulmadan çalışmısınız. Azərbaycan Tele-Radio Verilişləri Komitəsinin sədr müavini, “Azərbaycanfilm” Kinostudiyasının direktoru, “Azərnəşr”in direktiru, respublikanın aparıcı qəzetlərinin baş redaktoru və başqa bu kimi məsul vəzifələrdə işləyərkən həm təmiz və vicdanlı bir rəhbər işçi olmusunuz, həm də bu sahələrin inkişafı üçün əlinizdən gələni əsirgəməmisiniz. Siz öz dərin savadınızdan, dünyagörüşünüzdən və peşəkarlığınızdan həmişə xalqın maraqları və mənafeyi naminə isifadə etmisiniz. Bu gün Azərbaycanın mədəniyyət və incəsənətinin, ədəbiyyat və jurnalistikasının müxtəlif sahələrində Sizin çoxsaylı tələbələriniz var. Biz Sizi həm də görkəmli bir ziyalı və ictimai xadim kimi tanıyırıq. Xalqımızın və ölkəmizin həyatının ən çətin və məsul anlarında Siz öz mövqeyiniz və sözünüzlə həmişə həqiqətin tərəfində olmusunuz.

Hörmətli Cəmil bəy!

Bir daha Sizi 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, şəxsi həyatınızda xoşbəxtlik arzulayıram. Ümid edirəm ki, hələ bundan sonra da öz rəngarəng yaradıcılığınızla bizi sevindirəcəksiniz”.

isagambar.az, 07.12.2007, Bakı