Müsavat Partiyasının başqanı İsa Qəmbər “8 Mart Beynnalxalq Qadınlar Günü” münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib

 Təbrikdə deyilir:

”Əziz qadınlar!”


“8 Mart Beynnalxalq Qadınlar Günü” münasibəti ilə hamınızı təbrik edir, sizə uzun ömür can sağlığı və xoşbəxtlik arzulayıram.
Bu gün dünyanın əksər ölkələrində qadınların ictimai-siyasi və mədəni proseslərdə rolu daha da artır. Dünyanın xoşbəxt gələcəyi üçün daim narahat olan qadınlar elm, incəsənət, mədəniyyət, siyasət, ümumiyyətlə həyatın bütün sahələrində kişilərlə çiyin-çiyinə addımlayırlar. Sevindirici haldır ki, Azərbaycan qadınları da bu ümumi prosesdən geri qalmır, ölkənin və cəmiyyətin həyatında qadinlar getdikcə daha fəal iştirak edirlər. Azərbaycan qadını həm ötən əsrin əvvəllrində vüsət almış milli-azadlıq hərəkatında, həm də azad və demokratik cəmiyyət quruculuğu uğrunda son illər apardığımız mübarizənin ön cərgələrində olublar.
Təəssüf kì, bu gün ölkədə mövcud olan avtoritar rejimin yeritdiyi xalqa zidd siyasət bütün vətəndaşlarımız kimi qadınlarımızın həyatına və fəallığına mənfi təsir göstərir. İnsan hüquqlarının hər addımbaşı pozulduğu bir məmləkətdə qadınlarımız da daim müxtəlif təzyiq və özbaşınalıqlarla üzləşirlər. Qarabağ münaqişəsinin ən böyük ağırlığı qaçqın və köçkün qadınlarımızın üzərinə düşüb. Mövcud rejimin bu problemləri həll etmək iqtidarında olmaması onların olan-qalan ümidini də sarsıdıb. Lakin məhrumiyyətlərlə dolu bu günlərin ömrü çox qısadır. Mən inanıram kì, Azərbaycan xalqı öz taleyində əsaslı dönüşə nail olacaq və heç şübhəsiz kì, qadınlarımız da bu prosesdə fəal iştirak edəcəklər.

Əziz qadınlar!


Bir daha bayramınızı təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, ictimai-siyasi fəaliyyətinizdə uğurlar arzulayıram.
Tanrı sizləri qorusun!

Tanrı Azərbaycanımızı qorusun!