İşgəncələr, adam oğurluğu və saxta seçkilər
ölkəsi
Dövlət Departamentinin hesabatına görə, Azərbaycanda pozulmayan insan haqları
yoxdur
Xəbər verildiyi kimi, ABŞ Dövlət Departamenti dünyada insan haqlarının
vəziyyətinə dair növbəti illik hesabatını açıqlayıb. Hesabatın Azərbaycana aid
bölməsində deyildiyinə görə, bu sahədə vəziyyət 2006-cı ildə də pis olaraq
qalıb. Polis özbaşınalıqları, işgəncələr, qanunsuz həbslər, korrupsiya və başqa
insan haqları pozuntularına dair çoxsaylı faktlar hesabata daxil edilib.
Hesabatda deyilir ki, ötən il ərzində azı üç nəfər polis bölmələrində verilən
işgəncələrdən ölüb. Bu faktlardan biri ötən il aprelin 3-də Xızı Rayon Polis
İdarəsində qeydə alınıb.
Namiq Məmmədov adlı şəxs polisin onu döyməsindən və işğəncə verməsindən sonra
ölüb. Ancaq polis rəsmiləri onun ürək tutmasından vəfat etdiyini bildiriblər.
Bununla belə Məmmədovun bədənində işgəncə əlamətləri aşkar edildiyinə görə,
faktla bağlı cinayət işi qaldırılıb. İyulun 25-də isə Mingəçevir Şəhər Polis
İdarəsində Rasim Alışov aldığı işgəncələrdən ölüb. Bu faktla bağlı bəzi polis
əməkdaşları barəsində araşdırma başlayıb. Sentyabrın 16-da Yuri Səfərəliyev adlı
məhbus Qobustan həbsxanasında ölüb. Rəsmilər onun özünə qəsd etdiyini deyiblər.
Avqustun 29-da isə İqtisadi İnkişaf Nazirliyinin keçmiş idarə rəisi Əlihüseyn
Şalıyev saxlanıldığı təcridxanada ölü aşkar edilib. Rəsmilər onun intihar
etdiyini deyiblər, ancaq insan haqları təşkilatları və mərhumun yaxınları buna
şübhə edirlər. Hesabatda deyilir ki, Azərbaycan hakimiyyəti 2005-ci ildə polis
idarələrində və həbsxanalarda işgəncələrdən ölənlərlə bağlı ciddi araşdırma
aparmayıb və günahkarlar cəzalarını almayıb. Sənəddə ötən il
Ermənistan-Azərbaycan münaqişəsi bölgəsində atəşkəsin pozulması nəticəsində
Azərbaycan tərəfdən 29 nəfərin öldüyü, 44 nəfərin isə yaralandığı bildirilir.
Adam oğurluğu
Dövlət Departamenti qeyd edir ki, il ərzində Azərbaycanda siyasi motivli iki
adam oğurluğu hadisəsi baş verib. Martın 6-da 6 naməlum şəxs “Azadlıq” qəzetinin
əməkdaşı Fikrət Hüseynlini, sentyabrın 30-da isə Azərbaycanın ən nüfuzlu
gündəlik qəzetlərindən birinin redaktoru Eynulla Fətullayevin atası oğurlanıb.
Hesabatda 2005-ci ildə Beynəlxalq Bankın prezidentinin xanımının oğurlanması
hadisəsi və bu işlə bağlı baş verənlər, Hacı Məmmədovun dəstəsinin üzə
çıxarılması ilə bağlı qalmaqala da geniş yer verilir. Ermənistan tərəfindən əsir
saxlanılan, yaxud müharibədə xəbərsiz itkin düşən Azərbaycan vətəndaşlarının
sayı isə hesabatda deyildiyinə görə 4850 nəfərdir. Bu rəqəm Azərbaycan
hökumətinə istinadən verilir.
İşgəncələr
Hesabatda deyilir ki, insan haqları təşkilatları ötən il Azərbaycanda polisin
40-50 məhbusa işgəncə verdiyi haqda faktlara malikdir. Baxmayaraq ki, qanuna
görə işgəncə verilməsi 10 ilədək həbslə cəzalandırılır. Ancaq Azərbaycanda
işğəncələrə görə məsuliyyət daşıyanlara qarşı cəzasıqlıq mühiti hökm sürür.
Siyasi məhbuslar arasında işğəncələrə məruz qalanlar arasında ADP üzvü Natiq
Əfəndiyevin adı qeyd edilib. Hesabatda deyilir ki, 2003-cü il prezident
seçkilərindən sonra müxalifətin nümayişinin qəddarlıqla dağıdılmasında iştirak
etməsinə baxmayaraq Vilayət Eyvazov 2005-ci ildə daxili işlər nazirinin birinci
müavini təyin edilib. Ötən il o, həmin vəzifədə qalıb. Azərbaycan
həbsxanalarında isə vəziyyət insan həyatı üçün təhlükəli olaraq qalır.
Beynəlxalq Qırmızı Xaç Təşkilatının məlumatına görə, il ərzində 53 məhbus
həbsxanalarda vərəmdən ölüb.
İnzibati həbslər də Azərbaycanda insan haqlarının ciddi şəkildə pozulmasına
səbəb olan amillərdən biri olaraq qalır. İl ərzində 105 polisin insan haqlarını
pozduğuna görə cəzalandırıldığı açıqlansa da, hakimiyyət bir çox hallarda belə
hərəkətlərə yol vermiş polislərdən heç birini cinayət məsuliyyətinə cəlb
etməyib. Qanuna görə, polis vətəndaşı məhkəmənin qərarı olmadan 24 saatdan çox
həbsdə saxlaya bilməz. Ancaq qeydə alınan çoxsaylı faktlara görə polis bəzən
vətəndaşı günlərlə heç bir məhkəmə sanksiyası olmadan həbsdə saxlayır. İnzibati
həbslərdən isə müxalifət fəallarına qarşı təzyiq üçün geniş istifadə edilir.
Dövlət Departamenti 2005-ci il parlament seçkiləri ərəfəsində dövlət çevrilişinə
cəhd ittihamı ilə həbs edilən yüksək rütbəli məmurların, o cümlədən keçmiş
səhiyyə naziri Əli İnsanovun və keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin
işinə də geniş yer ayırıb. Bildirilir ki, insan haqları təşkilatları və vəkillər
saxlanılan məmurlardan bir çoxunun səhhətinin ağır olmasına baxmayaraq, onların
tibbi yardım almasına imkan verilmədiyini deyirlər. Bəzi QHT-lər isə keçmiş
məmurların siyasi motivlərlə həbs edildiyini açıqlayıb. Sənəddə deyilir ki,
Azərbaycanda müstəqil məhkəmə sisteminin olmaması ciddi problem olaraq qalır. İl
ərzində siyasi motivli məhkəmə hökmləri ADP üzvü N.Əfəndyevə və Müsavat
partiyasının fəalı Pirəli Orucova qarşı çıxarılıb.
Siyasi məhbus problemi
Hesabatda deyilir ki, yerli QHT-lər ölkədə siyasi məhbus probleminin qaldığını
bildiriblər. Məlumatlara görə, siyasi məhbusların sayı 51-dir. Onların arasında
“Yeni Fikir” gənclər təşkilatının fəalları da var. Bildirilir ki, xarici
müşahidəçilər və insan haqları fəalları onların barəsində aparılan məhkəmə
prosesinin beynəlxalq standartlara cavab vermədiyini, bu şəxslərin siyasi
motivlərlə həbs edildiyini açıqlayıblar.
Söz azadlığı
Hesabatda deyildiyinə görə, ATƏT ötən il Azərbaycanda söz və mətbuat azadlıqları
sahəsində vəziyyətin pisləşməkdə davam etdiyini açıqlayıb. İl ərzində
jurnalistlərə qarşı çoxsaylı fiziki zorakılıqlar, həbslər və böhtan ittihamı ilə
məhkəmə iddiaları qeydə alınıb. Bildirilir ki, il ərzində bir çox aparıcı
müxalifətyönlü qəzetlər tirajlarını azaltmalı olublar. Sənəddə ölkədə yeganə
müstəqil telekanal olan ANS-in bağlanması faktı da əks olunur. “Bizim Yol”
qəzetinin redaktoru Bahəddin Həziyevin oğurlanaraq döyülməsi, naməlum şəxslərin
onun ailə üzvlərini öldürməklə hədələməsi, “Azadlıq” qəzetinin əməkdaşı Mirzə
Sakitin həbsi, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin
nəşrini dayandırmağa məcbur edilməsi kimi faktlar söz və mətbuat azadlıqları
sahəsində vəziyyətin pisləşdiyini göstərən faktlar sırasına daxil edilib.
Hesabatda “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qatillərinin hələ də
tapılmadığı qeyd olunur. Bildirilir ki, Daxili İşlər Nazirliyinin keçmiş yüksək
rütbəli zabiti H.Məmmədov məhkəmə zamanı E.Hüseynovun keçmiş iqtisadi inkişaf
naziri Fərhad Əliyevin sifarişi ilə öldürüldüyünü desə də, insan haqları
fəalları və jurnalistin həmkarları bu etirafa şübhə ilə yanaşıblar.
Qeyd edək ki, hesabatda ən geniş bölmə məhz söz və mətbuat azadlıqlarının
vəziyyətindən bəhs edilir. Ona görə ki, il ərzində bu sahədə daha çox pozuntular
qeydə alınıb.
Dövlət Departamenti qeyd edir ki, Azərbaycanda sərbəst toplaşmaq azadlıqlarına
da əməl edilmir. İl ərzində hakimiyyət siyasi partiyalara yürüş və mitinq
keçirməyi faktiki olaraq qadağan edib. Seçkilərlə bağlı da Azərbaycanda vəziyyət
dəyişməyib. Hesabatda deyildiyinə görə, ATƏT 2005-ci il parlament seçkilərinin
nəticələrinə dair yekun rəyini ötən ilin əvvəlində açıqlayıb. Həmin rəydə
göstərilir ki, seçkilər azad və ədalətli olmayıb. Azərbaycanda keçirilən sonuncu
prezident seçkiləri də hesabatda deyildiyi kimi beynəlxalq standartlardan uzaq
olub və İ.Əliyevin hakimiyyəti formal olaraq atasından təhvil almasına xidmət
edib.
Hesabatda deyilir ki, müxalifət partiyaları ölkənin siyasi həyatında fəal rol
oynamaqda davam ediblər. Bununla belə bir çox müxalifət fəalları hökumətin
siyasi motivli təzqyiqlərinə və inzibati həbslərə məruz qalıblar. Azərbaycanda
əmək hüquqları, uşaqların vəziyyəti, qadın alveri, korrupsiya və şəffaflıq
sahəsində də ciddi problemlər qalır. Praktiki olaraq hesabat BMT-nin
konvensiyası ilə təsbit olunmuş bütün əsas insan haqları və azadlıqları
sahəsində ciddi pozuntuların baş verdiyini göstərir. Hesabata görə, Azərbaycanda
20 minədək erməni yaşayır. Qeyd olunmalıdır ki, Dövlət Departamentinin sənədində
Azərbaycanda insan haqları sahəsində bərbad vəziyyəti əks etdirən faktlar əks
olunsa da, hesabatın dili nisbətən yumşaqdır. Belə ki, mətbuat azadlıqlarının
pozulması, jurnalistlərə qarşı hücumlar, işgəncələr kimi hallarla bağlı sənəddə
faktların ehtiyatlı konstatasiyasına üstünlük verilib. Baxmayaraq ki, bu kimi
faktlara görə siyasi hakimiyyətin birbaşa məsuliyyət daşıdığı şübhə doğurmur.
Ümumiyyətlə, son illər Dövlət Departamentinin dünyada insan haqlarının
vəziyyətinə dair hesabatlarının təsiri də ciddi şəkildə azalıb. Bu, ilk növbədə
indiki ABŞ administrasiyasının siyasətindən qaynaqlanır.
Yeni Müsavat qəzeti, 09 mart 2007-ci il, Siyasət şöbəsi