Bu gün Krım tatarlarının lideri, Ukrayna Parlamentinin üzvü Mustafa Cəmiloğlu Müsavat Partiyasının qonağı olub

Müsavat Partiyasının Başqanı İsa Qəmbər hörmətli qonağı salamlayıb və qeyd edib ki, onun Bakıya hər gəlişi ölkəmizin həyatı üçün mühüm hadisədir. İsa Qəmbər Mustafa Cəmiloğlunun keçdiyi böyük və keşməkeşli həyat yolunu, öz xalqının hüquqlarının bərpası uğrunda apardığı mübarizə tarixini bütün insanlar və nəsillər üçün əsl örnək adlandırıb. Krım tatarlarının və Azərbaycan xalqının eyni dini, etnik və mədəni tellərlə bir-birinə sıx bağlı olduğunu bildirən Müsavat Başqanı deyib ki, bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün hər iki xalqın siyasətçilərinin, ziyalılarının, elm və mədəniyyət xadimlərinin üzərinə böyük və məsuliyyətli yük düşür. “Bundan əlavə Azərbaycan xalqı ilə Krım tatarlarının mehriban münasibətləri bütövlükdə Azərbaycan-Ukrayna münasibətlərinin daha da yaxşılaşması üçün əlavə stimuldur”- deyə İsa Qəmbər bildirib.

Mustafa Cəmiloğlu öz növbəsində səmimi qəbul üçün Müsavat Başqanına minnətdarlıq edib. O, Azərbaycan xalqı ilə Krım tatarlarının mədəni birliyinin daha da möhkəmləndirilməsini hər iki xalqın gələcək inkişafının mühüm təməli hesab etdiyini bildirib. M. Cəmiloğlu deyib ki, biz bütün türk xalqlarının etnik və mədəni qohumluq faktorundan faydalanaraq bu xalqların ümumi inkişafına nail olmaq üçün bütün potensialımızdan istifadə etməliyik. “Bu vəzifələrin öhdəsindən gəlmək üçün bu cür intensiv təmasların da rolu böyükdür”- deyə o əlavə edib.

Görüşdə Mustafa Cəmiloğlu ilə birlikdə Krım tatarları sədrinin müavini, Ukrayna Parlamentinin üzvü Rüfət Çibarov, Ukrayna Parlamentinin deputatı, Muxtar Respublikanın Əmək və Sosial Siyasət Naziri Raed Settarov, eləcə də Müsavat Partiyası Başqanının müavinləri, partiya rəhbərliyinə daxil olan digər şəxslər, millət vəkilləri və ziyalılar iştirak ediblər.

Xatırladaq ki, Krımlı qonaqlar Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin keçirilən forumunda iştirak etmək üçün Bakıya gəlib.

Müsavat Partiyasının mətbuat xidməti, 10 mart 2007-ci il