Müsavat Partiyasının bəyanatı
Keçmiş səhiyyə naziri Əli İnsanov bu günkü məhkəmə prosesində son söz
söyləyərkən bir sıra mühüm faktlar açıqlayıb. Ə. İnsanov deyib ki, 2003-cü ilin
avqustunda mərhum dövlət başçısı Heydər Əliyev koma vəziyyətində olub və o,
İlham Əliyevin baş nazir təyin olunması ilə bağlı sərəncam imzalaya bilməzdi.
Daha sonra Ə. İnsanov deyib ki, qeyri-qanuni olaraq baş nazir postunu ələ
keçirmiş İ. Əliyev sonrakı mərhələdə prezident seçkilərini ciddi səkildə
saxtalaşdırıb.
İ. Əliyevi baş nazir təyin edərkən H. Əliyev koma vəziyyətində olduğuna görə də
belə bir sərəncamın imzalamaq imkanında olmaması barədə fikirlər həmin vaxt və
ondan sonrakı dövrlərdə həm ölkə, həm də xarici mətbuat səhifələrində çox
səslənib. Bununla bağlı hətta müxtəlif araşdırmalar aparmağa da cəhdlər
göstərilib. Lakin rəsmi hakimiyyət orqanları bu fikirləri qulaqardına vurub,
araşdırma aparmaq istəyən insanlara ciddi təzyiqlər göstərərək bunun qarşısını
alıblar. Həmin dövrdə ölkənin səhiyyə naziri işləmiş və H. Əliyevin faktiki
şəxsi həkimi olmuş bir şəxs tərəfindən bu faktların açıqlanması sübut edir ki,
İ. Əliyevin baş nazir təyin olunması barədə verilmiş sərəncam həqiqətən
saxtadır. Yəni, İ. Əliyev hakimiyyəti qeyri-qanuni yollarla ələ keçirib. Bu isə
ölkədə prezident hakimiyyətinin qeyri-legitimliyi haqqında deyilən fikirləri bir
daha təsdiq edir.
Müsavat Partiyası ölkədəki bütün ictimai-siyasi qüvvələri məsələyə ciddi
münasibət göstərməyə çağırır. Biz habelə respublika baş prokurorluğundan fakt
üzrə cinayət işi qaldırılmasını, Milli Məclisdən isə məsələnin hüquqi-siyasi
tərəflərinin ətraflı şəkildə araşdırılması üçün xüsusi parlament komissiyasının
yaradılmasını tələb edirik.
Müsavat Partiyası Mətbuat Xidməti
Bakı, 10.04.2007
