İsa Qəmbər: "QƏLƏBƏ ÜÇÜN TELEVİZİYADA BİR NEÇƏ ÇIXIŞ
BƏS EDİR"
Müsavat Partiyası başqanına görə, nəticələr saxtalaşdırılmasa,
Azərbaycan xalqı yaxşını pisdən ayıra bilir
Ötən həftənin ikinci yarısında Bakıda səfərdə olan Avropa Şurasının "Aqo"
monitorinq qrupu Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklərin vəziyyəti
ilə tanış oldu. Adəti üzrə çox diplomatik və loyal bəyanatlarla yadda qalan bu
səfər zamanı avropalıların yeganə gurultulu tənqidləri media problemləri və
həbsdə olan jurnalistlərlə bağlı oldu. Habelə media problemləri ilə bağlı kəskin
etirazlarını səsləndirmiş Avropa Şurası Parlament Assambleyasının prezidenti
Rene van der Linden də dünən Bakıya səfər etdi. Yeri gəlmişkən, onu da qeyd edək
ki, Azərbaycan 2008-ci ilin yanvar ayına qədər AŞ qarşısında götürdüyü
öhdəlikləri yerinə yetirməlidir. Növbəti ildə Azərbaycanda prezident
seçkilərinin keçiriləcəyini də nəzərə alsaq, ölkənin gərgin siyasi zolağa
keçdiyi aydın olur. Bu baxımdan da baş tutmuş səfərlər və ölkədəki
ictimai-siyasi vəziyyətə Müsavat Partiyası başqanı İsa Qəmbərlə aydınlıq
gətirməyə cəhd etdik.
- Ötən həftə Avropa Şurasının "Aqo" monitorinq qrupu, bu həftə isə qurumun
prezidenti Rene van der Linden Bakıya səfərə gəlib. Sizcə, bütün bu səfərlər
Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə təkan
verəcəkmi?
- Adətən iyul ayında beynəlxalq fəallığın azaldığı bir dövrdə Bakıya səfərlərin
bu qədər intensivləşməsi əslində təsadüfi deyil. Bu, Avropa Şurasının,
ümumiyyətlə, beynəlxalaq təşkilatların Azərbaycandakı vəziyyətdən narahatlıqları
ilə bağlıdır. Yəni həqiqi demokratlar Azərbaycanda demokratiyanın, insan
haqlarının tapdanmasından, söz azadlığı, sərbəst toplaşmaq azadlığı, siyasi
fəaliyyət azadlığının məhdudlaşdırılmasından narahatdırlar. Eyni zamanda, böyük
miqdarda neft pullarının axdığı bir dövrdə Azərbaycanda sosial ədalət
prinsipinin olmaması hesabına ölkədə sabitliyin pozulmasından avropalılar
ehtiyat edirlər. Hesab edirəm ki, bununla bağlı onların narahatlıqları artıb.
Fikrimcə, hər iki heyət - həm "Aqo" monitorinq qrupu, həm də Avropa Şurası
Parlament Assambleyasının prezidenti Azərbaycanın Avropa Şurası qarşısında
üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin zərurətini vurğulamaq
əzmində idilər.
- Amma bir reallıq da var ki, bu gəliş-gedişlərə baxmayaraq, Azərbaycan
hökuməti mövqeyindən geri çəkilmir. Sizcə, AŞ PA-nın yanvar sessiyasına qədər
Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi nə qədər
mümkündür?
- Azərbaycan hakimiyyəti adət edib ki, beynəlxalq təşkilatlar bəyanatlar,
hesabatlar verirlər, sonra da hakimiyyətin davranışına loyal, dözümlü
yanaşırlar. Düşünürəm ki, bu dəfə Azərbaycan hökuməti səhvə yol verə bilər.
Çünki hər şeyin bir həddi, bir sonu var. Artıq söhbət yalnız Azərbaycanın Avropa
dəyərlərinə əməl edib-etməməsindən getmir, Avropa Şurası, ATƏT kimi
təşkilatların öz dəyərlərinə özlərinin münasibətindən, özlərinin özlərinə
hörmətindən söhbət gedir. Çünki hər dəfə bunlar deyəcəklər ki, Avropa Şurasına
üzv olan ölkədə siyasi məhbus ola bilməz, Avropa Şurasına üzv olan ölkədə
mətbuata bu qədər basqılar ola bilməz və sairə. Axırda sual yaranır ki, bəs bu
nə zamana qədər davam edəcək? Odur ki, fikrimcə, 2008-ci ilin yanvar
sessiyasında Azərbaycan hakimiyyəti, o zamana qədər hər hansı ciddi addımlar
atmazsa, çox böyük çətinliklərlə üz-üzə qalacaq. Mən belə düşünürəm.
- 2008-ci il prezident seçkiləri ilidir. Buna görə də Seçki Məcəlləsinə
dəyişikliklər, habelə müxalifət partiyalarının birgə mübarizəsinin təşkili də
gündəmdədir. Bu istiqamətdə işlər nə yerdədir?
- Dediyiniz məsələlər üzrə də proses gedir. Ən önəmlisi də odur ki, seçki
anlayışının özü qəbul olunsun. Yəni iqtidar dərk etsin ki, seçki yolu ilə onlar
hakimiyyətdən gedə, başqa qüvvələr hakimiyyətə gələ bilər. Cəmiyyət də qəbul
etməlidir ki, Azərbaycanda seçki yolu ilə hakimiyyət dəyişilə bilər. Yəni bu
məqam qəbul olunmalıdır. Qalan məsələlərin hamısı siyasi iradə zəminində çözülə
bilən məsələlərdir.
- Yadımdadır, ötən seçkilərdə də siz bəyan etmişdiniz ki, ən mürtəce seçki
qanunu ilə belə qələbə əldə etmək mümkündür, sadəcə, hakimiyyətin demokratik
seçki keçirmək üçün siyasi iradəsi olmalıdır...
- Təbii ki, mən bu gün də həmin fikrimdə qalıram. Mən əminəm və bilirəm ki, o
seçkilərdə olduğu kimi, yenə də qarşıdan gələn seçkilərdə Müsavat Partiyası,
digər həqiqi demokratik qüvvələr seçicilərin səslərinin əksəriyyətini qazana
bilərlər. Biz artıq bunu dəfələrlə sübut etmişik. Problem səslərin düzgün
sayılmasında, seçicilərin, xalqın iradəsinin gerçəkləşməsindədir. Biz buna
çalışmalıyıq və bizim fəaliyyətimiz də məhz bu istiqamətdədir.
- Amma bir məsələ də var ki, seçkilərin taleyini pul həll edir. Müxalifətdə
pul yoxdur, ona aksiyalar keçirməyə imkan verilmir, müxalifət partiyalarının
qərargahları şəhərdən kənara atılıb və s.. Bu vəziyyətdə müxalifətin 2008-ci
ildə prezident postu uğrunda mübarizəsi nə qədər effektli olacaq?
- İdrak bəy, pul çox şeyi həll edə bilər, amma hər şeyi həll edə bilməz.
Əgər bütün seçkilərin taleyini pul həll edə bilsəydi, dünyanın məşhur dövlətli,
varlı adamları prezident olardılar. Misal üçün Rokfellerlər, Fordlar, tutaq ki,
Bill Geyts hakimiyyətdə olardı. Xodorkovski və ya Abramoviç bu gün Rusiyanın
prezidenti olardı. Yəni pul hər şeyi həll etmir. Hesab edirəm ki, insanların
iradəsi, insanların düzgün yolda olması və düzgün çalışmaları daha çox
önəmlidir.
- Siyasi liderlər ən azı sözlərini insanlara çatdırmalıdırlar. Hər kəsin
siyasi cəhətdən savadlı olmadığı bəllidir. Amma başqa bir problem də var ki, siz
əhaliyə sözünüzü də demək imkanında deyilsiniz...
- Siz haqlısınız ki, bizim sözümüzü xalqa çatdırmaq imkanlarımız çox məhduddur.
Televiziyalara müxalifət buraxılmır. Mitinqlərə, xalqla görüşlərə problemlər
yaradılır. Bunlar həqiqətdir. Ancaq bəzi məqamlar var ki, bunlar bizə gələcəyə
inamla baxmağa imkan verir. Əvvəla, Azərbaycan seçicisinin, Azərbaycan xalqının
böyük əksəriyyəti kimin kim olduğunu gözəl tanıyır. Ona görə də seçkilər
ərəfəsində bir neçə televiziya çıxışı kifayət edir ki, xalq hər bir siyasətçiyə,
hər bir siyasi qüvvəyə qiymət versin. Xalqa yuxarıdan aşağı baxan insanların
özləri çox böyük yanlışlığa, səhvə yol verirlər. Mən dəfələrlə demişəm, yenə də
təkrar edirəm ki, bizim xalqımız hər şeyi bilir, hər şeyi görür, hər şeyə qiymət
verməyə qadirdir.
- İşğal altında olan ərazilərə səfirlərin təşəbbüsü ilə ziyalıların səfərinə
necə baxırsınız? Sizcə, əslində bu səfərin mahiyyəti nə idi?
- Müsavat Partiyası Məclisində qəbul edilmiş bəyanat bu suala tam və dolğun
cavabdır. İyunun 30-da partiyamızın Məclisi keçirilib və bəyanat qəbul olunub.
Qısaca olaraq onu deyim ki, bu səfər Əliyevlər rejiminin son dövrlərdə çox
sərtləşmiş ritorikasına uyğun gəlmirdi. Yəni bu qədər sərt bəyanatlar və belə
bir səfər bir-biri ilə uzlaşmır.
Məsələnin digər tərəfinə gəldikdə isə, biz hesab edirik ki, bu səfər separatçı
Dağlıq Qarabağ rejimini tanımağa yönələn bir addım kimi dəyərləndirilə bilər.
Buna görə də səfər belə bir saxta və separatçı bir rejimi beynəlxalq təcriddən
çıxarmağa yönələn bir addım kimi də qiymətləndirilə bilər. Çünki sabah hər hansı
bir xarici deputat, tutaq ki, baronessa Koks və ya bir başqası, iş adamı
Xankəndinə gedib həmin o saxta rejimin rəhbərləri ilə görüşəndə artıq Azərbaycan
Xarici İşlər Nazirliyi deyə bilməz ki, "siz niyə gedib həmin adamlarla
görüşmüsünüz". Deyəcəklər ki, axı sizin öz nümayəndələriniz, öz səfiriniz gedib
onlarla görüşüb. Yəni bu baxımdan hesab edirik ki, bu səfər Azərbaycan
hakimiyyət dairələrinin son illərdə ortaya qoyduğu mövqeyə zidd bir addım idi.
Bu baxımdan çıxan nəticə ondan ibarət idi ki, Azərbaycan hökuməti öz mövqeyini
açıqladı. Yəni Mövlana Cəlaləddin Ruminin təbirincə desək, "ya olduğun kimi
görün, ya göründüyün kimi ol".
Yəni bu səfəri tənqid etmək, iradlar bildirmək olar, ancaq səfərdə iştirak edən
bizim tanınmış ictimai nümayəndələrimiz - Polad Bülbüloğlunu, Fərhad
Bədəlbəylini, Kamal Abdullanı, Azərpaşa Nemətovu və biznesmen İlhami bəyi
aşağılamağa, bu adamları təhqir etməyə heç bir əsas yoxdur. Onların əksəriyyəti
ilə şəxsən tanışam və hesab edirəm ki, onların hamısı Azərbaycan xalqını,
torpağımızı da hamımız kimi və bəlkə də çoxlarımızdan da artıq sevən
insanlardır. Fikrimcə, onların vətənpərvərliyinə şübhə etməyə heç kimin əsası
yoxdur. Ona görə də bu mövzu ətrafında aparılan müzakirələr ölçülüb-biçilmiş və
məsuliyyətli bir diskussiya olmalıdır.
İ.ABBASOV, "Ayna" qəzeti, ç.a. , 10 İyul, 2007
http://www.ayna.az/rubric.php?id=20312