Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti yığıncağı keçirilib. Gündəlik
qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair
məsələlərdən ibarət olub.
Partiyadaxili məsələdə rayon təşkilatlarının fəaliyyəti haqda müzakirələrə
başlanıb. Gülağa Aslanlının Yasamal RT haqqında təqdim etdiyi məlumat dinlənilib
və nəzərə alınıb.
Daha sonra 1918-ci il 15 sentyabr tarixində Bakının işğaldan azad olunmasının
ildönümü ilə bağlı keçiriləcək tədbirlər müzakirə edilib. Bununla bağlı
sentyabrın 14-də saat 11.00-da Şəhidlər Xiyabanında Türk əsgərlərinin şərəfinə
ucaldılmış abidənin ziyarət edilməsi, saat 12.00-da isə partiya qərargahında
Müsavat rəhbərliyinin, ziyalıların və tarixçilərin iştirakı ilə geniş tədbir
keçirilməsi qərara alınıb.
Toplantıda son vaxtlar ölkədəki bir sıra siyasi qüvvələrin proporsional seçki
sisteminin bərpası və dövlət idarəçiliyinə dair islahatların həyata keçirilməsi
istiqamətində təşəbbüsləri də müzakirə olunub. Qeyd edilib ki, bu məsələlər
Partiya Məclisinin iyun ayında keçirilən sonuncu toplantısında partiyanın
fəaliyyətinin prioritet istiqaməti kimi müəyyənləşdirilib və Müsavat
Partiyasının bu istiqamətdə keçiriləcək müzakirələrdə yaxından iştirakı
məqsədəuyğun hesab edilib. Sonra 2008-ci ildə keçiriləcək Prezident seçkilərinə
hazırlıqla bağlı ilkin müzakirələr başlayıb.
Yığıncaqda İranda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaq üçün
oktyabrın 1-də keçiriləcək aksiyasına mənəvi dəstək ifadə olunub. Bundan əlavə
İraq-Türkmən cəbhəsinin rəhbərlərinin Bakıya səfəri və bu səfər çərçivəsində
onların partiya rəhbərliyi ilə görüşlərində qaldırdıqları problemlərlə bağlı
müzakirələr aparılıb. Qərara alınıb ki, həm ölkə, həm də dünya ictimaiyyətinin
İraq türkmənlərinin problemlərinə diqqətini cəlb etmək üçün partiya xüsusi
bəyanatla çıxış etsin.
Partiyanın Divanı Mübarək Ramazan ayının gəlişi münasibəti ilə Azərbaycan
xalqını təbrik edib və arzularının, niyyətlərinin həyata keçməsini arzulayıb.
Yığıncağın sonunda cari məsələlərə baxılıb.
isagambar.az, Bakı, 10 sentyabr 2007-ci il