Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti yığıncağı keçirilib. Gündəlikdə partiyadaxili, ictimai-siyasi və cari məsələlər müzakirə edilib. Qərara alınıb ki, Müsavat Partiyası Məclisinin növbəti toplantısı 30 iyun 2007-ci il tarixdə keçirilsin.

Divan Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən jurnalistlərin iyunun 12-nə təyin etdikləri yürüş-mitinqə nəzərdə tutulan marşrut üzrə icazə verilməməsini kəskin pisləyib. Qeyd olunub ki, ölkədə sərbəst toplaşmaq azadlığı təmin olunmur və Müsavat Partiyasının 27 may 2007-ci il tarixinə təyin etdiyi bahalaşma əleyhinə yürüş-mitinqin də nəzərdə tutulmuş vaxtda keçirilməsinə eyni qaydada icazə verilməmişdir. Divan bildirir ki, bu, hakimiyyətin kütləvi tədbirlərdən çəkindiyini bir daha sübut edir.

“Böyük səkkizlər”in sammitində Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Qəbələ RLS-i ABŞ-la birgə istifadə etmək təklifi də müzakirə edilən məsələlər arasında olub. Divanın mövqeyinə görə, Azərbaycanın maraqlarına ən uyğun gələn variant Qəbələ RLS-in ləğv olunmasıdır. Əgər Qəbələ RLS-in Rusiya və ABŞ-ın birgə istifadəsinə verilməsi haqqında danışıqlar gedəcəksə, bu danışıqlarda RLS-in sahibi kimi tərəflərdən biri Azərbaycan olmalıdır. Bu məsələ Azərbaycanın təhlükəsizliyinin təmin olunması, ekoloji, siyasi, iqtisadi və digər maraqlarının nəzərə alınması şərti ilə müzakirə olunmalıdır.
Sonda cari məsələlərə baxılıb.

Axırda cari məsələlərə baxılıb.

isagambar.az, Bakı, 11 iyun 2007-ci il