MÜSAVAT MƏCLİSİNƏ BOŞ QALAN YERLƏRƏ
SEÇKİLƏR KEÇİRİLƏCƏK
Divanın dünənki toplantısında bununla bağlı qərar verilib
Dünən Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Toplantıda
qərarların icrası, ictimai-siyasi vəziyyət və partiyanın vəzifələri ilə bağlı
məsələlər müzakirə olunub. Divanda həmçinin Sumqayıt şəhərində “Azərkimya”
Dövlət Şirkətinə məxsus 4 iri müəssisənin bağlanması nəticəsində 10 minədək
insanın işsiz qalması da müzakirə olunub.
Divan hesab edir ki, bu qədər adamın iş yerini itirməsi yeni iş yerlərinin
yaradılması haqqında vaxtaşırı cəmiyyətə yalan məlumatlar ötürən iqtidarın
apardığı səriştəsiz və xalqazidd iqtisadi siyasətinin nəticəsidir.
Divanda həmçinin partiya Məclisinin növbəti sessiyasının martın 31-də
keçirilməsi haqqında qərar qəbul edilib. Məclisin sessiyasının gündəliyinin
layihəsi təsdiq edilib. Bu sessiyada Məclisdəki boş yerlərə seçkilər keçirilməsi
nəzərdə tutulub. İddiaçılar 14 martdan başlayaraq 27 mart saat 18:00-dək
ərizələrini Məclisin rəhbərliyinə təqdim edə bilərlər.
Bakıda keçirilmiş Türkiyə-Azərbaycan diaspor liderlərinin forumu da müzakirə
olunan məsələlər sırasında olub. Divan belə bir tədbirin keçirilməsini təqdir
etsə də, foruma dəvətlərin siyasi konyuktura əsasında aparılmasına, müxalifət
nümayəndələrinin ora dəvət olunmamasına etirazını bildirib. Eyni zamanda forumda
Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının tapdanmasına prinsipial
qiymət verilməməsi də təəssüflə qarşılanıb.
XATİRƏ, "Yeni Müsavat" qəzeti, 13.03.2007