“İlham Əliyevə qarşı cinayət işi açılmalıdır”
![]() |
![]() |
![]() |
İsa Qəmbər: “O, xalqdan üzr istəyib istefa verməlidir”
Bu gün Müsavat partiyasının başqanı İsa Qəmbər mətbuat konfransı keçirdi. Əsasən
sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmədəki son söz çıxışına münasibət
bildirən başqan cəmiyyəti maraqlandıran digər məsələlərlə bağlı da danışdı.
İ.Qəmbər öncə sabiq nazirin “Heydər Əliyev 2003-cü ilin avqustunda koma
vəziyyətində olduğu üçün İlham Əliyevin baş nazir təyin olunması ilə bağlı
sənədə imza ata bilməzdi” açıqlamasına toxundu. Onun sözlərinə görə, bu açıqlama
nəticəsində İ.Əliyevin baş nazir vəzifəsinə gəlməsi və sonra da hakimiyyətə
yiyələnməsini dövlət çevrilişi kimi qiymətləndirmək lazımdır. “Dövlət çevrilişi
ilə bağlı İlham Əliyevə qarşı cinayət işi açılmalıdır” deyən Müsavat başqanı
həmçinin Ə.İnsanovun 2003-cü il seçkiləri ərəfəsində seçki komissiyalarına
paylanması üçün nazirlərdən, nazirliklərdən rüşvət yığılması açıqlamasına da
münasibət bildirdi: “Əli İnsanov özünün də bu prosesdə iştirakına görə
təəssüfünü bildirdi. Onun məhkəmənin gedişində çox maraqlı açıqlamaları,
bəyanatları olub. Amma hesab edirəm ki, bu, ən sensasion, ən önəmli, ən ciddi
açıqlamalardır. Onun bildirdiklərini biz hələ o zaman demişik, sizin də
çoxlarınız öz qəzetlərinizdə yazmısınız. Ancaq yadınızdadırsa, biz o zaman bunu
deyəndə hakimiyyət nümayəndələri təkzib verməyə çalışır, gülünc açıqlamalarla
çıxış edirdilər. Az qala Heydər Əliyevin idmanla məşğul olması və sair barədə
utandırıcı yalanlar yazırdılar. Hətta özlərinə də hörmət gətirməyən, Heydər
Əliyevin də özünə yaraşmayan şəkildə yalanlar yağdırırdılar. Həmin mərhələdə
İlham Əliyev və bu rejim dövlət çevrilişini zorakılıqla tamamladı.
Yadınızdadırsa, həmin seçkilərdə necə total saxtakarlıqlar oldu. Sonra da öz
hüquqlarını müdafiə edən insanlara qarşı nə qədər vəhşiliklə cinayətlər,
repressiyalar törədildi.”
İ.Qəmbər bildirdi ki, H.Əliyevin şəxsi həkimi olmuş bir şəxsin bu cür
açıqlamalar verməsi ciddi nəticələrə səbəb olmalıdır. Onun sözlərinə görə,
İ.Əliyev hakimiyyətə saxta yolla yiyələndiyi üçün xalqdan üzr istəyib istefa
verməlidir. İsa bəy hesab edir ki, əgər dövlət başçısının buna cəsarəti
çatmırsa, prokurorluq fakt üzrə cinayət işi açmalıdır: “Parlamentdə deputatlar
qalxıb müstəqil deputat komissiyasının yaradılmasını tələb etməlidirlər. Yəqin
bilirsiniz ki, İlham Əliyevin istefa verməyə, prokurorluğun da bu fakt üzrə
cinayət işi açmağa cəsarəti çatmayacaq. Halbuki bu, onların bilavasitə vəzifə
borcudur. Çünki dövləti bir cinayət haqqında rəsmi ifadə verilib. Ortada rəsmi
şahid ifadəsi var. Parlament çoxluğunun müstəqil deputat komissiyası yaratmağa
da cəsarəti çatmayacaq. Təbii ki, bizim deputat qrupu bu məsələni parlamentdə
qaldıracaq. Və bu məsələ gündəmə gələcək.”
İsa bəy həmçinin telekanalların Ə.İnsanovun məlum çıxışını yayımlamamasına da
toxundu. Onun sözlərinə görə, televiziyaların bu həqiqəti gizlətməyə çalışması
hakimiyyətin bu həqiqətdən qorxmasının göstəricisi, əlamətidir. Başqan bu
məsələnin belə sakitliklə ötüb keçməsinə yol vermək niyyətində olmadıqlarını
vurğuladı. “Biz hər bir Azərbaycan vətəndaşını öz üzərinə düşən işi görməyə
çağırırıq” deyən İ.Qəmbərin sözlərinə görə, siyasi partiyalar bu həqiqətləri
bütövlükdə xalqa və bütün dünyaya çatdırmaqla məşğul olmalıdır: “Hesab edirəm
ki, partiyalar bir araya gələrək, ümumi bir mitinq komitəsi yaradaraq, məhz
2003-cü ilin avqustunda hakimiyyətin qəsb edilməsi, dövlət çevrilişinin həyata
keçirilməsi ilə bağlı birgə etiraz aksiyalarına, mitinqlərə başlamalıdırlar. Mən
istəyərdim ki, bu, təkcə Müsavatın təşəbbüsü olmasın, ümumi bir mitinq komitəsi
yaradılsın. Burda da bütün özünə hörmət edən siyasi zümrələrin təmsilçiləri
iştirak etsinlər, tədbirlər birgə təşkil olunsun. Müsavat partiyası olaraq hesab
edirik ki, məsələnin araşdırılması üçün İctimai Komissiya yaradılmalıdır. Əgər
müstəqil deputat araşdırma komitəsinin yaradılması bizdən yox, hakimiyyətdən,
rejimdən asılıdırsa, axı İctimai Komissiyanın yaradılması vətəndaş
cəmiyyətindən, vətəndaş cəmiyyətinin strukturlarından asılıdır?! Ölkənin aparıcı
ictimai-siyasi qüvvələri, QHT-lər, aparıcı media strukturları, önəmli insanlar
bir araya gələrək, ciddi bir ictimai araşdırma komissiyaları yaratmalıdırlar.
Nəticədə bu məsələ ilə bağlı bütün həqiqətlərin axıracan araşdırılmasına və
bunun təsirli bir hadisəyə çevrilməsinə, məqsədinə gəlib çatmasına
çalışmalıdırlar.”
Müsavat başqanı bu olayın araşdırılması üçün beynəlxalq birliklərə, beynəlxalq
təşkilatlara da müraciət ediləcəyini dedi. Xüsusən Amerika, Rusiya, İngiltərə
ictimaiyyətinə müraciət ediləcəyinə toxunan İsa bəy 2003-cü ilin avqustundakı
əməliyyatda bu və ya başqa formada müxtəlif dövlətlərin strukturlarının iştirak
etdiyini xatırlatdı: “O zaman çox ciddi mənbələrdən verilən məlumatlara əsasən
bilinirdi ki, 2003-cü ilin iyulun 31-də Heydər Əliyev beyin ölümü keçirib. Bu
beyin ölümü faktiki olaraq, şəxsiyyətin bitməsi, dünyasını dəyişməsi deməkdir.
Bu, koma deyil. Komada olan adam ya tibbin səviyyəsi, ya da Allahın lütfü
nəticəsində müəyyən müddətdən sonra bərpa oluna bilər. Amma beyin ölümü keçirmiş
insanın bərpa olunması mümkün deyil. Beyin ölümü faktiki ölüm deməkdir. Həmin
dövrdə Heydər Əliyev Türkiyənin Gülhanə hospitalında idi. İlham Əliyevin baş
nazir təyin edilməsi ilə bağlı saxta qərarlardan sonra Heydər Əliyev guya
Amerikanın Klivlend şəhərindəki klinikaya aparıldı. Bu aparılma əməliyyatı
Rusiyanın Fövqəladə Hallar Nazirliyinə məxsus olan təyyarəsi ilə həyata
keçirildi. Əslində bu da simvolik bir hadisə idi. Guya Türkiyənin və ya
Amerikanın təyyarəsi yox idimi ki, bu əməliyyatı həyata keçirsinlər? Bu, Rusiya
Fövqəladə Hallar Nazirliyinin təyyarəsini istifadə etməklə Heydər Əliyevin
ölümünün Azərbaycan xalqından və ictimaiyyətindən gizlədilməsində Rusiyanın da
iştirak etməsinin bir simvolu, mesajı idi.”
İsa bəy məhz bu səbəbdən amerika, rus, türk xalqına müraciət edərək onlara “öz
hakimiyyət strukturlarınızın 2003-cü ilin avqustunda bu mövqeni tutmasına nə cür
baxırsınız” sualını ünvanlayacaqlarını bildirdi. Onun sözlərinə görə, əslində
demokratik ölkələrin bəzilərində 20, bəzilərində isə 40-50 il sonra arxivlər
açılaraq bütün sənədlər üzə çıxır: “Nə zamansa bu məsələlərdə də arxivlər
açılacaq və 2003-cü ilin avqustunda Heydər Əliyevin beyin ölümü yaşadıqdan sonra
həyata keçirilmiş o əməliyyat barədə bütün informasiya, həqiqətlər rəsmən, arxiv
sənədləri ilə üzə çıxacaq. Biz hesab edirik ki, bu ölkələrin ictimaiyyətləri öz
hakimiyyətlərindən bunu tələb etməlidirlər. Azərbaycan xalqı bu həqiqətləri
artıq rəsmən, sənədlərə əsasən öyrənmək, araşdırmaq və ona qiymət vermək ikanına
malik olmalıdır. Biz bütün bu istiqamətlərdə fəaliyyət göstərəcəyik.”
Müsavat başqanı indiki halda, hakimiyyətin Əli İnsanovun həyatına və
sağlamlığına görə bilavasitə məsuliyyət daşıdığını bildirdi. Onun sözlərinə
görə, həddindən artıq önəmli bir şahid ifadəsi verən bu adamın həyatı
qorunmalıdır. İsa bəy dedi ki, sabiq nazir məhkəmə boyunca ancaq bir günahını -
2003-cü ildə seçki komissiyalarına verilməsi üçün nazirlərdən rüşvət
toplanmasında iştirak etdiyini boynuna alıb. Müsavat partiyası olaraq
nazirlərdən, nazirliklərdən rüşvət yığılaraq seçkilərin saxtalaşdırılması
prosesinin araşdırılmasını tələb edəcəklərini deyən İ.Qəmbər bu məsələdə bütün
siyasi qüvvələrin birgə fəaliyyət göstərməsinin vacibliyini vurğuladı: “Müsavat
partiyası yüz ilin partiyasıdır. Bu partiya yalnız hakimiyyət uğrunda mübarizədə
iştirak etmək üçün yaranmayıb. Xalqın bağrından qopmuş Müsavat bu xalqa, onun
tarixinə, gələcəyinə görə məsuliyyət daşıyır. Ona görə də Müsavat partiyası daim
bu məsələni diqqətdə saxlayacaq. Bu məsələnin tam şəkildə araşdırılması,
həqiqətlərin rəsmi şəkldə bəyan edilməsi, onların hüquqi, rəsmi nəticələrinin
baş verməsi üçün lazım olan hər şeyi edəcəyik.”
Daha sonra jurnalistlərin suallarını cavablandıran İ.Qəmbər 2003-cü ildə
İ.Əliyevin baş nazir təyin olunmasını alqışlayan bəzi xarici dövlətlərin
Ə.İnsanovun açıqlaması ilə bağlı ünvanlanacaq bəyanata adekvat münasibət
göstərməyəcəyi ehtimalına toxundu. Onun sözlərinə görə, xarici dövlətlərin necə
qərar verəcəyi onların öz xalqları qarşısındakı məsuliyyətidir: “Onsuz da bu
məsələlər əvvəl-axır açılacaq. Onun gizlin qalması mümkün deyil. Amma bunun tam
rəsmi şəkildə sənədləşdirilməsinə və bundan irəli gələn siyasi-hüquqi addımların
atılmasına ehtiyac var. Mən inanıram ki, bu, baş verəcək.”
İsa bəy onu bildirdi ki, veriləcək reaksiyadan asılı olmayaraq, onların bu
müraciəti arxiv sənədlərinə keçəcək. Müsavat başqanı Ə.İnsanovun bu çıxışından
dərhal sonra srağagün bəyanat verərək, prokurorluğun cinayət işi açmasını və
deputat araşdırma komissiyasının yaradılmasını tələb etdiklərii xatırlatdı. Onun
sözlərinə görə, Müsavat Divanının srağagünkü növbədənkənar iclasında da bu
məsələlər ətraflı müzakirə olunaraq müvafiq qərarlar qəbul edildi: “Partiyada da
İşçi Qrup yaratmışıq. Bu qrup dediyimiz məsələlərin rəsmiləşdirilməsi, müvafiq
müraciətlərin hazıranması, təkliflərin bütün istiqamətlərə çatdırılması işi ilə
məşğul olacaq. Dediyim kimi, bu məsələ daim bizim diqqətimizdə olacaq. Biz
zaman-zaman atdığımız addımlar, onların nəticələri ilə bağlı media və
ictimaiyyəti məlumatlandıracağıq.”
İ.Qəmbər bu məsələlərlə bağlı müxalifətin birgə aksiyalar keçirmə perspektivinə
də toxundu. “Kütləvi etiraz aksiyaları bir partiyanın işi deyil” deyən başqanın
sözlərinə görə, partiya bunu təkbaşına da keçirə bilər. Amma İsa bəy burada
söhbətin ölkənin, xalqın, taleyindən getdiyini vurğuladı. O, siyasətlə məşğul
olan hər bir qüvvənin buna görə məsuliyyət daşıdığını dedi: “İddiamız budur ki,
mitinq komitəsi yaransın, burada bütün siyasi qüvvələr bərabər əsaslarla təmsil
olunsunlar. Deyilməsin ki, bu ideya, təklif Müsavat partiyasına aiddir. Başqa
bir adam durub desin ki, bizim partiyanın qərargahında yığışaq və mitinq
komitəsini yaradaq, etiraz aksiyalarına başlayaq. Bizə cəmiyyətdəki bütün
elementlərin öz funksiyasını yerinə yetirməsi lazımdır. Təklifimiz də budur”.
Başqan daha sonra deputat Həvva Məmmədovanın “Gündəlik Azərbaycan” qəzetinin baş
redaktoru Eynulla Fətullayevə ölüm hökmü verilməsi tələbinə də münasibət
bildirdi. Bu açıqlamanın onu çox təəccübləndirdiyini deyən İ.Qəmbər 95-ci ildə
bu rejimin ədliyyə naziri olan bir xanımın da “demokratiyanı beşiyindəcə boğmaq
lazımdır” açıqlamasını yada saldı: “Mən düşünürdüm ki, bu adamlar heç olmasa, nə
cür danışmağı öyrəniblər. Amma son hadisələr onu göstərir ki, bu adamar heç bu
bacarığa da yiyələnə bilməyiblər. Bu tələb mənəvi, hüquqi, siyasi baxıdan
absurddur. Burda söhbət müstəqil bir qəzeti, cəsarətli bir jurnalisti
susdurmaqlan, sıradan çıxaraqdan gedir. Məsələ qaldırırlar ki, guya Eynulla
Fətullayev Xocalı faciəsində azərbaycanlıların günahı olduğunu deyib və buna
görə xalq düşmənidir. Əvvəla, Eynulla Fətullayev belə bir söz demədiyini
bildirir. Digər tərəfdən, guya 93-cü ildən bu yana indiki rejim təbliğat
aparmırmı ki, Xocalı faciəsində azərbaycanlılar günahkardır?! Gah Ayaz
Mütəllibovu, gah Fəhmin Hacıyevi, gah başqa şəxsləri Xocalı faciəsində ittiham
edən bu rejim deyildimi?”
İsa bəy onu da xatırlatdı ki, hakimiyyət hər il 26 fevral ərəfəsində “gözünə pis
görünən” müxalifət qüvvələrini Xocalı faciəsində ittiham edərək, televiziya
vasitəsilə antitəbliğat kampaniyası aparır. “Necə olur ki, bu rejim saxta
ittihamları söyləyəndə heç kim onu qınamır” deyə sual edən İ.Qəmbərin fikrincə,
bu, azad sözə qarşı yönəlmiş fəaliyyətdir: “Mən xüsusən xanımları tənqid etməyi
xoşlamıram. Amma xanımlar da öz hərəkətlərində diqqətli olsalar, yaxşı olar.”
AŞPA-ya gedib getməyəcəyi ilə bağlı sualı cavablandiran Müsavat başqanı dedi:
“Bir çox amillərdən asılıdır ancaq maliyə ilə bağlı deyil. Maliyyə problemləri
hər zaman olub indi də qalmaqdıdır. AŞPA-ya getmək fikrim olsa maliyyəsini həll
etmək mümkündür. Tərəddüd edirəm. Ola bilər ki, bu gün ya sabah qərar verəcəm.
Dəvət edən şəxsə fikrimi bildirəcəm. Ola bilər ki getməyim. Çünki mən
araşdırıram situasiya o qədər də maraqlı görünmür. Yəni 16-dan 20 nə qədər
sessiya keçiriləcək. Azərbaycanın məsələsinə sessiyanın ilk günündə baxılacaq.
Deputat olmayan AŞPA-nüun nümayəndəsi olmayan şəxslərin çıxış etmək
səlahiyyətləri yoxdur. Deməli Bizim işimiz orada AŞPA-nın rəhbərlityi
komitələrçlə fraksiyalarla görüşlər keçirmək olacaq. Bu da əsasən 16-dan sonrakı
dövrə təsadüf edəcək. Belə çıxır ki, Azərbaycanın öhdəlikləri ilə bağlı məsələ
müzakirə edilib qərar qəbul olunacaq ondan sonra fikirlərimiz səsləndiriləcək.
Bu baxımdan getməyə tərəddüd edirəm. Digər tərəfdən də bu dəfə alahha şüküur
Azərbaycan nümayəndə heyyəti güclü görsənir. Tanınan hüquq müdafiəstləri AŞPA-ya
getmək fikrindədirlər. Hesab edirəm ki, demokuratik düşərgədən Azərbaycanın
kifayət qədər güclü nümayəndə heyəti olacaq. Aramızda belə məsələhətləşmə olub
ki, vahidl sənəd hazırlansın. Bu sənəd sessiya dəvət olunan şəxslər tərəfindən
imzalansın ki, birgə mövqeyimiz kimi təqdim edilsin. Proses gedir sənədlər
hazırlanır. Sənəd bütün iştirakçılara təqdim ediləcək.”
Müsavat Rəsul Quliyevin ADP-sinə yer verə bilərmi sualina isa bu cür
cavablandırdı: Müsavat Partiyasının başqanı İsa Qəmbər dünən keçirdiyi mətbuat
konfransında Rəsul Quliyevin ADP-sinin qarşılaşdığı problemlə bağlı fikir
bildirib. ADP-nin qurultaylarını keçirməsi üçün yer probleminin olduğundan
təəsüfləndiyini deyən İsa Qəmbər Akif Şahbazovun ona müraciət etdiyini qeyd
etdi: “Akif bəy bildirdi ki, hakimiyyət onlara yer vermir, ola bilər ki,
ümumiyyətlə yer tapa bilməsinlər. Bizdən xahiş etdilər ki, ayın 14 də Müsavatın
iclas zalını onların ixtiyarına verək. Prinsip etibarilə biz ADP-nin işlərinə
qarışmaq istəmirik və tərəf olmaq niyyətində deyilik. Eyni zamanda hakimiyyət
hansısa qüvvəyə tədbirini keçirməyə yer vermirsə, biz də iqtidarın mövqeyindən
çıxış edə bilmərik. Ona görə də Akif bəyə bildirdik ki, başqa yer tapmasalar
qurultaylarını bizim qərargahda keçirə bilərlər. Ancaq bu bizim ADP məsələsində
tərəf olmağımız kimi qiymətləndirilməməlidir. Düzdür, onların qərargahlarında
geniş iclas zalı var, ancaq sabah Sərdar Cəlaloğlu tərəfə də yer verilməsə
onlara da şərait yarada bilərik”.
Sevinc TELMANQIZI