“Vəziyyətin dəyişməsinə nail olacağıq”
İsa Qəmbər: “Xalqın üzərində bu cür oyunlar qurmaq olmaz”
Keçmiş səhiyyə naziri Əli İnsanovun son sözü ictimaiyyəti silkələdi. Onun
hakimiyyətin cinayətləri barədə məlum sensasion açıqlamaları iqtidar daxilində
də təşviş yaradıb. Hakimiyyət bu məlumatları təkzib edən heç bir dəlil-sübut
ortaya qoymadan, Ə.İnsanovu söyməklə məşğuldur. Təsəvvür edin; İnsanov heç kimin
şəxsiyyətinə toxunmadan İlham Əliyevin 2003-cü ildə baş nazir təyin olunması
barədə sənədə ağır koma vəziyyətində olması səbəbindən Heydər Əliyevin imza
atmadığını dedi. İqtidar ona yalnız söyüş və təhqirlərlə cavab verməklə, sabiq
nazirin açılamalarının həqiqət olduğunu büruzə vermiş oldu.
Hər halda, bu, çox ciddi faktdır. Hakimiyyətdə mühüm post tutmuş və söz sahibi
olmuş Ə.İnsanovun məlum açıqlaması iqtidar üçün hansı problemlər yarada bilər?
Və bu, müxalifət üçün nə dərəcədə faydalıdır?
Bu barədə suallarımızı cavablandıran Müsavat başqanı İsa Qəmbər bildirdi ki,
burada söhbət məlum etirafların hakimiyyətə və müxalifətə nə verəcəyindən
getmir: “Söhbət ondan gedir ki, 2003-cü ildə hakimiyyət yenidən qəsb edilib.
Heydər Əliyev 1993-cü ildə qiyam nəticəsində hakimiyyəti qəsb etdi və 10 il
hakimiyyətdə oldu. 10 illik rejim inzibati imkanlarına baxmayaraq, hakimiyyəti
Heydər Əliyevin oğluna ötürmək üçün bu cinayətlərə getməyə də məcbur oldu.
2003-cü ildə təkcə vətəndaşların səslərini yox, hətta Heydər Əliyevin özünün
imzasını saxtalaşdırmaq şəklində cinayətlər törədilib. Ona görə də bu məsələdə
söhbət müxalifətdən, yaxud hakimiyyətdən getmir. Söhbət ondan gedir ki, xalqın
üzərində bu cür oyunlar aparmaq olmaz. Xalqın azadlıq, demokratiya,
Konstitusiyanın tələblərinə görə, özünə hakimiyyət seçmək haqqı var.
Vətəndaşlarımızın haqları bu dərəcədə tapdana, ayaqlar altına atıla bilməz. Biz
Müsavat partiyası olaraq, buna öz etirazımızı bildirmişik, bildiririk, bundan
sonra da bildirəcəyik. Eyni zamanda bu vəziyyətin dəyişməsinə nail olacağıq”.
Elşad MƏMMƏDLİ