Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib

Bu gün Müsavat Partiyası Məclisinin növbəti toplantısı olub. Öncə Məclisin “Müsavat İrsi” komissiyasının sədri Sabir Məmmədlinin və “Tibb və Ekologiya” komissiyasının sədri Adil Qeybullanın məlumatları dinlənilib və nəzərə alınıb. Sonra Müsavat Partiyası Gənclər Təşkilatının “Əsasnamə”sinə əlavə və dəyişikliklər edilib.

Məclisdə ABŞ konqresi xarici əlaqələr komitəsinin “Erməni Soyqırımı” haqqında qərar qəbul etməsini ABŞ-Türkiyə münasibətlərinin inkişafına mənfi təsir göstərəcəyi qeyd olunub və bildirilib ki, bu qərar bütövlükdə regional təhlükəsizliyə xidmət etməyəcək.

Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələr, eləcə də 2008-ci ilin prezident seçkiləri ilə bağlı məsələlər müzakirə edilib. Bu məsələ ətrafında Müsavat Partiyasının başqanı İsa Qəmbər məruzə ilə çıxış edib. Məruzə ətrafında geniş müzakirələr olub. Məclis 2008-ci ildə keçiriləcək prezident seçkilərində Müsavat Partiyasının iştirakını məqsədəuyğun sayıb və partiyanın başqanı İsa Qəmbəri yekdilliklə prezidentliyə namizəd irəli sürüb.

Məclisin sonunda İsa Qəmbər yekun nitqi söyləyib.

Yığıncaqda bir sıra digər mühüm sənədlər də qəbul olunub.

Axırda cari məsələlərə baxılıb.

isagambar.az, 12 oktyabr 2007-ci il