Müsavat Partiyasının bəyanatı

Noyabrın 10-da “Azadlıq” qəzetinin Baş redaktoru Qənimət Zahid həbs edilib. Baş redaktor Cinayət Məcəlləsinin 221.-ci (ictimai yerdə xuliqanlıq), 127.-ci (bədənə az xəsarət yetirmə) maddələri ilə ittiham olunub. Təbii ki, bu ittihamlar uydurmadır, həbsdə əsas məqsəd Qənimət Zahidin bir jurnalist və Baş redaktor kimi fəaliyyətinin qarşısını almaqdır. Ümumiyyətlə, son vaxtlar Azərbaycan hakimiyyəti azad sözə və müstəqil mətbuata qarşı misli görünməmiş təzyiq kampaniyasına başlayıb. Bu gün artıq 8 jurnalist öz peşə fəaliyyətlərinə görə müxtəlif ittihamlarla həbs olunublar. Avropa Şurasının üzvü olan, ölkədə demokratik cəmiyyət qurmaqla bağlı müxtəlif beynəlxalq təsisatlar qarşısında öhdəliklər götürən bir ölkə üçün bu əsl biabırçılıqdır. Təəssüf ki, həmin beynəlxalq qurumlar hakimiyyətə bu özbaşınalıqlar müqabilində adekvat təzyiq göstərmir. Məhz bunun nəticəsidir ki, həbs olunan jurnalistlərin, təzyiqlər nəticəsində bağlanan mətbuat orqanlarının sayı durmadan artır.

Gələn il Azərbaycanda prezident seçkiləri keçirilməlidir. Azad mətbuata qarşı intensivləşən bu təzyiq və təqib kampaniyası açıq-aydın sübut edir ki, İlham Əliyev növbəti dəfə seçki saxtakarlığına və hakimiyyəti qeyri-qanuni yolla qəsb etməyə hazırlaşır.

Müsavat Partiyası “Azadlıq” qəzetinin Baş redaktoru Qənimət Zahidin həbsini də, müstəqil və müxalifət mətbuatının boğulması, azad sözün susdurulması yolunda atılan növbəti bir addım kimi qiymətləndirir və qeyd edir ki, ölkə ictimaiyyətinin və beynəlxalq birliyin ciddi təzyiqləri olmasa, tezliklə Azərbaycanda demokratiyanın son işartıları da məhv ediləcək. Biz Azərbaycanın taleyinə biganə olmayan bütün qurumlara və şəxslərə müraciət edərək onları öz haqq səslərini ucaltmağa çağırırıq. Eləcə də Qənimət Zahidin, Rövşən Kəbirlinin, Eynulla Fətullayevin və ümumiyyətlə, hazırda qeyri-qanuni yolla həbsə atılmış bütün jurnalistlərin dərhal azad edilməsini tələb edirik.

isagambar.az, 11 noyabr 2007, Bakı