YAP-la körpüləri yandırmamışıq

İsa Qəmbər: Müxalifət partiyaları özünə qiymət verməklə məşğul olmamalıdır

Seçkilər öncəsi müxalifət cəbhəsində müəyyən canlanma hiss olunsa da, müzakirələrin nəticəsizliyi durğunluq yaratdı. Konsalidasiya ilə bağlı təkliflər bütün düşərgə təmsilçiləri tərəfindən birmənalı şəkildə dəstəklənmədiyindən, yeni birlik formatı yaranmamış iflasa uğradı. Müsavat Partiyasının başqanı İsa Qəmbərlə söhbətimizə də elə bu məqamdan başladıq.

- İsa bəy, bir müddət gündəmdə olan müxalifətin birləşməsi istiqamətində müzakirələr son zamanlar ikinci plana keçib. Prosesin dayanmasına səbəb nədir?

- Birləşmək və parçalanmaq həm təbiətdə, həm də cəmiyyətdə əbədi prosesdir. Bu səbəbdən ona həddindən artıq aludə olmağa, birləşmə gedərkən həyəcanlanmağa, parçalanma baş verərkən narahat olmağa ehtiyac yoxdur.

- Ola bilərmi ki, birləşmə və ya əməkdaşlıq strateji fikir ayrılığı səbəbilə alınmadı?

- Azərbaycanda fəaliyyət göstərən çoxsaylı müxalifət partiyalarının bir araya gəlməsini arzulamaq özü sadəlövhlükdür. Çünki 80-ə yaxın siyasi təşkilatın eyni istiqamətdə hərəkət etməsi və düşünməsi mümkün deyil. Bu, dünyanın heç bir yerində baş verməyib, yoxdur və olmayacaq da.

- Belə çıxır ki, müxalifətin ən yüksək ranqlarının birləşməni və ya strateji əməkdaşlığı yeganə çıxış yolu hesab etməsi məntiqsizdir?

- Bu fikirlərin səslənməsinin üç səbəbi var. Birincisi, cəmiyyət özü sadəliyi sevir, seçkidə iki partiyanın iştirakına, seçimin də bu qüvvələr arasında edilməsinə üstünlük verir. Bu səbəbdən cəmiyyətdən gələn çağırışları səmimi hesab edirəm. İkincisi, Azərbaycan kimi ölkələrdə müxalifətdə olmaq ağır bir yükdür. Müxalifətin bu məsuliyyəti hiss edən qismi də digər həmfikir qüvvələri zaman-zaman birliyə çağırır. Bu, normal və təbii yanaşmadır. Amma hakimiyyətdə olan siyasi texnoloqlar da bilir ki, müxalifətin bir araya gəlməsi çətin, bəlkə də, mümkün olmayan bir işdir. Ona görə də zaman - zaman bu tipli mövzuları gündəmdə saxlayıb, ictimai rəyi istiqamətləndirirlər.

- Amma müəyyən zamanlarda müxalifət ümumi məqsəd naminə birlik nümayiş etdirib. Bu dəfə də analoji ittifaqları müşahidə edəcəyik, yoxsa körpülər tamam yandırılıb?

- Müsavat Partiyası heç bir tərəflə körpüləri yandırmayıb. Hətta hakimiyyət partiyası olan YAP-la belə bütün körpülər yandırılmayıb. Sıradan çıxan körpülər bizim fəaliyyətimizin bəhrəsi deyil.

- Müxalifətin hakimiyyətə olan münasibətində son zamanlar müsbət dəyişikliklər hiss edilməkdədir. Yəni, ənənəvi radikal, düşmən münasibətlər son zamanlar sivil axara düşüb. Bunu nə ilə izah edərdiniz?

- Bilmirəm, siz nəyə əsasən müxalifətin dəyişdiyini güman edirsiniz? Azərbaycanda “radikal” anlayışına bir qədər sərbəst yanaşma mövcuddur. “Radikal müxalifət” əldə silah hakimiyyətlə döyüşən, hər hansı səbəbdən gizli mübarizə metodlarından istifadə edən qüvvələrdir. Azərbaycanda belə müxalifət yoxdur. Bizdə demokratik qüvvələr var. Onlar ölkədə hakimiyyətin dinc, seçki yolu ilə dəyişməsinin tərəfdarıdırlar və qanun, Konstitusiya çərçivəsində mübarizə aparırlar. Müxalifətin “radikallığı” ilə bağlı səslənən fikirləri həqiqətəuyğun saymıram. Müsavat Partiyası müxalifətdə olduğu 14 ildə qanun, Konstitusiya müstəvisində fəaliyyət göstərib. Mübarizə üsullarımız bu gün də dəyişməz qalıb.

- Bəlkə, 14 ildə nəticə əldə etməməyinizin səbəbi elə dəyişməməyinizdir? Axı dəyişiklik həm də inkişaf deməkdir.

- Demək olmaz ki, heç nə dəyişməyib, zamanın tələbinə uyğun müəyyən dəyişikliklər həmişə həyata keçirilir.

- Partiya olaraq, 2008-ci ilin prezident seçkilərinə hazırlığa start vermisinizmi?

- Seçkini hakimiyyətin dəyişməsinin yeganə yolu kimi qəbul edən bir qüvvə kimi Müsavat Partiyası hər bir seçkidən növbəti prosesə hazırlığa başlayır. Bu mənada hesab edə bilərsiniz ki, 2008-ci il seçkisinə 2005-ci ilin sonlarından hazırlaşırıq.

- Partiyanın namizədi artıq bəllidirmi?

- Bu barədə qərar ya Məclisdə, ya da qurultayda verilir. Hələlik rəsmi qərar yoxdur. Amma mən fərqli yanaşma görmürəm.

- Konkretləşdirsək, namizəd yenə də siz olacaqsınız?

- Bu həm də mənim qərarımdan asılıdır. Amma son sözü partiya deyəcək.

- Sizin qərarınızı öyrənə bilərik?

- Seçkiyə uzun zaman qalır, son qərarımı verməmişəm.

- Namizədliyinizə dəstək almaq üçün müxalifət partiyaları ilə müəyyən danışıqlar aparılırmı?

- Bu istiqamətdə danışıq getmir. Düşünürəm ki, müxalifətin birliyi ideyasını hədəfə çevirməyin mənası yoxdur. Müsavat Partiyası istəyini ictimaiyyətə çatdırıb və öz yoluna davam edir. Hansı qüvvənin yolu bizimlə yaxın olacaqsa, əməkdaşlıq haqda fikirləşəcəyik.

- Sualı təsadüfən vermədik. Bəzi siyasi qüvvələr fərqli bəyanatlar verirlər. Məsələn, bir zamanlar müttəfiq olduğunuz “Azadlıq” bloku yeganə müxalifətin özləri olduğunu bildirib.

- Onlara uğurlar arzulayıram. Hansı qüvvənin real və ya yeganə müxalifət olub-olmamasını təşkilatların özləri yox, ictimaiyyət müəyyənləşdirir. Müxalifət partiyaları bir-birinə qiymət verməklə məşğul olmamalıdır. Hər bir partiya öz proqramına, dəyərlərinə uyğun fəaliyyət ortaya qoymalıdır. Qərarı isə xalq verəcək.

- Müxalifətin siyasi texnoloqu hesab olunan Pənah Hüseyn qarşıdan gələn prezident seçkisində müxalifətin vahid qərargahla iştirakını məqsədəuyğun saymışdı. Bu təklif sizə real görünürmü?

- Seçkidə ikinci tur yaşanarsa, demokratik qüvvələrin məğlub təmsilçiləri yoluna davam edənə dəstək verməlidirlər. Bu, aydın məsələdir.

- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqları, yaranan situasiyanı necə dəyərləndirirsiniz?

- Təəssüflə qeyd etməliyəm ki, bu gün Dağlıq Qarabağ məsələsinin həlli real görünmür. Şübhəsiz, Azərbaycan öz ədalətli mövqeyindən əl çəkməyəcək və heç bir Azərbaycan siyasətçisi Dağlıq Qarabağın dövlətimizdən ayrılmasına razılıq verməyəcək. Bu şəraitdə məsələnin həlli Ermənistanın işğalçı siyasətindən əl çəkib mərhələli də olsa problemin həllinə razılaşmasından və ya beynəlxalq birliyin təcavüzkarı tanıyıb prinsipial mövqe sərgiləməsindən asılıdır. Problemin həlli yalnız bu şərtlər daxilində realdır. Bu baxımdan indiki mərhələdə problemin həlli istiqamətində müsbət dəyişiklik gözlənilmir.

- ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovla amerikalı həmkarı Metyu Brayzanın İrəvanda səsləndirdikləri bəyanatları Qəbələ RLS-in birgə istifadə təklifinin məntiqi davamı hesab etmək olarmı?

- Xeyr. Çünki Rusiya prezidentinin Qəbələ RLS-lə bağlı təklifi daha çox effektiv xarakter daşıyır. Onun gerçəkləşməsi ehtimalı sıfırdır. Həmsədrlərin açıqlamalarına gəlincə, son zamanlar ATƏT nümayəndələri çoxsaylı ziddiyyətli fikirlər səsləndirirlər. Bu baxımdan bəyanatların ciddi təhlili özü çətinlik törədir. Məsələn, bu insanlar Bakıda bir söz, İrəvanda başqa söz deyirlər. Ona görə, açıqlamaları ciddi təhlil obyektinə çevirməyin tərəfdarı deyiləm. ATƏT-in Minsk qrupu problemin həllində irəliləyiş gözlənilmədiyini bildiyi üçün imitasiya ilə məşğuldur.

- Həmsədrlər Bakıda keçirdikləri mətbuat konfransında sehrbaz olmadıqlarını söylədilər. Hətta Qarabağ münaqişəsi ilə 300 ildir davam edən Cəbəllütariq boğazı problemi arasında paralellər apardılar. Doğrudanmı, Qarabağ münaqişəsinin həlli həm Qərb, həm də Rusiya üçün oyuna çevrilib?

- Soyuq savaşın bitməsi ilə Qərblə Rusiya arasında qlobal qarşıdurma yekunlaşdı. Amma regional mübarizə hələ sona çatmayıb. Təəssüf ki, Dağlıq Qarabağ məsələsi bu konteksdə yalnız element xarakteri daşıyır. Münaqişənin beynəlxalq səviyyəyə yüksəldiyi bir mərhələdə, problemin həlli yalnız Rusiya ilə Qərb arasında gedən mübarizənin hansı şəkildə yekunlaşmasından asılı olacaq. Tərəflərdən biri regionda öz üstünlüyünü təmin edəcəyi halda, Azərbaycan öz maraqlarını, hüquqlarını gerçəkləşdirməklə yanaşı, həmin tərəfin fikirlərini nəzərə almalı olacaq. Rusiya ilə Qərb arasında region üzrə qlobal anlaşma əldə olunmalıdır ki, Qarabağ münaqişəsinə mübarizə meydanı kimi yox, həlli mümkün problem kimi yanaşsınlar. Hələlik bunlar nəzərə çarpmır.

- Bir çox mətbuat orqanları, eləcə də xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri Prezident İlham Əliyevin müxalifət rəhbərləri ilə birgə Dağlıq Qarabağ münaqişəsilə bağlı müzakirələr aparacağını qeyd edib. Müzakirələrə qatılacaqsınızmı?

- Hələlik mənə nə rəsmi, nə də qeyri-rəsmi dəvət göndərilməyib. Müzakirələrin formatı əhəmiyyətlidir. Məsələn, bu görüş forum şəklində keçiriləcəksə, məmurlardan biri də çıxıb Qarabağ məsələsi ilə bağlı çıxış edəcəksə və biz də qulaq asacağıqsa - bu bir situasiyadır. Və ya medianın qarşısında açıq və ya qapalı müzakirə - bir başqa situasiyadır. Hər bir halda, Qarabağ məsələsi elə bir nöqtədir ki, hakimiyyətlə bu barədə fikir mübadiləsi aparmağa hər zaman hazırıq.

- ABŞ - İran qarşıdurmasını necə dəyərləndirirsiniz? Yaxın zamanda hərbi əməliyyatlar gözlənilirmi?

- Göründüyü kimi, İran nüvə silahı əldə etmək istəyindən geri çəkilmir. Qərb isə bununla razılaşmır. Bu baxımdan qarşıdurma, konflikt qaçılmaz görünür. Hələlik proses gərginlik şəraitində inkişaf edir.

- Sizcə, bu məsələdə Azərbaycan hansı mövqeyi sərgiləməlidir?

- Müsavat Partiyası olaraq mövqeyimiz bundan ibarətdir ki, İranın nüvə silahı əldə etməsi Azərbaycanın dövlət maraqlarına köklü surətdə ziddir. Fikrimcə, İranın nüvə silahına malik olması Azərbaycanın dövlət suverenliyinin məhdudlaşması kimi ağır nəticələrə gətirib çıxara bilər. Bu baxımdan, bizim əsas marağımız İranda kütləvi qırğın silahının olmamasıdır. İkinci maraq konfliktin diplomatik yolla həllidir. Çünki ortada on minlərlə cənublu soydaşımızın taleyi müzakirə mövzusudur. Amma bizim maraqlarımızla yanaşı müəyyən gerçəkliklər də var. Bu gerçəkliklər isə Qərb ilə İran arasında konfliktin dərinləşəcəyini şərtləndirir. Bu halda Azərbaycan öz maraqlarına uyğun mövqe tutmalıdır.

- Təxminən İrana qarşı...

- İrana yox, İranın nüvə silahına qarşı.

Pərviz SADAYOĞLU, Rəbiqə NAZİMQIZI, Yeni Azərbaycan qəzeti, 14.06.2007

http://www.yeniazerbaycan.com/news/2575.html