Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Yığıncaqda görülən işlər, qərarların icrası və ictimai-siyasi vəziyyətə dair məsələlər müzakirə olunub.

Milli Demokratiya İnstitutu ilə Müsavat Partiyasının keçirdiyi tədbirlər haqqında məlumat dinlənilib və tövsiyyə edilib ki, bu təşkilatla birgə tədbirlər gələcəkdə də davam etdirilsin. Divan “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və yazarı Yaşar Ağazadə üzərində qərəzli məhkəmə prosesinin süni şəkildə uzadılmasına narazılığını bildirib və müvafiq orqanları jurnalistlərin tezliklə azadlığa qovuşmasına yönəlmiş qərarlar verməyə çağırıb.

Divanda ictimai-siyasi vəziyyətin müzakirəsi zamanı cəmiyyətdə hökm sürən məmur özbaşınalığı, insanların əsassız yerə təqib olunması və sahibkarların getdikcə daha çox sıxışdırılmasından ciddi narazılıq ifadə olunub. Gündəliyin bu bölümündə Azərbaycan cəmiyyətinin problemlərinin həlli ilə bağlı strateji qərarlar qəbul edilməsi zərurəti vurğulanıb.

Yığıncağın sonunda bir sıra cari məsələlərə baxılıb.

isagambar.az, Bakı, 13 avqust 2007-ci il