GÖRÜNƏN DAĞA BƏLƏDÇİLİK
Siyasətlə məşğul olduğum uzun illər ərzində daha çox praktiki siyasətə üstünlük
vermişəm. Çünki Azərbaycanda ideologiya ilə məşğul olan, kifayət qədər təcrübəli
alimlər və ideoloqlar var. Eyni zamanda, öz siyasi mövcudluğunu indiki zəmanədə
təhlükəsiz olan ideoloji və geopolitik məsələlərə münasibət bildirməklə
məhdudlaşdıran siyasətçilər də kifayət qədərdir. Ancaq, bu, kimlərinsə bizi
müsavatçılığın əsaslarından xəbərsiz olmaqda ittiham etməsinə əsas vermir.
Universitetin jurnalistika fakültəsində oxuduğum dövrlərdə milliyətçiliyin və
Müsavat ideologiyasının baniləri olan Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı,
Əhməd Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə və başqalarının
“Həyat”, “İrşad”, “Kaspi”, “Azad söz” qəzetlərində, “Fyüzat”, “Tərcüman”
məcmuələrindəki əsərlərini öyrənmiş, onların millətimizin gələcəyi barədə
düşüncələri ilə hələ o vaxt tanış olmuşam. Bu mütəfəkkirlərin əsərləri barədə
görkəmli müsavatşünas professor Şirməmməd Hüseynova imtahan vermişəm. Həm də
nəzərə almaq lazımdır ki, Ş.Hüseynov sovet dövrü olmasına baxmayaraq, hələ o
dövrdə müsavatçılığın alovlu təbliğatçılarından idi. Heç şübhəsiz, bu amil
ölkədə milli-azadlıq hərəkatının ilk günlərindən bu hərəkata qoşulmağımda ciddi
rol oynayıb.
Müsavatçılıq haqqında geniş və əhatəli danışmaq niyyətindən uzaq olaraq, bəzi
mübahisəsiz, bugünkü diskussiyada vacib olan məqamlara diqqəti cəlb etmək
istərdim.
Müsavatçılıq bütün dövrlərdə millətimizin və dövlətimizin inkişafı üçün ən
aktual olan problemləri başlıca hədəf kimi qəbul edib. “İslamlaşmaq” şüarını
qəbul edən müsavatçılar ötən əsrin əvvəllərində bütün Şərqdə ilk dəfə qadınlara
səsvermə hüququ verdilər. Həmin dövrdə hətta bəzi Avropa ölkələrində qadınlara
belə hüquq verilməmişdi. Müsavatçılar “Türkləşmək” şüarı ilə millətimizin
assimilyasiyasının qarşısını almağa çalışırdılar. “Türkləşmək” ruslaşmamaq,
farslaşmamaq deməkdir. Özünü dərk et, özünü tanı deməkdir. Həmin dövrdə
millətimiz özünü “müsəlman”, ziyalılarımızın əksəriyyəti isə “tatar”, “Qafqaz
tatarı”, “Azərbaycan tatarı” və s. adlandırırdı. Müsavatçılıq üstün millət
düşüncəsini qəbul etmir. Belə olmasaydı, Müsavatçılığın ana şüarlarından biri
“Avropalılaşmaq” olmazdı. Həm də böyük Əli bəy Hüseynzadə xristianlaşmadan,
firəngləşmədən avropalılaşmağın zəruriliyini izah edirdi. “Firəngləşsək, bu,
firəngin inkişafı olar” deyirdi. Dini məsələlərə fərqli yanaşan M.F.Axundovdan
başlayaraq, ondan təxminən yüz il sonra yaşamış M.B.Məmmədzadəyədək bütün işıqlı
insanlarımız Avropa dəyərlərinə yiyələnməyin, Avropaya öz dinimizlə, dilimizlə,
milli məfkurəmizlə qovuşmağımızın zəruriliyini başlıca milli hədəflərimizdən
biri hesab edirdilər.
Ötən əsrin əvvəllərində çox vacib olan “ümmətçilikdən millətçiliyə” şüarının
aktuallığı indi xeyli azalıb. İndi Azərbaycanda yaşayan hər bir insan özünü
yalnız müsəlman, xristian və s. kimi deyil, həm də ilk növbədə hansısa konkret
bir millətin nümayəndəsi kimi tanıyır. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” –
deyən H.Əliyev də Türkiyə prezidentinə xitabən Elçibəyin məşhur “Biz bir millət,
iki dövlətik!” fikrini təkrar edirdi.
XX əsrin əvvəlində ən böyük milli ideal Çar Rusiyasının dağılması, müstəqil
Azərbaycan dövlətinin yaradılması idi. Bunun üçün milli toplumun ümmətlərə və
siniflərə bölünməsinə imkan verməmək, insanların milli özünüdərkinə nail olmaq
zəruri idi. Ona görə də müsavatçılar həm ümmətçilikdən millətçiliyə, həm də
milli təsanüd ideyalarını irəli sürürdülər.
Müsavatçılığın ən böyük idealı müstəqil Azərbaycan dövləti idi. Məhəmməd Əmin
Rəsulzadənin siyasi muxtariyyət şüarı, hətta, bir çox milli ideoloqların
tənqidinə məruz qalırdı. Ancaq zaman M.Ə.Rəsulzadənin ideyasının düzgün olduğunu
təsdiq etdi. Bu gün Azərbaycan adlı bir dövlətin olmasına görə ilk növbədə
M.Ə.Rəsulzadə və onun həmfikirlərinə borcluyuq.
XX əsrin sonunda Azərbaycanda müstəqillik uğrunda mübarizə aparan xalqımızın
əsas təşkilatı Azərbaycan Xalq Cəbhəsi oldu. AXC əsasən müsavatçılıq ideallarını
qəbul edən insanların təşkilatı idi və bu amil AXC-nin Proqramında əks
olunmuşdu.
Təsadüfi deyil ki, Müsavat Partiyası partiyanın mühacirətdəki liderlərinin
tövsiyyəsi, eyni zamanda Azərbaycan xalq hərəkatının lideri Elçibəyin
xeyir-duası ilə İsa Qəmbər başda olmaqla, Azərbaycanın müstəqilliyi uğrunda
gedən hərəkatın, o cümlədən AXC-nin rəhbərliyinə daxil olmuş siyasətçilər
tərəfindən bərpa edildi.
Bizi müsavatçılıqdan uzaqlaşmaqda ittiham edənlər unutmamalıdır ki, onlar bu
iddianı Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasında misilsiz
xidmətləri olan, Azərbaycanın dövlət müstəqilliyinin bərpasına imza atmış
şəxslərə qarşı irəli sürürlər. Dilimizin türk dili adlandırılması haqqında
qanunun qəbul edilməsi də İsa Qəmbərin spikerliyi dövrünə təsadüf edir və bu, bu
gün Müsavat Partiyasının rəhbərliyinə daxil olan bir çox şəxslərin
təşkilatçılığı, təkidi və səsverməsi ilə baş tutmuşdu.
Mən fəxr edirəm ki, 1990-cı ilin 28 may günü rayon sovetinin qərarı ilə Zaqatala
şəhərinin müxtəlif yerlərində 200 üçrəngli bayrağın asılmasına və həmin gün
şəhərin mərkəzi meydanında bayram mitinqinin keçirilməsinə nail olmuşam. Bu,
müasir Azərbaycan tarixində 28 May - İstiqlal gününün rəsmi şəkildə qeyd
edildiyi ilk hadisə idi.
Mən fəxr edirəm ki, Azərbaycan Ali Sovetinin iclas zalında Sovet bayrağının
milli bayraqla əvəz olunmasını parlamentin tribunasından çıxış edərək ilk dəfə
tələb etmişəm. Həm də bu mənim deputat kimi parlamentdə ilk çıxışım idi.
Mən fəxr edirəm ki, Zaqatala şəhərinin mərkəzi meydanında M.Ə.Rəsulzadənin
heykəlinin ucaldılmasının təşəbbüskarı və təşkilatçısı olmuşam. Bu heykəlin
açılışında o vaxt Müsavat Partiyasının Başqanı və parlamentin spikeri olan İsa
Qəmbərlə birlikdə iştirak etmişəm.
Müsavat Partiyası 2008-ci ili Cümhuriyyət ili elan edib. Müsavat irsinin
öyrənilməsi, yayılması, cümhuriyyət qurucularının, xüsusilə M.Ə.Rəsulzadənin
xatirəsinin əbədiləşdirilməsi ilə bağlı konkret iş planı müəyyənləşib, təkliflər
hazırlanıb. Bu qərarlar bu gün qərəzli və aqressiv şəkildə müsavatçılıqdan
imtina etməkdə ittiham olunan Müsavat rəhbərliyi tərəfindən qəbul olunub.
Qeyd etdim ki, müsavatçılıq millətimizin və dövlətimizin tərəqqisi üçün lazım
olan ən aktual hədəfləri özündə birləşdirən ideologiyadır. Müsavatçılıq
ifratçılıqdan uzaq ideologiyadır. Müsavatçılıq ifrat milliyətçiliyi, kosmopolit
liberalizmi, cəmiyyətin siniflərə bölünməsini qəbul etmir. M.Ə.Rəsulzadə və onun
həmfikirlərinin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də
ondan ibarətdir ki, onlar həm milliyətçiliyi, həm liberalizmi, həm də milli
təsanüdü özündə birləşdirən bir ideologiya yaratmağa nail olublar. Və bu
ideologiya müxtəlif dövrlərdə təqiblərə, təhriflərə baxmayaraq, yüz ilə yaxındır
ki, millətimizin xidmətindədir. Biz bu ideologiyanı qoruyub saxladıq. Ona ehkam
kimi yanaşmadıq. Onu bir qədər də təkmilləşdirdik. Müasir dövrdə milli
hədəflərimizdən birinə çevrilən bütöv Azərbaycan ideyasını Müsavatın Proqramına
daxil etdik. Bu Proqrama demokratik dünyanın müasir siyasi terminologiyasının
tələblərinə uyğun bəzi əlavələr etdik.
Milli hədəflərimizə çatmaq üçün cəmiyyətimiz demokratikləşməlidir. Milli
ideologiyamızın bütün banilərinin dediyi kimi, AVROPALILAŞMALIYIQ.
İndiki dövrdə başlıca milli hədəflərimiz ölkəmizin müstəqilliyinin qorunması,
demokratikləşməsi, ərazi bütövlüyü və bütöv Azərbaycandır. Və hədəflərin bu
ardıcıllıqla düzümü də təsadüfi deyil. Müstəqil Azərbaycanın demokratikləşməsinə
nail olmadan onun ərazi bütövlüyünə nail olmaq mümkün deyil və yalnız müstəqil,
demokratik, firavan, ərazisi bütöv olan Azərbaycan Azərbaycanın bütövlüyünə nail
ola bilər. Müsavatsevərlər xatırlayır ki, İsa Qəmbər son dövrlərdə istər
televiziyada, istərsə də mitinqlərdə, demək olar ki, bütün çıxışlarını məhz bu
şüarla yekunlaşdırır.
Müsavat Partiyası son Proqramını 1997-ci ildə təqribən bir ilə yaxın davam edən
əhatəli müzakirələrdən sonra partiyanın qurultayında qəbul edib. Partiya bu gün
özünü müsavatçılığın keşikçiləri kimi qələmə verməyə çalışanların da səs verdiyi
Proqram əsasında fəaliyyət göstərir. Müsavat Partiyası bu Proqramda qəbul
olunmuş prinsipləri ləğv edən, dəyişdirən, şübhə altına alan hər hansı bir qərar
qəbul etməyib. Müsavat Partiyasının daxil olduğu Liberal Demokratik İslahat
Partiyaları (LDİP) ittifaqı Müsavat Partiyası qarşısında bu quruma daxil
olarkən, hər hansı bir ideoloji, siyasi dəyişiklik tələbi qoymadı. Müsavat
Partiyası bu yöndə, hətta, hər hansı deklorativ sənəd belə, qəbul etmədi.
Avropanın 50-yə yaxın, həm də 19 Avropa ölkəsində hakimiyyətdə olan partiyasını
özündə birləşdirən nüfuzlu beynəlxalq strukturun Müsavat Partiyasını yüz ilə
yaxın tarixi olan Proqramı ilə öz sıralarına qeyd-şərtsiz qəbul etməsi
müsavatçılığın qüdrətini və mükəmməlliyini bir daha təsdiq edir.
Müsavat Partiyası LDİP ittifaqına daxil olmaqla 30-dan artıq Avropa ölkəsində
müttəfiqlər qazandı. Partiyanın müasir hədəflərindən biri olan Azərbaycanın
Avroatlantik məkana inteqrasiyası istiqamətində uğurlu addım atdı. Müsavatın
LDİP ittifaqına qəbul edilməsi həm partiyanın, həm də Azərbaycanın maraqlarına
uyğundur.
Təəssüf ki, Müsavat Partiyasının bu uğurlu addımına təpkilər kənardan yox,
partiyanın içindən gəldi. Bu qərarla razı olmadığını bəyanlayan bir neçə nəfər
bizi müsavatçılıqdan uzaq düşməkdə, Azərbaycanda mövcud olmayan stereotipləri
qəbul edən bir quruma üzvlükdə ittiham etdi. Dedilər ki, bu qərar, hətta,
Türkiyənin maraqlarına ziddir. Biri hətta bizi Azərbaycan əhalisinin 95 faizini
təşkil edən müsəlmanlara hörmətsizlikdə qınadı. Həm müsəlmançılıq, həm də
Türkiyədə qərarımızın düzgün anlaşılmayacağı barədə fikirlərin nə qədər
reallıqdan uzaq olduğunu təsdiq etmək üçün Türkiyənin nüfuzlu “Zaman” qəzetinin
saytında 18 oktyabr 2004-cü il tarixdə dərc olunmuş “AK Parti, Avrupa`daki
Hıristiyan demokratların arasına katılıyor” adlı məqalədən bəzi sitatları
diqqətə çatdırmaq istərdim.
Türkiyədə hakimiyyətdə olan AK Parti sədrinin beynəlxalq məsələlər üzrə müavini,
millət vəkili Şaban Dişli həmin partiyanın Xristian Demokrat partiyalarının
əksəriyyət təşkil etdiyi Avropa Xalq Partiyasına daxil olması ilə əlaqədar
(Demokrat Partiyaları İttifaqı da, məhz bu şəkildə “partiya” adlandırılır)
jurnalistin “Partinizin, başında Hıristiyan ibaresi bulunan bir gruba üyeliğini
tabanınıza anlatmakta zorlanmaz mısınız?” sualına belə cavab verir: “Hayır.
Hıristiyanlar demokrat oluyorsa, Müslüman haydi haydi olur. Biz, Müslümanlığın
demokrasi ile birlikte olabileceğini gösteriyoruz”. Avropa Xalq Partiyasına
daxil olan partiyaların əksəriyyətinin Türkiyənin Avropa Birliyinə daxil
olmasına etiraz etməsi ilə bağlı sualına isə hörmətli Dişlinin verdiyi cavab
belədir: “Bizim çabamız, Türkiye `nin AB üyeliğine ne kadar hazır olduğunu daha
yakından gösterme çabasıdır. Bize uzaktan bakanlara bizim de uzak durmamız
yerine, onlarla diyalog içerisine girmeyi tercih ettik”.
Həmin məqalədə son vaxtlar İnternet axtarışları sevdasına düşənlərin diqqət
yetirəcəyi başqa məqamlar da var.
AK Partinin əsasını Xristian Demokrat partiyalarının təşkil etdiyi AXP-yə
üzvlüyünü bu partiyanın islamdan imtinası kimi dəyərləndirmək olarmı? Və ya AK
Parti Türkiyənin Avropa Birliyinə daxil olmasına qarşı olan təşkilatların
əksəriyyət təşkil etdiyi quruma daxil olmaqla, Türkiyənin maraqlarına qarşımı
çıxıb? Düşünürəm ki, Sakarya millət vəkili Şaban Dişlinin bu məsələlərlə bağlı
mövqeyi ibrətamizdir.
Azərbaycan Avropa Şurasının üzvüdür. LDİP ittifaqından fərqli olaraq Avropa
Şurası Azərbaycan bu quruma daxil olarkən ölkəmiz qarşısında bir sıra öhdəliklər
qoyub. Bu öhdəliklər içərisində etnik, konfessial, cinsi və s. azlıqların
hüquqlarının müdafiəsi öhdəlikləri də var. Azərbaycan Avropa Şurasından
çıxmalıdırmı? Müsavat Partiyası müsavatçı deputatların Azərbaycanın Avropa
Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə daxil
edilməsi ilə əlaqədar tələb irəli sürüb. Nəsib Nəsiblinin bu qrupda əsas üzv
kimi iştirakı tələbi ilə AŞ PA rəhbərliyinə müraciət etmişik. Ərizəmizi geri
çəkəkmi?
Müsavat Partiyasının ideoloji və siyasi xəttində heç bir dəyişikliyin baş
vermədiyi halda, birdən-birə Azərbaycan mətbuatında ideoloji diskussiyanın
açılması, Müsavat rəhbərliyinin, partiya strukturlarının müsavatçılığa uyğun
olmayan qərar qəbul etməsi barədə iddiaların ortalığa çıxması, həm də bu
iddiaların LDİP ittifaqına qəbul barədə qərardan 9 ay sonra səsləndirilməsi
təəccüblə qarşılandı. Mənim hörmətli Fazil Qəzənfəroğlu kimi irəli gedərək,
bundan ideologiya yox, təsərrüfat iyinin gəldiyini iddia etmək üçün kifayət
qədər əsaslarım yoxdur. Ancaq, heç şübhəsiz ki, bu, ideoloji yox, siyasi
məsələdir. Görünən dağa bələdçilik etmək məcburiyyətində qalaraq deməliyəm ki,
Müsavat Partiyasının qərarlarına, Müsavat Partiyasının rəhbərliyinə qarşı
qaldırılan iddiaların arxasında iddiaçıların konkret siyasi maraqları dayanır.
Bu isə başqa bir yazının mövzusudur.
Arif HACILI, Müsavat Partiyası, Mərkəzi İcra Aparatının rəhbəri
isagambar.az, 15.11.2007, Bakı