Almaniyada yaşayan
müsavatçılar Ermənistan səfirliyi və İlham Əliyevin qaldığı otelin
qarşısında aksiya keçiriblər
Fevralın 15-də Müsavat Partiyasının mühacirətdə olan üzvləri Berlində iki piket
keçiriblər. Almaniyada yaşayan müsavatçıların «Media forum» saytına bildirdiyinə
görə, əvvəlcə Mehdi Xəlilbəylinin və İlham Həsənin rəhbərlik etdiyi aksiyaçılar
Ermənistanın Berlindəki səfirliyi qarşısında toplaşaraq erməni terroruna,
Azərbaycan xalqına qarşı törədilən soyqırıma etiraz ediblər.
Aksiyada Azərbaycan və alman dillərində «Azərbaycanda erməni terroruna son»,
«Qarabağın işğalına son qoyulsun» şüarları səsləndirilib, Xocalı soyqırımını əks
etdirən fotoşəkillər nümayiş etdirilib.
Aksiyada iştirak edən Ələsgər Siyabov çıxışında Ermənistanın bir dövlət olaraq
Xocalı soyqırımına görə məsuliyyət daşıdığını, bu qətliamda Ermənistanın indiki
prezidenti Robert Köçəryanın birbaşa əli olduğunu söyləyib.
İlham Həsən erməni millətçilərinin daim azərbaycanlılara qarşı soyqırımı
siyasəti yürütdüyünü vurğulayıb.
Ermənistan səfirliyi qarşısındakı aksiya insidentsiz ötüşüb.
Mühacir müsavatçıların ikinci piketi hazırda Almaniyada səfərdə olan Azərbaycan
prezidenti İlham Əliyevin qaldığı «Adlon» otelinin qarşısında olub.
Mühacirətdə yaşayan azərbaycanlı jurnalist Fəxrəddin Hacıbəylinin «Media forum»
saytına verdiyi məlumata görə, piket başlamamışdan əvvəl prezidenti səfərdə
müşayiət edən nümayəndə heyətinin bir neçə üzvü aksiyaçılara yaxınlaşıb çəkiliş
aparmaq istəyib. Aksiyaçılarla nümayəndə heyətinin özünü İlkin kimi təqdim edən
üzvü arasında insident baş verib. Ətrafda gəzişən və asayişə nəzarət edən alman
polislərinin müdaxiləsindən sonra nümayəndə heyətinin üzvü ordan uzaqlaşdırılıb.
Piketçilər İ.Əliyevdən Azərbaycanda siyasi terrora və diktaturaya son qoymağı
tələb ediblər.
Aksiyada Azərbaycan və alman dillərində «İlham diktator», «Diktaturaya yox»,
«Azad seçki, azad cəmiyyət», «Azərbaycanda diktaturaya yox», «Siyasi terrora
son» şüarları səsləndirilib.
Piketdə həmçinin Xocalı soyqırımına aid fotostend nümayiş etdirilib, ərazidə
olan vətəndaşlara və media nümayəndələrinə Azərbaycandakı iqtisadi-siyasi durum
və Xocalı soyqırımı haqqında məlumatların yazıldığı vərəqələr paylanıb.
Aksiya Bakı vaxtıyla saat 22.00-da başa çatıb.
Hər iki piket Almaniyanın və Türkiyənin xəbər agentlikləri tərəfindən
işıqlandırılıb.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
"Media Forum", 16 fevral 2007-ci il