Müsavat Partiyasının bəyanatı
Bu gün Yasamal Rayon Məhkəməsində hakim Məlahət Abdulmanafovanın sədrliyi ilə
keçirilən məhkəmə prosesində “Müxalifət” qəzetinin baş redaktoru Rövşən
Kəbirliyə və qəzetin hüquq şöbəsinin redaktoru Yaşar Ağazadəyə 2 il 6 ay həbs
cəzası verildi. Xatırladaq ki, Cəlal Əliyev “Müxalifət” qəzetinə qarşı Cinayət
Məcəlləsinin 147.1, 147.2-ci (böhtan, şərəf və ləyaqətin təhqiri) maddələrinə
əsasən xüsusi ittiham qaydasında iddia qaldıraraq qəzetdə təkzib verilməsini,
cərimə ödənilməsini və qəzetin baş redaktorunun və məqalə müəllifinin həbs
olunmasını tələb edirdi.
AŞ PA-nın sessiyasından dərhal sonra baş vermiş bu həbs hadisəsi göstərir ki,
Azərbaycan hökuməti nəinki onun ünvanına söylənilən tənqidlərdən heç bir nəticə
çıxarmır, əksinə insanlar əqidəsinə və düşüncəsinə görə daha geniş şəkildə təqib
olunur, repressiyalara məruz qalır. Bu bir daha onu göstərir ki, Əliyev rejimi
heç bir siyasi, demokratik islahatlar aparmaq istəmir, öz köhnə avtoritar
idarəçilik metodundan əl çəkmək fikrində deyil.
Bir müddət əvvəl “Azərsun Holdinq” şirkətinin prezidenti Abdolbari Gözəlin “Yeni
Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna qaldırdığı məhkəmə iddiasını
geri götürməsindən sonra düşünmək olradı ki, hakimiyyət bundan sonra
jurnalistlərə qarşı basqıları dayandıracaq. Ancaq bundan iki gün sonra
“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirlinin və qəzetin hüquq şöbəsinin
redaktoru və məqalənin müəllifi Yaşar Ağazadənin həbs olunması onu göstərir ki,
hakimiyyət öz çirkin niyyətindən əl çəkmək istəmir.
Müsavat Partiyası R. Kəbirlinin və Y. Ağazadənin həbsini Azərbaycanda azad sözə,
müstəqil mətbuata, bütünlükdə demokratiyaya vurulan növbəti ağır zərbə kimi
qiymətləndirir və qətiyyətlə pisləyir. Partiya ölkə ictimaiyyətinə, beynəlxalq
demokratik təşkilatlara, xüsusilə Avropa Şurasına və ATƏT-ə, demokratik qərb
dövlətlərinin rəhbərlərinə və ictimaiyyətinə müraciət edərək məsələyə müdaxilə
etməyi və jurnalistin dərhal azadlığa buraxılmasına nail olmağa çağırır. Biz
habelə bəyən edirik ki, İlham Əliyev və Azərbaycan hökuməti R. Kəbirlinin və Y.
Ağazadənin həyatının təhlükəsizliyi üçün tam məsuliyyət daşıyır.
Müsavat Partiyasinin mətbuat xidməti, 16 may 2007-ci il