Müsavat Partiyasının başqanı İsa Qəmbər 17 Noyabr Milli Dirçəliş Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

17 Noyabr Milli Dirçəliş günü münasibəti ilə hamınızı təbrik edir, Sizə uzun ömür, xoşbəxtlik arzulayıram.

Keçən əsrin 80-ci illərinin axırlarında Azərbaycan xalqı öz ölkəsinin ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizəyə qalxdı. Az müddət ərzində milyonlarla insan bu hərəkata qoşuldu. 17 Noyabr 1988-ci ildə başlayan və 17 gündən çox davam edən kütləvi etiraz aksiyaları isə bu hərəkatın ən pik nöqtələrindən biri idi. Sonradan Azərbaycan xalqı təşkilatlanaraq bu mübarizəni daha mütəşəkkil şəkildə davam etdirdi və 1920-ci ildə bolşevik istilası nəticəsində itirdiyi müstəqilliyini 1991-ci ildə bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağı başımızın üstündə dalğalandı. Biz 1918-20-ci illərdə mövcud olmuş müstəqil cümhuriyyətimizin hüquqi varisi kimi istiqlalımızı bəyan etdik. 1992-93-cü illərdə ölkədə ciddi siyasi və iqtisadi islahatlar həyata keçirilməyə başladıq. Təəssüf ki, 1993-cü ilin 4 iyununda baş verən hərbi qiyam nəticəsində keçmiş kommunistlər yenidən hakimiyyətə qayıtdı və ölkənin demokratik inkişafı yolunda böyük maneələr yaratdılar. Həmin vaxtdan bəri hakimiyyətdə olan rejim Azərbaycanda avtoritar bir idarəçilik üsulu yaratdı. Ölkəmiz çox zəngin təbii sərvətlərə və enerji ehtiyatlarına malik olsa da, bu gün əhalinin mühüm bir hissəsi faktiki olaraq dilənçi halında yaşayır. Korrupsiya baş alıb gedir, hər bir Azərbaycan vətəndaşının ümumi sərvəti olan neft və ondan gələn gəlirlər hakim elitanın inhisarı altındadır. Bir milyona yaxın qaçqın və məcburi köçgün hələ də öz doğma yurd-yuvalarına qayıtmayıb, torpaqlarımız işğaldan azad edilməyib. İnsan hüquqları, söz və mətbuat azadlığı sahəsində çox dözülməz bir mühit yaranıb. Bu gün Azərbaycanda 10 nəfərə yaxın jurnalist öz peşə fəaliyyətinə görə həbsə atılıb.

Azərbaycan xalqı müstəqillik mücadiləsinə başlayarkən xoşbəxt və firavan bir gələcəyə qovuşacağını düşünürdü. Lakin bu gün bunun əksini görən insanların bir qismində çox təəssüf ki, müstəqillik ideyasının özünə birmənalı olmayan münasibət yaranıb. Bu münasibət yolverilməzdir, müstəqilliyimizin alternativi yoxdur. Bu gün Azərbaycanı bu acınacaqlı vəziyyətə salan hakim rejimin səriştəsiz və talançı siyasətidir. Ona görə də biz ölkədə xalqın iradəsi ilə formalaşmış bir hakimiyyətin qurulmasına çalışmalıyıq. Yalnız bundan sonra xalqın problemlərini həll etmək, onu düşdüyü bu ağır sosial-iqtisadi və ictimai-siyasi böhrandan xilas etmək, torpaqlarımızı işğaldan azad etmək mümkündür.

Hörmətli həmvətənlər!

Bir daha 17 Noyabr Milli Dirçəliş Günü münasibəti ilə Sizi ürəkdən təbrik edirəm. İnanıram ki, bizim birgə mübarizəmiz nəticəsində ölkəmizdə azad və demokratik, xalqımızın layiq olduğu səviyyədə yaşamasına şərait yaradan bir dövlət qurulmasına nail olacağıq.

Tanrı Azərbaycanımızı qorusun!”

isagambar.az, 16.11.2007, Bakı