“İnsanovun YAP-a “yaramaz” deməsi prinsipial qiymətdir”

İsa Qəmbər: “Qərbi Azərbaycandan olan soydaşlarımızın incidilməsi ölkədəki sosial, elektoral proseslərə təsir edəcək”


Ölkədə xeyli müddətdən bəridir davam edən siyasi süstlük artıq aradan qalxmağa başlayır. Müsavat Partiyasının uzun zamandan bəri ölkədə hökm sürən qeyri-rəsmi fövqəladə vəziyyətə son qoyaraq, kütləvi etiraz aksiyalarına başlaması, hətta ADP-də, “Azadlıq” blokunda cərəyan edən parçalanma prosesləri belə siyasi mühiti xeyli canlandırıb.

Keçmiş səhiyyə naziri, YAP-ın qurucularından olan Əli İnsanovun srağagün başlayan məhkəmə prosesi isə cəmiyyətdə böyük rezonans doğurub, günün hadisəsinə çevrilib. Müsavat başqanı İsa Qəmbərlə dünənki söhbətimizi də bu və başqa aktual məqamların üzərində qurduq.

- Əli İnsanovun məhkəmə prosesinin başlanması və onun çıxışı günün ən aktual mövzusuna çevrilib. Çoxlarının gözləmədiyi halda keçmiş nazir hakimiyyətlə bağlı kifayət qədər sərt danışdı. Baş verənləri necə dəyərləndirirsiniz?


- Sualınıza cavab verəcəm. Amma məncə, günün ən aktual məsələsi xalqın, demokratik düşərgənin bu hakimiyyətə qarşı mübarizəsidir və bu mübarizənin növbəti mərhələsi olan 18 fevral mitinqidir. Əli İnsanovun məhkəməsi, digər məsələlər nə qədər önəmli, maraqlı olsa da, diqqəti cəlb eləsə də, həlledici deyil. Həlledici məsələ demokratik düşərgənin hakimiyyətlə mübarizəsində təzahür edən proseslərdir.
Sualınıza gəlincə... Haqqında danışdığınız məhkəmə maraqlı bir proses olacaq. Elə Əli İnsanovun özü də bunun belə olacağının anonsunu verdi. Ancaq bu anons gerçəkləşəcək ya yox, bunu əvvəlcədən söyləmək çətindir. Xatırlayırsınızsa, Hacı Məmmədov da məhkəmə başlayanda bir çox açıqlamalar verəcəyini, cəmiyyəti şoka salacağını bəyan etmişdi. Elmar Hüseynovun guya Fərhad Əliyevin sifarişiylə qətlə yetirilməsi kimi inandırıcı görünməyən açıqlamadan başqa, elə bir ciddi söz demədi. Mən Hacı Məmmədovla Əli İnsanovu müqayisə eləmək istəmirəm. Onlardan biri insan oğurluğu, qətllərlə məşğul olan cinayətkar, digəri isə Əliyev rejiminin dayaqlarından, rejimin korrupsiya sisteminin önəmli fiqurlarından biridir. Əli İnsanovun YAP-a “yaramaz” deməsi Sirus Təbrizlinin bu təşkilatı “simasız quldurlar partiyası” adlandırmasından sonra hakim partiyaya verilən ikinci prinsipial qiymətdir. Cəmiyyət, müxalifət bu partiyaya çox qiymət verib. Amma YAP-ın qurucusu, yaradıcısı olanlar tərəfindən ikinci dəfədir ki, belə prinsipial və çox maraqlı qiymət verilir. Özünün də dediyi kimi, Əli İnsanov bu partiyanın qurulmasında, inkişafında, hakimiyyətə gəlməsində həlledici fiqurlardandır. Önəmli və diqqətçəkən məqamlardan biri də onan ibarətdir ki, Əli İnsanova da bir sıra məmurlar kimi, dövlət çevrilişinə cəhddə iştirak ittihamı verilsə də, istintaqın gedişində faktiki olaraq bundan imtina olunub. İqtisadi, təsərrüfat, vəzifədən sui-istifadə ilə bağlı başqa ittihamlar əsasında məhkəmə prosesi başlanıb. Bu özü də hakimiyyətin Əli İnsanovu, Fərhad Əliyevi, başqalarını həbs etməsində gizlənən müəmmaların yavaş-yavaş açılacağından xəbər verir.

- Bəzi mülahizələrə görə, Əli İnsanovun üzərindən dövlət çevrilişi ittihamı onun beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınmasının qarşısını almaq məqsədiylə götürülüb.


- Məsələyə belə məntiqlə yanaşmaq olar. Amma bu, formal məntiqdir. Formal baxımdan dövlət çevrilişində iştirak cəhdində ittiham insanı birbaşa olaraq siyasi məhbusa çevirir. Deyəsən, hakimiyyətdəkilər də bunu anlamağa başlayıblar. Ancaq “siyasi məhbus” termini kifayət qədər diskussiyalardan keçmiş və sonrakı mərhələlərdə aydınlaşmağa başlmış bir termindir. Xatırlayırsınızsa, Avropa Şurasının ekspertləri bu problemlə üzləşəndə, müəyyən araşdırmalardan sonra terminin izahını vermişdilər. O izahın bəndlərindən birində qeyd olunur ki, eyni cinayəti, qanundankənar hərəkəti edən insanların əksəriyyəti məsuliyyətə cəlb olunmur, biri cəlb olunursa, bunun özündə bir siyasi təqib elementi var. Mən bu gün Əli İnsanovu siyasi məhbus elan etmək fikrindən çox-çox uzağam. Amma bəlli məsələdir ki, Əliyev rejiminin məmurlarının, nazirlərinin, demək olar ki, hamısı bu və ya başqa miqyasda rüşvətə, korrupsiyaya bulaşıblar. Onlardan birini rüşvət, korrupsiya maddələriylə ittiham edib, başqalarını kənarda qoyub tərifləmək, təbii ki, hüquqi yox, siyasi qərardır. Əli İnsanovun siyasi məhbus kimi qəbul olunub-olunmayacağı isə bir çox amillərdən - vəkillərin, hüquq müdafiəçilərinin məsələni diqqətlə izləməsindən, savadlı addımlar atmasından, hakimiyyətin məhkəmə prosesini nə cür aparmasından asılı olacaq. Bunu gələcək göstərəcək. Ancaq təcrübəyə əsaslanıb demək olar ki, bu, elə də sadə proses deyil. Məsələn, Rusiyada Xodorkovskinin siyasi məhbus olub-olmaması bardə beynəlxalq təşkilatlar hələ də birmənalı nəticəyə gəlib çıxmayıb.

- Əli İnsanov elə ilk məhkəmə iclasında diqqətçəkən mesajlar verib, tərəfdarlarına müraciət edib. Keçmiş nazir ona qarşı edilənləri müxalifətin yox, iqtidarın etdiyini xüsusilə vurğulayıb. İstər-istəməz belə bir sual ortaya çıxır: İlham Əliyevin hakimiyyəti dönəmində vəzifəsindən uzaqlaşdırılan, “vurulan”, həbsə atılan məmurların müxalifətlə əməkdaşlığına dair təkliflər olubmu?


- Mən bütün müxalifətin adından danışa bilmərəm. Müsavata gəlincə, bizə hakimiyyət nümayəndələrindən, orada yüksək vəzifə tutan şəxslərdən birbaşa hər hansı təklif gəlməyib. Müxtəlif adamlar vasitəsiylə, bunu “zondaj” adlandırmaq daha doğru olar, zondaj aparmağa, yəni qabaqcadan mövqe öyrənməyə çalışıblar. Yəni bizim bu məsələyə münasibətimiz necədir, bu məsələ necə ola bilər, mövqeyimizə təsir göstərmək mümkündürmü? Birmənalı cavablar alıblar, görüblər ki, mövqeyimiz haqqa, ədalətə, Azərbaycanın qanunlarına, xalqın maraqlarına əsaslanır. Bu mövqe kiminsə xoşuna gələ, ya da gəlməyə bilər, amma bu mövqeyə süni üsullarla təsir eləmək mümkün deyil. Odur ki, bu tipli müraciətlərin elə bir xüsusi perspektivi olmayıb.

- “Zondaj” yapanların içində Əli İnsanova yaxın çevrələr də olubmu?


- Konkret bir müraciət yoxdur. Mən ona görə bunu “zondaj” adlandırdım. Özü də bu proses elə bir şəkildə aparılır ki, bunu onların adından gələn təklif kimi dəyərləndirmək də mümkün deyil. Çünki ağıllı siyasi “zondaj” elə bir şəkildə edilir ki, onda iştirak edən adamların adlarını ortaya qoymaqla heç bir şey dəyişmir. Prosesi aparan tərəf hər zaman deyə bilər ki, bu, mənlik deyil, bundan xəbərim yoxdur.

- Əli İnsanovun və digərlərinin timsalında hakimiyyətin Qərbi Azərbaycandan olan insanları özündən narazı salması, sizcə, qüvvələr nisbətinə necə təsir edir? Doğrudanmı, elektoral baza baxımından bu, hakimiyyətin ziyanına işləyir?


- Müsavat olaraq Azərbaycan xalqını heç bir zaman regionlara, bölgələrə bölməmişik. Biz xalqımızı bütöv görürük. Bütün insanlara da münasibətimiz eyni dərəcədə xoşməramlıdır. Qərbi Azərbaycan adlandırdığınız bölgənin insanları ilə də Müsavatın heç vaxt problemi olmayıb. Biz hər zaman onları ən doğma adamlarımız kimi qəbul eləmişik. Bu günlərdə söhbət zamanı Qərbi Azərbaycan termini işlənəndə dedim ki, nəzərə alsaq ki, tarixi baxımdan Azərbaycan-türk xalqı Xəzərdən Qara dənizə qədər olan ərazidə hər zaman yaşayıb, bizim haqqında danışdığımız region Azərbaycanın qərbi yox, qəlbidir. Çünki yaşayış arealımızın düz ortasında yerləşib. Bizim həmin regionla bağlı heç bir zaman problemimiz olmayıb, ola da bilməz. Hakimiyyət isə hər zaman siyasətini regionlar üzərində qurub. Regionları qarşı-qarşıya qoyub, müxtəlif bölgələrdən olan insanları gah ələ alıb, gah da alçaldıb, başqalarına hər şeyin onlardan asılı olduğunu göstərib. Son zamanlar, İlham Əliyev hakimiyyəti dönəmində də bu tendensiyalar kifayət qədər güclü şəkildə davam edib. Sadəcə, ola bilsin ki, Heydər Əliyev dövründə bu siyasət daha aydın şəkildə aparılırdı, İlham Əliyevin hakimiyyəti dövründə isə üstüörtülü şəkildə davam etdirilir. Bu son notlar onu göstərdi ki, kiminsə bütün regionun onun arxasında durması, ondan ötrü ayağa qalxmağa hazır olduğunu iddia etməsi özünü doğrultmadı. Bu da günümüzün bir gerçəkliyidir. Başqa bir gerçəklik də var - son iki-üç ildə Qərbi Azərbaycandan olan soydaşlarımız, qardaşlarımız özlərini incidilmiş, aldadılmış, sıxışdırılmış hiss eləməyə başlayıblar. Bunun da ölkədəki sosial, elektoral proseslərə təsiri olmaya bilməz. Təbii ki, bu, özünü yaxın gələcəkdəki siyasi proseslərdə göstərəcək.

- Həmin bölgədən olan insanların Müsavatın, müxalifətin ətrafında daha sıx birləşməsi üçün hansısa işlər aparılırmı?
Bəzi müşahidəçilər deyirlər ki, Müsavat öz siyasətində Qərbi Azərbaycan faktorunu kifayət qədər nəzərə almır, bu bölgədən olan soydaşlarımızla lazımi səviyyədə işləmir...


- Mən bu yanaşma ilə razı deyiləm. 2000-ci ilin parlament, 2003-cü ilin prezident seçkilərində də Müsavatın qazandığı səslərdə qərbi azərbaycanlıların payı kifayət qədər yüksək idi. Bu, sadəcə olaraq, söz deyil, konkret seçki protokolları, müşahidələr əsasında sübut olunan həqiqətdir. Digər tərəfdən, heç bir zaman hiss eləməmişəm ki, kimsə Müsavatı regionlara fərqli yanaşmaqda ittiham edə bilsin. Yenə deyirəm, biz insanlara regional mənsubiyyətlərinə görə yanaşmırıq. Amma kiminçünsə regional mənsubiyyət məsələsi maraqlıdırsa, insaf da dinin yarısıdır, mənim bu gün beş müavinimdən ikisi Qərbi Azərbaycan regionundandır. Onları qərbi azərbaycanlı olduqları üçün müavin təyin eləməmişəm, sadəcə, bu şəxsləri fədakarlıqlarına və layiq olduqlarına görə həmin vəzifəyə layiq görmüşəm. İndiki mərhələdə isə yalnız ayrı-ayrı regiondan olan insanlara, qərbi azərbaycanlılara, bakılılara, şirvanlılara, qarabağlılara, naxçıvanlılara, cənub, şimal bölgəsindən olan qardaş-bacılarımıza müraciət eləmirəm ki, Müsavatla, mənimlə birgə olun. Mən bütün Azərbaycan vətəndaşlarını öz talelərinə, problemlərinə sahib çıxmağa çağırıram.

- Nədənsə siz bu tip məsələlərə bir qədər ehtiyatla yanaşırsız. Axı başqa ölkələrdə, o cümlədən qardaş Türkiyədə region faktorunu nəzərə almaq, bu yöndə siyasət qurmaq normal qəbul olunur. Bu reallıqdan qaçmaq nə dərəcədə düzgündür?


- Mən məsələyə bu şəkildə yanaşmıram. Təbii ki, bir tarixçi, siyasətlə məşğul olan insan kimi Azərbaycanın bütün gerçəkliklərindən xəbərdaram. Amma bir regionu fəallaşmağa çağırıb, başqasının passiv olmasıyla razılaşa bilmərəm. Mən bütün insanları fəallığa çağırıram.

- Hacı Məmmədovun məhkəməsi bu hakimiyyəti ciddi şəkildə ifşa etdi. İndi Əli İnsanovla bağlı başlanan məhkəmə dediyimiz prosesi bir qədər də dərinləşdirəcək. Yəqin ki, az sonra Fərhad Əliyevin məhkəməsi başlanacaq. Sizcə, bütün bunlar bir yerdə hakimiyyət üçün nə demək olacaq? Hakimiyyət nəyə görə proseslərin bu dərəcədə açıq şəkildə baş verməsinə razılaşır?


(ardı var)

Yeni Müsavat qəzeti, 17 fevral 2007-ci il, Azər AYXAN, Məhbubə QASIMBƏYLİ