Müsavatın mitinqinə icazə verildi

Dünən aksiyaya hazırlıqla bağlı müşavirə keçirildi

Dünən Bakı Şəhər İcra hakimiyyəti 18 mart mitinqi ilə bağlı Müsavat Partiyasının müraciətinə müsbət cavab verib. Qeyd edək ki, sabah saat 15-dən 17-dək "həzi Aslanov" metro stansiyasından başlamaqla Ukrayna meydanınadək yürüş, sonda mitinq keçirilməsi nəzərdə tutulub. Kütləvi tədbirdə "İşıq pulu, qaz pulu, millətin yoxdu pulu!", "İşıq, su, qaz - belə bahalıq olmaz!", "İnsanları eşidin, qiymətləri endirin!", "Vətəndaşların komunal borcları ləğv edilsin" şüarları səsləndiriləcək. Müsavat Partiyası mitinqlə bağlı ictimaiyyətə məlumat verilməsi üçün İctimai Televiziya və AzTV-dən efir vaxtı istəyib. Dünən Müsavat başqanı İsa Qəmbərin və partiyanın mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlunun imzasıyla adıçəkilən telekanalların rəhbərliyinə məktub göndərilib. Məktubda telekanal rəhbərliyindən mitinqin məqsədləri barədə vətəndaşlara məlumat verilməsi üçün Müsavat Partiyası funksionerlərindən birinə efir vaxtının ayırılmasına şərait yaratmaları xahiş edilib. Dünən partiyada mitinq hazırlıqları davam etdirilib. Müsavat başqanının iştirakı ilə Bakı şəhəri və ərazisi işğal altında olan rayon təşkilatları təmsilçilərinin ümumi müşavirəci keçirilib. Müsavat İcra Aparatının rəhbəri, Mitinq Komitəsinin sədri Arif hacılı ilk öncə çıxış edərək, 18 mart aksiyası ilə bağlı qərar veriləndən ötən müddət ərzində aparılan təşkilati-texniki işlər barədə məlumat verdi. O, mitinqin təşkilatçılığında KAXCP-nin də iştirak etdiyini söylədi: "Bu aksiyanın əvvəlkilərdən fərqi yürüş-mitinqin vaxtı ilə bağlıdır. Belə ki, aksiya 15-dən 17-dək davam edəcək. Müsavatçılardan saat 14:30 "həzi Aslanov" metrostansiyası yaxınlığında olmağı xahiş edirik". Arif bəy bu dəfəki mitinqdə rayon təşkilatlarının kalon şəklində hərəkət edəcəklərini bildirdi. Eyni zamanda plakatların sayının artırıldığını dedi. Müsavat yetkilisi çağırış vərəqələrinin paylanması istiqamətində rayon təşkilatları sədrlərinə bir sıra tapşırıqlar da verdi. Daha sonra çıxış edən Divan üzvü Qubad İbadoğlu qiymət artımından sonra ölkədə yaranan iqtisadi-sosial gərginliyə toxundu. Qeyd etdi ki, iqtisadiyyatın bütün sahələrində yaranmış böhrana baxmayaraq, hakimiyyətin reallığı əks etdirməyən rəqəmlər açıqlamaqda davam edir. Bir neçə istiqamətdə bahalaşmanın gözlənildiyini deyən Q.İbadoğlu ölkədə çörək təminatında ciddi problemlər yarana biləcəyini qeyd etdi: "Əhaliyə verilən qazın qiymətinin artması, bəzi müəssisələrin fəaliyyətlərini dayandırması gözlənilir". Daha sonra İsa Qəmbər söz aldı. Başqan Müsavatın xalqın maraqlarından çıxış etdiyini bildirdi: "Azərbaycanda hakimiyyətin apardığı siyasətdən böyük narazılıq var. Müsavat Partiyasından başqa heç bir siyasi qüvvə vəziyyətlə bağlı tədbir təşkil etmir, eyni zamanda gücünü ortaya qoymur. Nəyisə gözləyirlər. Bu şəraitdə Müsavat 3-cü kütləvi tədbirini keçirməyə hazırlaşır. Bu yürüş-mitinqdə fərqli səviyyə nümayiş etdirilməlidir. İradəmizi ortaya qoyub cəmiyyəti hərəkətə gətirməliyik". Müsavat Deputat Qrupunun üzvü Pənah hüseyn vətəndaşları mitinqdə fəal olmağa çağırdı. Pənah bəy say baxımından bu dəfəki kütləvi tədbirdə daha çox insanın iştirakının gözlənildiyini dedi: "Müsavatın mitinqi vəziyyətə adekvat addımdır. hər kəci fəal olmağa çağırıram".

Yeni Müsavat qəzeti, 17 mart 2007-ci il,  L.ƏLİYEVA