Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının toplantısı olub. Toplantı başlayarkən bu gün 40 yaşı tamam olan mərhum jurnalist Elmar Hüseynovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra görülən işlər və qərarların icra vəziyyəti müzakirə olundu. Partiyadaxili məsələlərə baxılıb və Almaniyanın Frankfurt şəhərində yaşayan soydaşlarımız Əli Bağırov və Abid Cavadovun Müsavat Partiyasına üzvlüyünə qəbul olunmaqla bağlı ərizələri müzakirə olunub. Hər iki soydaşımız yekdilliklə partiya sıralarına qəbul edilib.

Daha sonra ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Son vaxtlar enerji daşıyıcılarının və kommunal xərclərin qiymətlərinin yenidən qaldırılacağı ilə bağlı mətbuatda səslənən fikirlərə münasibət bildirilib. Qeyd olunub ki, bu addım onsuz da ağır sosial-iqtisadi durumda olan əhalinin vəziyyətini daha da pisləşdirəcək, bütün sahələrdə qiymətlərin artırılmasına gətirib çıxaracaq. Divan hakimiyyəti bu cür düşünülməmiş qərarlar verməkdən çəkinməyə çağırır. Toplantıda son vaxtlar hakimiyyətin təhlükəli zonalarda yerləşməsi bəhanəsi ilə yaşayış evlərinin sökülməsi barədə verdiyi qərar müzakirə edilib. Qeyd olunub ki, minlərlə insana imzasız və möhürzüz xəbərdarlıq məktubları təqdim edilərək, onlara bir həftə müddətində evlərini sökmələri əmr edilir. Ən təəccüblüsü budur ki, əhalinin sosial cəhətdən ən imkansız təbəqələrinin yaşadıqları bu evlərin sökülməsi müqabilində kompensasiya ödənilib-ödənilməyəcəyi məlum deyil. Partiyanın Divanı hakimiyyəti bu özbaşınalıqdan əl çəkməyə çağırıb və qeyd edib ki, Müsavat Partiyası bu qəbildə olan vətəndaşların hüquqlarını qorumaq üçün bütün qanuni vasitələrdə istifadə edəcək.

Divan AXC-nin yaradılmasının 18-ci ildönümü münasibəti ilə bu təşkilatın yaradılmasında zəhməti olan bütün şəxsləri təbrik edib.

Axırda cari məsələlərə baxılıb.

isagambar.az, Bakı, 17 iyul 2007-ci il