Müsavatın 3-cü etiraz aksiyası
Minlərlə insan bu rejimə YOX dedi!
Müsavat Partiyası bu ilin 3-cü aksiyasını - martın 18-də saat 15-dən 17-dək
Bakının Həzi Aslanov m/s-dan Ukrayna meydanınadək yürüş-mitinqini uğurla başa
çatdırdı. Mitinqi İbrahim İbrahimli aparırdı. Mitinqdə Millət Vəkili Pənah
Hüseynov, gənclərin nümyəndəsi Tural Abbaslı, Müsavat başqanının müşaviri, Səxavət Əlisoy, keçmiş səhiyyə naziri Əli İnsanovun hüquqlarını
müdafiə komitəsinin sədri Rizvan Talıbov və Müsavat başqanı İsa Qəmbər çıxış
etmişlər!
Çıxışları diqqətinizə çatdırırıq:
“Quldurluğa görə bu hakimiyyət mühakimə olunmalıdır”
Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bunun səbəbini izah edərək bildirdi
ki, araşdırma aparılarkən əraziyə verilən enerjinin gərginliyi cəmi 160 voltdur
və ona görə də elektrikdən normal şəkildə istifadə etmək mümkün olmur: “Bunlar
bizə keyfiyyətsiz, zay mal verib cibimizə girirlər. Bu, Azərbaycan miqyasında
100 milyonlarla ölçülən bir oğurluqdur. Biz ciblərimizdən oğurlanan bu vəsaiti
mənimsəyən adamlara, konkret olaraq “Azərenerji”yə və onun rəhbərliyinə xalq
oğrusu deməyib nə deyək? Bunlar oğrudur. İkincisi bu, bir soyğunçuluqdur. Bizə
nəinki keyfiyyətsiz mal verirlər, hətta istifadə eləmədiyimiz mal, məsələn,
elektrik enerjisi üçün pul tələb edirlər. Bu, təkcə soyğunçuluq deyil,
quldurluqdur. Oğurluq, soyğunçuluq və quldurluğa görə isə bunlar bizə cavab
verməlidir. Bu adamlar mühakimə olunmalı və onlardan kompensasiya
istənilməlidir".
Millət vəkili işıqla bərabər, vətəndaşlara keyfiətsiz qaz verilməsindən,
sayğaclara da hansısa əməllərin edilməsindən danışdı. P.Hüseyn dedi ki,
Azərbaycanda bütün sahələrdə quldurluq, soyğunçuluq, əliəyrilik müşahidə olunur.
Natiq Fövqəladə Hallar Nazirliyinin bahalı, çoxlu yanacaq işlədən maşınlarından
da bəhs etdi: “Əgər enerji qıtlığı varsa, qənaət lazımdırsa, xalqın inkidi ağır
vəziyyətində qudurğanlıq etməyin mənası nədir? Özlərini bizə göstərirlər”.
Çıxışçı Dövlət Əmlakının İdarə Olunması və Dövlət Əmlakının Özəlləşdirilməsi
Komitəsinin fəaliyyətini də kəskin tənqid etdi. Bildirdi ki, Əli İnsanovun
məhkəməsində səslədirilən özəlləşdirmə ilə bağlı faktlar bu komitənin nə işlə
məşğul olduğunu, milyardlarla pulu mənimsədiyini, bu qurumun əslində dövlət
əmlakının talan olunması komitəsi olduğunu göstərir: “Dövlət əmlakını bu cür
adamlara tapşırmaq təqribən qoyunu canavara tapşırmaq kimi bir şeydir. Kərəm
Həsənov canavar-zad deyil, canavarlar başqalarıdır. Biz xalqın bu həqiqi,
sürüyeyən canavarlardan xilas olmasını tələb edirik. Xilas edə bilmirlərsə,
getsinlər”.
P.Hüseyn təmsil olunduğu rayonların timsalında bütün bölgələrin ağır
problemlərlə üzləşdiyini konkret faktlarla söylədi: “Məncə, Müsavat Partiyası da
bəyan etməlidir ki, biz bu gün hakimiyyət uğrunda yox, ailəmizin, uşağımızın,
ata-anamızın yaşayışı uğrunda mübarizə aparırıq. Görün vəziyyət hansı həddə
gəlib çatdı ki, Sirus Təbrizli dedi “qardaş, yalan danışmayın, bu iş yerləri
yoxdur, camaat işıq, qaz tapmır, dövlət başçısına yalan məlumat verməyin”. Daha
sonra P.Hüseyn deputat Hüseyn Abdullayevin də hökumətin nağıllarına etiraz
etdiyini xatırlatdı. Sonra o, maraqlı “açıq səsvermə” keçirdi. O, “Fəzail
Ağamalını, yoxsa Hüseyn Abdullayevi haqlı sayırsınız” deyə meydana müraciət
etdi. F.Ağamalıya bir nəfər də olsa “səs” verən olmasa da, H.Abdullayevin adı
gələndə yüzlərlə əl havaya qalxdı. Pənah bəy bildirdi ki, bu ölkədə sosial
inqilabı müxalifət yox, İqtisadi İnkişaf və Maliyyə nazirlikləri hazırlayır:
“Çünki bu cür siyasi kursun axırı yoxdur”.
Deputat əhalini mövcud ağır durumdan çıxarmaq üçün Müsavat başqanının çıxış yolu
göstərdiyini də bildirdi. Qeyd etdi ki, hökumət əhalinin kommunal borclarını
ləğv etməlidir. P.Hüseyn yekunda bütün xalqı öz haqqı uğrunda mübarizə aparmağa,
bütün təşkilatları Tanrının yaratdığı şansdan yararlanıb birləşməyə çağırdı:
“Biz bu vəziyyətdən mütləq çıxacağıq və qalib gələcəyik”.
Gəncliyə mesaj: “Hakimiyyəti layiq olduğu yerə göndərək!”
Azərbaycan gəncliyi adından danışmaq üçün söz alan Tural Abbaslı bildirdi ki,
qiymət artımının ən böyük zərbəsi elə onlara dəyib: “Bu gün Azərbaycan gəncliyi
elmlə məşğul olmaq, təhsil haqqında düşünməli olduğu halda, müvəqqəti iş
yerlərində çalışır. Azərbaycan gəncliyinin böyük əksəriyyəti “konduktor”dur. Bu,
məqsədyönlü siyasətin tərkib hissəsidir. Amma öz övladları nəinki Azərbaycanda,
xarici dövlətlərdə təhsil alırlar. Sadə insanların övladları isə təhsil almaq
əvəzinə, universitet rəhbərliyilə danışıb işləyirlər ki, təhsilhaqqını ödəyə
bilsinlər”. T.Abbaslı hakimiyyətin lazımsız yerlərdə körpülər, keçidlər
tikdirməklə xalqın gözünə kül üfürdüyünü bildirdi: “Kimə lazımdır bu lazımsız
keçidlər? Əyalətlərdə gənclər qalmayıb, əksəriyyəti Türkiyəyə, Rusiyaya, özü də
hambal işləməyə gedirlər. Budurmu İlham Əliyevin, yaxud bunların ümummilli
liderinin uzaqgörən siyasəti? Bizə belə hakimiyyət lazım deyil”. Natiq
həmyaşıdlarının problemlər ucbatından ailə qura bilmədiyini də söylədi. Bildirdi
ki, gənclərin son qəpiyinə də göz dikən hakimiyyəti qəbul etmirlər: “Bu
hakimiyyəti layiq olduğu yerə, özləri deyən kimi, tarixin arxivinə göndərmək
lazımdır”. T.Abbaslı Azərbaycan gəncliyinin müti olmadığını, yatmış şir olan
gəncliyin öz vaxtını gözlədiyini dedi və həmyaşıdlarını mübarizəyə səslədi.
“Haqqımızı tələb etməyincə, onu geri ala bilməyəcəyik”
Müsavat başqanının müşaviri Səxavət Əlisoy Sumqayıtda həkim həmkarları ilə
söhbəti xatırlamaqla sözə başladı: “Onlar dedilər ki, İlham Əliyev hər il bizim
maaşımızı bir-iki kiloqram qoyun ətinin pulu miqdarında artırır. Müəllimlərə də
münasibət eynidir. Əcəba, bir vaxtlar ən mübariz xalq olan Azərbaycan xalqı indi
bir-iki kiloqram qoyun ətindən ötrü haqq sözünü deməkdənmi qorxur? Belədirsə,
bu, dəhşətdir. Biz haqqımızı tələb etməyincə, onu geri ala bilməyəcəyik”.
S.Əlisoy xatırlatdı ki, Kommunist Partiyası sıralarında 500 min nəfər üzv olanda
dağıldı: “YAP-ın da üzvlərinin sayı 500 min nəfərə çatıb. YAP dağılır, özü də
yuxarıdan”. Natiq YAP üzvü olan həkimlərə müraciət etdi: “YAP-ın
yaradıcılarından biri olmuş Əli İnsanov bu gün bu partiyanı “yaramaz partiya”
adlandırırsa, hansı mənəviyyatla o partiyanın sıralarında qalmaq olar? Özünüzdə
təpər tapıb, YAP üzvlüyündən imtina edin. Bu partiyanın rəhbərliyində
cinayətkarlar, adam öldürənlər azmıdır? Bunu biz yox, YAP-ı yaradanlar deyirlər.
Dünən Sirus Təbrizli, srağagün Əli İnsanov, Əli Əlirzayev dedi, sabah onların
sayı artacaq”.
Daha sonra analoji sözlərlə müəllimlərə müraciət edən S.Əlisoy Cəfər Cabbarlının
şerindən misal gətirəndən sonra “YAP-ın altından biri çıxandan sonra o
partiyanın guppultusunu görəcəksiniz” dedi.
Qərbi azərbaycanlıların mitinqi azadlıq meydanında olacaq
Meydan çıxış üçün söz verilən Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin
sədri, Qayıdış Birliyinin rəhbəri Rizvan Talıbovu yüksək səviyyədə qarşıladı.
Kifayət qədər səviyyəli çıxışı ilə yadda qalan R.Talıbov ölkə insanının başına
gətirilən oyunlardan bəhs etdi: “Mən inanıram ki, Azərbaycan xalqı öz haqqını bu
rejimdən alacaq, bu dilənçilikdən, səfalətdən qurtaracaq. Buna inandığım üçün də
Müsavat və KAXCP-nin təşkil etdiyi mitinqə qoşulmuşam. Bütün tərəfdarlarımı,
bütün ermənistanlıları bu korrupsiya və rüşvətə uğramış rejimə qarşı bütün
müxalifət qüvvələrinə dəstək verməyə çağırıram”. Rizvan bəy ermənistanlıların
guya hakimiyyətdə təmsil olunması səbəbindən iqtidarı dəstəklədiyi haqda
fikirləri “ağ yalan” adlandırdı. Eyni zamanda xalqa müraciət etdi: “Evdə
oturmayın, əzizlərim, mübarizə, haqq-ədalətin bərpa zamanı gəlib çatıb”.
R.Talıbov hakimiyyətə işləyən televiziyalara da müraciətlə onları xalqa xidmət
etməyə səslədi. Natiq daha sonra kütləvi tədbirlərin şəhər mərkəzində
keçirilməsi təşəbbüsü ilə çıxış etdi: “Biz bu aksiyamızı Prezident Aparatı,
Hökumət Evinin qarşısında, Azadlıq meydanında keçirməliyik”.
Onun bu təklifi razılıqla qarşılandı və meydan uzun müddət “Azadlıq!”, “İstefa!”
hayqıraraq dəstək verdi. Ardınca R.Talıbov “70 faizi ermənistanlılardan ibarət
olan” polislərə üz tutub onları salamladı. Eyni zamanda onları qanunçuluğu
pozanların keşiyində durmamağa çağırdı. Ermənistanlı toplumun da xalqın
maraqları uğrunda mübarizəyə hazır olduğunu bəyan etdi. Bildirdi ki, Qayıdış
Birliyi aprelin 25-də keçirəcəyi toplantısında davamlı kütləvi etiraz
aksiyalarına başlamaq qərarını verəcək: “Biz Azərbaycanın gələcəyi uğrunda
mübarizə aparan qüvvələrə dəstək vermək haqqında qərar layihəsi hazırlamışıq.
Bizim aksiyalarımız yalnız və yalnız Azadlıq meydanına sığa bilər. Biz bu
aksiyanı bütün müxalifətlə birgə o meydanda keçirəcəyik. Xalqın haqqını
yeyənlərə, ermənilərlə qohum olanlara qalib gələcəyik”.
Yekunda YAP ideoloqu Sirus Təbrizlinin çağırışına uyğun olaraq Milli Parkda
etiraz gəzintisinə səsləyən R.Talıbov eks-nazir Əli İnsanovu müdafiə edənlərə
təşəkkürünü bildirərək elm adamını həbsdə saxlayanları lənətlədi.
Daha sonra Müsavat başqanı İsa Qəmbərə söz verildi.
Mitinqin yekununda qəbul edilən qətnamədə bahalaşma ilə bağlı qərarların dərhal
ləğvi, əhalinin aztəminatlı təbəqələrinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün
ciddi tədbirlərin həyata keçirilməsi, əmək haqları təqaüdlər və digər xarakterli
yardımların ciddi surətdə artırılması, əhalinin kommunal xərclər və enerji
daşıyıcıları ilə bağlı dövlətə olan bütün borclarını silinməsi, korrupsiya,
rüşvətxorluq, məmur özbaşınalığına qarşı sərt tədbirlərin görülməsi tələbləri
əksini tapırdı. Yüksək əhval-ruhiyyə ilə keçirilən etiraz tədbiri dövlət
himninin oxunması ilə yekunlaşdı.
Mitinqin əsas şüarları bunlar idi:
- "İşıq pulu, qaz pulu - hanı Ceyhanın pulu?"
- "Bahalaşdı yanacaq, yox iqtidarda qanacaq..."
- "Qaz, işıq çox baha, yaşamaq olmur daha..."
- "Bahalaşır qaz, işıq, çox pis günə qalmışıq..."
- "İstefa!.."
- "Müsavat!.."
- "İsa bəy!.."
...
Mitinqdə 3-4 min nəfər müsavat fəalı və bitərəf iştirak edirdi. Bakı polis idarəsinin məlumatına görə, 18 mart mitinqinə 500-550 nəfər qatılıb...
Müsavat Partiyasının 18 mart 2007-ci ildə keçirdiyi yürüş-mitinqin qətnaməsi
Hökumətin enerji daşıyıcılarının və digər kommunal xidmətlərin qiymətlərinin
birdən-birə kəskin şəkildə artırmaq haqqında qərarı ölkədə sosial-iqtisadi
durumu gərginləşdirib, əhalinin əksər təbəqələrinin, xüsusən də aztəminatlı
ailələrin vəziyyətini daha da pisləşdirib. Hakimiyyət dairələri, xüsusilə də
ölkə başçısı yol verdikləri səhvi düzəltmək əvəzinə nümayişkaranə surətdə, onsuz
da, psixoloji durumu gərgin olan xalqı hövsələdən çıxaran uğursuz və səviyyəsiz
bəyanatlar verir, ölkədə gərgin olan ab-havanı bir az da gərginləşdirirlər.
Bütün bunlar bir daha təsdiq edir ki, “sürətli iqtisadi inkişaf”, “xalqın
gündən-günə artan rifahı” haqqında söylənilən nağıllar sabun köpüyü kimi
dağılmaqda, hökumətin iqtisadi siyasətinin iflasa uğradığını əyani surətdə
təsdiq etməkdədir. Üstəlik korrupsiya və rüşvətin çiçəklənməsi, aydın surətdə
nəzərə çarpan özbaşınalıq və anarxiya mühiti, məmur özbaşınalığı və qanunlara
hörmətsizlik təkcə xalqın həyat səviyyəsi baxımından yox, həmçinin sahibkarlıq
sahəsində də vəziyyəti xeyli dramatikləşdirir. Nəticə etibarı ilə vətəndaşların
bu iqtidarın səriştəsiz siyasətinə, ölkə əhalisinə sayğısızlığına etirazları
günbəgün genişlənir.
Müsavat Partiyası hesab edir ki, indiki şəraitdə xalqın bütün təbəqələri
hakimiyyətin bütün özbaşınalıqlarına qarşı səfərbər olmalı, öz hüquqları uğrunda
ardıcıl mübarizəyə qalxmalıdır. Yalnız belə bir şəraitdə ölkədə hökm sürən
dərəbəyliyin və qanunazidd hərəkətlərin qarşısını almaq və ölkədəki vəziyyəti
normallaşdırmaq mümkündür. Partiya əmindir ki, xalqımız bu anormal hakimiyyətin
şıltaqlıqlarına dözməyəcək, onu öz yerində oturtmaq üçün daha geniş birlik və
həmrəylik nümayiş etdirərək mübarizəni davam etdirəcək.
Müsavat Partiyasının 18 mart 2007-ci ildə keçirdiyi mitinqin iştirakçıları
hakimiyyətin iqtisadi cəhətdən əsaslandırılması mümkün olmayan absurd siyasətini
kəskin surətdə pisləyərək tələb edir:
• geniş xalq kütlələrinin maraqlarına cavab verməyən bu məsuliyyətsiz
qərarlar dərhal ləğv edilsin;
• əhalinin aztəminatlı təbəqələrinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün
ciddi tədbirlər həyata keçirilsin, əmək haqları, pensiya, müavinət və digər
xarakterli yardımlar ciddi surətdə artırılsın;
• əhalinin kommunal xərclər və enerjidaşıyıcıları ilə bağlı dövlətə olan bütün
borcları ləğv edilsin;
• korrupsiya və rüşvətxorluğa, inhisarçılığa, məmur özbaşınalığına qarşı sərt
tədbirlər görülsün;
• neft və digər büdcə gəlirləri və onların xərclənməsi üzərində həqiqi ictimai
nəzarət və şəffaflıq təmin edilsin, bu gəlirlərdən səmərəsiz istifadəyə son
qoyulsun.
Müsavat Partiyasının mətbuat xidməti, 18 mart, 2007-ci
il
![]() |
||
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
||