Müsavat Partiyasının bəyanatı
Bu gecə Müsavat Partiyası Gəncə şəhər təşkilatının qərargahı polis hücumuna
məruz qalıb. Polislər gecə saat 1200-da qərargahın kilidlərini qıraraq, oradakı
bütün əşyaları özləri ilə gətirdikləri yük maşınına yığaraq, polis idarəsinin
həyətinə gətiriblər. Daha sonra Müsavat Partiyası Məclisinin üzvü Cahangir
Əmirxanlıya bu haqda məlumat veriblər. C. Əmirxanlı gecə bir neçə müsavatçı ilə
polis idarəsinə gələrək, onlara məxsus olan əşyaları geri alaraq, həmin əşyaları
öz evinə gətirməyə məcbur olub.
Xatırladaq ki, aprelin 16-da C. Əmirxanlı və digər partiya rəhbərləri ABŞ
səfirliyinin Gəncə şəhərində səfərdə olan siyasi məsələlər üzrə müşaviri Rebekka
Naslındla həmin qərargahda görüş keçiriblər. Qərargaha edilən bu qəfil hücumun
əsas səbəbinin məhz bu görüş olduğu istisna edilmir.
Müsavat Partiyası Gəncə polisinin bu qeyri-qanuni hərəkətlərini qətiyyətlə
pisləyir, bunu siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmaq faktı kimi
qiymətləndirir. Biz habelə bu hadisənin günahkarlarının dərhal
cəzalandırılmasını tələb edirik.
Müsavat Partiyasinin mətbuat xidməti, 18 aprel 2007-ci il