“Rejimi xalqla hesablaşmağa məcbur edəcəyik”

İsa Qəmbər çıxışı zamanİsa Qəmbər: “Hakimiyyət dəyişikliyi uzaqda deyil”


Bahalaşma əleyhinə dünən keçirilən mitinqdə Müsavat Partiyasının başqanı İsa Qəmbər geniş nitq söylədi. Onun dəfələrlə sürəkli alqışlarla müşayiət olunan çıxışını diqqətinizə çatdırırıq:

Mənim əziz bacılarım, qardaşlarım! Mən sizi salamlayıram. Eşq olsun sizlərə ki, yenə də bir yerdəyik və qələbəyə doğru yolumuzu davam etdiririk.
Bu gün bizim qiymət artımına qarşı üçüncü tədbirimizdir. Minlərlə insan bu gün bu meydana toplaşaraq hakimiyyətin xalqazidd addımına yenə etirazını bildirir, qiymətlərin aşağı salınmasını tələb edir. Tələblərə daha birini əlavə etmişik. Kommunal borcların silinməsini, ləğvini tələb edirik və digər sosial tələblərlə çıxış edirik. Bu, təsadüfi deyil, bizim haqqımızdır. Biz hakimiyyətin nəyə görə bu addımı atmasının səbəbləri barədə keçən mitinqlərimizdə, toplantılarda, görüşlərdə, qəzetlərdə demişik, fikrimizi səsləndirmişik. Millət vəkili olan qardaşlarımız parlamentə də bizim, xalqın sözünü çatdırırlar, deyirlər. Biz izah eləmişik ki, hakimiyyətin qiymətləri bu şəkildə artırmasının üç əsas səbəbi var. Biri hakimiyyətin savadsızlığı, səriştəsizliyidir, ikincisi bu hakimiyyətin rüşvətxorluğu, oğurluğudur. Üçüncüsü də ki, qanacaqsızlığı, xalqa sayğısızlığı, xalqa heç bir hörmətinin olmamasıdır. Biz bildirmişik ki, birinci iki səbəbi aradan qaldırmaq çox çətin məsələdir. Çünki savadsız adamı - özü də uşaq deyil ki, oturub öyrədəsən, yekə-yekə adamlardırlar, savadsız gəliblər, görünür, savadsız da gedəcəklər - savadlandırmaq çox çətin məsələdir. Bunu biz edə bilməyəcəyik. Biz bunları oğurluqdan yayındıra da bilməyəcəyik, çünki çox çətin məsələdir, əlləri öyrəşib. Bu adamlar oğrudurlar, rüşvətxordurlar. Bunlar rüşvət almadan, hər gün axşam pullarını saymadan ki, “bu gün pulumu nə qədər artırdım” yaşaya bilmirlər. Biz bunu da aradan qaldırmağa çox çətinlik çəkirik. Düzdür, məsələn, mən fevralın 24-də camaatın qarşısında dedim ki, bundan sonra siqaret çəkməyəcəyəm. 30 ildir siqaret çəkirdim, gündə iki qutudan az çəkdiyim olmamışdı. Tərgitmişəm, bir aya yaxındır bir dənə siqaret çəkmirəm. Ancaq bu adamları oğurluqdan çəkindirməyə, bunu ləğv eləməyə gücümüz çatarmı, mümkündürmü? Mən bilmirəm vallah. Mənə elə gəlir ki, bunları dəyişmək daha asandır, nəinki onları oğurluqdan çəkindirmək. Ancaq üçüncü səbəb ki, haqqında danışdıq - bu hakimiyyətin xalqa sayğısızlığı, qanacaqsızlığı - bunu aradan qaldırmaq mümkündür. Onun da yolunu dedik. Yol isə ondan keçir ki, biz hamımız bir nəfər kimi ayağa qalxıb öz haqlarımızı, hüquqlarımızı tələb edək. Hakimiyyətdən bu cinayətlərə, bu rüşvətxorluğa, oğurluğa son qoymağı tələb edək. Hakimiyyət görsün ki, əgər bunu davam etdirəcəksə, ömrü gündən-günə qısalacaq. O halda hakimiyyət bunu düşünməyə, xalqa diqqətlə, hörmətlə yanaşmağa məcbur olacaq. Məhz buna görə biz heç bir əlavə məsələlərə diqqət yetirmədən, yalnız sosial-iqtisadi tələblərlə hər dəfə sizi mitinqlərə səsləyirik. Biz bu xətti davam etdirəcəyik və hakimiyyəti xalqla hesablaşmağa məcbur eləyəcəyik.

Hakimiyyətin yalan danışdığı hamıya bəllidir. Bunu son günlərdə də dəfələrlə sübut etdik. Diqqət elədinizsə, bizim mütəxəssislərimiz, millət vəkillərimiz bir sıra məsələləri qaldırdılar. Yadınızdadır, biz demişdik ki, bu hakimiyyət sosial-iqtisadi məsələlərə elmsiz, proqramsız yanaşır. 2006-cı ilin sonunda büdcə müzakirələri oldu və 2007-ci il üçün büdcəni qəbul etdilər. İki ay keçməmiş qiymətləri artırdılar. Ondan sonra bir balaca etiraz görüb məcbur oldular ki, maaşları və pensiyaları da azacıq artırsınlar. Ondan sonra da dedilər ki, bu il təzədən parlamenti toplayıb büdcədə dəyişiklik etməliyik. Çünki qiymətlər qalxıb, maaşlar da bir balaca artıb, ona görə də büdcəyə yenidən baxılmalıdır. Əgər büdcəyə yenidən baxılmalı idisə, onda nəyə görə 2006-cı ildə büdcəni o şəkildə qəbul edirdilər? Yəni bu adamlar iki ay sonra atacaqları addımları bilmirlər. Halbuki iqtisadiyyat elə sahədir ki, bunu uzunmüddətli, çoxillik proqramla, konsepsiya ilə idarə eləmək lazımdır. Biz bu cür hakimiyyətin əlində qalmışıq. Biz deyirdik ki, bunların qərarları təkcə vətəndaşlarımızı ağır vəziyyətə salmayacaq, müəssisələrimiz dayanacaq, iqtisadiyyatımız bərbad vəziyyətə düşəcək - onsuz da ağır vəziyyətdədir. İndi artıq hamınız eşidirsiniz, bilirsiniz ki, məsələn, Sumqayıtda kimya şirkətinin zavodları dayanıb. 10 minə qədər fəhlə, işçi işini itirmək təhlükəsi qarşısındadır. Bunu uzun müddət gizlətməyə çalışdılar. Yalnız millət vəkilimiz İkram İsrafil məsələni mətbuatda və parlamentdə qaldırandan sonra bunu müzakirə etməyə məcbur oldular, məsələ gündəmə gəldi. Hökumət bir neçə dəfə yığışıb danışıb. Ancaq hələ son qərarlarını qəbul etməyiblər. Düşünürlər ki, kimya şirkətinin enerjiyə, digər xərclərə görə borclarını silsinlər və sonrakı dövr üçün də subsidiya versinlər.

Sual yaranır, əgər bu subsidiya veriləcəkdisə, onda qiymətləri niyə artırırdılar? Məgər belə vəziyyətə düşən təkcə kimya şirkətinin müəssisələridir? Guya ölkənin bütün müəssisələri 2006-cı ildə planlarını quranda, 2007-yə hazırlaşanda 2006-dakı qiymətlərə əsasən bu işi görmürdü? Qiymətlər artandan sonra bütün bu irili-kiçikli şirkətlər, müəssisələr bərbad vəziyyətə, pis duruma düşməyib? Niyə bunların bir hissəsinə subsidiya verilməli, o birisinə verilməməlidir? Əgər veriləcəksə, onda bu qiymət artımı nə üçün idi? Ümumiyyətlə, deyirlər ki, qiymət artımından büdcəyə 200 milyon manata qədər pul gələcək. Qardaş, bu 200 milyon manat Azərbaycan kimi zəngin bir ölkə üçün nə dərəcədə böyük bir puldur? Təkcə Heydər Əliyevə qoyulan bu heykəllər, şəkillər, guya park işləridir, təkcə bu işləri etməsələr 200 milyon manat pulu bəlkə də artıqlaması ilə tapmaq mümkündür.

Biz bu hakimiyyətin yalan danışdığını bilirik və bu yalanları sistemli şəkildə ifşa edirik. Bizim mütəxəssislərimiz bir sıra məsələləri açıqladılar və bu günlərdə parlamentdə də büdcə məsələləri, hökumətin hesabatı müzakirə olunan zaman millət vəkillərimiz real rəqəmləri açıqlayıb hakimiyyətin yalanlarını ifşa etdilər. Bir balaca orda deyəsən, Fəzail müəllimlə (F.Ağamalını nəzərdə tutur - E.P.) bağlı xırda problem olub deyə, camaatın diqqəti bizim millət vəkillərinin çıxışlarından yayındı. Halbuki orda çox gözəl çıxışlar olmuşdu. Bizim mütəxəssislərimizin də müəyyənləşdirdiyi faktlarla, arqumentlərlə Arzu Səmədbəyli, digər millət vəkillərimiz çox maraqlı çıxışlar etmiş, hakimiyyətin yalanlarını çox aydın şəkildə ifşa etmişdilər. Məsələn, bunlar deyirlər ki, Azərbaycan dünyada ən sürətlə inkişaf edən bir iqtisadiyyata malikdir. Bunu Ümumi Daxili Məhsulun artımı ilə əsaslandırırlar. Yadınızdadırsa, 2006-cı ildə deyirdilər ki, 2005-də dünyada ən böyük sürətlə inkişaf edən iqtisadiyyat Azərbaycanda olub. Bizim millət vəkillərimizsə orda söylədilər ki, bəli, həmin rəqəmlərə görə birinci yerdə Azərbaycan olub, ancaq ikinci yerdə müharibə vəziyyətində, işğalda, bərbad halda olan İraqdır. İndi deyirlər ki, 2006-cı ildə də Azərbaycan iqtisadi göstəriciyə görə birinci yerdədir. Ancaq bizim millət vəkillərimiz bu siyahıda Azərbaycandan sonra gələn ölkələrin siyahısını müəyyənləşdirib. Azərbaycan birinci yerdədir. İkinci yerdə Mavritaniya, üçüncü yerdə Ekvatorial Qvineya, dördüncü yerdə Maldiv, beşinci yerdə də Anqoladır. İlk beşlikdə Azərbaycandan başqa üç Afrika ölkəsi var, bir də Cənubi Asiyada balaca bir dövlət olan Maldivdir. Hansı ki, ərazisi 300 kv.km-dən azdır, əhalisi isə səhv etmirəmsə, 300 min nəfərdən bir az çoxdur. Azərbaycan hakimiyyəti fəxr edir ki, belə bir siyahıda birinci yerdədir. Bu hakimiyyətin təbliğatı belə yalanların üzərində qurulub.

Yaxud başqa bir yalan. İlham Əliyev, başqa dövlət məmurları fəxrlə deyirlər ki, bu üç il ərzində Azərbaycanda 520 min iş yeri açılıb. Ölkədə bu rəqəmin yalan olduğunu hamı bilir. Ancaq sözün doğrusu, mən də bu yaxınlara qədər fikirləşirdim ki, bəlkə 2-3 dəfə artırıblar və hər halda müəyyən qədər iş yerləri açılıb. İndi bizim mütəxəssislərimiz dövlətin öz statistikası əsasında bu rəqəmləri təhlil ediblər. Çox maraqlı şeylər üzə çıxıb. Gətirəcəyim rəqəmlər Azərbaycan Dövlət Statistika Komitəsinin rəqəmləridir. Məlum olur ki, bu 520 minin 153 mini müvəqqəti iş yerləridir. Yəni mövsümi, bir həftəlik, üç günlük hansısa abadlıq işləridir. Bu 153 mini ordan çıxmaq lazımdır, çünki daimi iş yerləri deyil. Bunu çıxanda 367 min iş yeri qalır. Digər tərəfdən təqribən 195 min iş yeri isə fərdi iş yerləridir. Yəni tutaq ki, hansısa müəllim aldığı maaşla ailəsini saxlaya bilmir və rüşvət almaq, oğurluq da eləmək istəmir, evində şagird qəbul edir, abituriyent götürür, tələbə hazırlaşdırır. Bunu da qeydiyyatdan keçirdiyi üçün hakimiyyət onu “iş yeri” kimi rəsmiləşdirir. Yaxud kimsə pəncərəsini küçəyə açıb saqqız satırsa, onu da dövlət belə rəsmiləşdirir ki, guya “iş yeri” açıb. Bax, bu 195 min də bu cür iş yerləridir. Bunları da 367 min iş yerindən çıxanda 172 min iş yeri qalır. Elə hesab eləmək olar ki, İlham Əliyev, hakimiyyət tərəfindən bu qədər iş yeri doğrudan da açılıb. Ancaq Dövlət Statistika Komitəsinin verdiyi rəqəmlərə görə, sən demə, açılan iş yerlərilə yanaşı, bağlanan iş yerləri də var. Orta hesabla ildə 90 min iş yeri bağlanır. Bu da o deməkdir ki, 3 ildə 270 mindən çox iş yeri bağlanıb. (Meydan bu məlumatı alqışlarla qarşıladıqda İsa bəy buna da reaksiya verdi.) Siz yəqin ki, hakimiyyətin məharətinə əl çalırsınız ki, bu hakimiyyət açdığı iş yerlərindən daha çoxunu bağlamaqla məşğuldur. Bu rəqəmləri tutuşduranda belə çıxır ki, biz İlham Əliyevin 3 ilini təqribən 100 minlik mənfi işarə ilə başa vurmuşuq. Azərbaycan bu müddətdə 100 min iş yerini itirib. Ola bilər ki, ildə bağlanan 90 min iş yerinin bir hissəsi də müvəqqəti iş yerləridir. Ancaq hər halda fakt odur ki, bütün bu rəqəmlər yalandır. Bütün bu təbliğat, ümumiyyətlə, bu hakimiyyət yalan üzərində qurulub. Artıq hakimiyyət nümayəndələri bunu özləri etiraf etməyə başlayıb. Bugünki mitinqdə bir çox natiqlər buna işarələr edib, açıq şəkildə dedilər.

Artıq həm hakimiyyətin başında dayanan bir sıra insanlar, həm də ki, o hakimiyyət tərəfindən vurulan insanlar həqiqətləri söyləməyə başlayıblar. Bir çox məsələlər aydınlaşmağa başlayıb. Bu insanlar özləri hakimiyyəti ifşa edirlər. Mən heç təəccüblənmərəm ki, çox yaxın bir zamanlarda, məsələn, YAP bir bəyanat versin ki, ölkədə vəziyyət çox ağırdır, işıq, qaz yoxdur, işsizlik çox böyük miqyas alıb, rüşvətxorluq baş alıb gedir. Əgər YAP-dan yaxın vaxtlarda belə bir bəyanat eşitsəniz, təəccüblənməyin. Çünki YAP-ı quranlar elə tipli insanlardır ki, hər zaman öz maraqlarını düşünüblər. Onların maraqları da çox yaxın zamanda sizinlə, xalqla bir yerdə olacaq. Buna görə də bu hakimiyyətin dəyişməsi kifayət qədər yaxın bir zamanın hadisəsinə çevriləcək. Ancaq biz yenə də bu dövr üçün hakimiyyət məsələsini qoymuruq. Biz yaxın dövrdə hakimiyyətin bu siyasətə son qoymasını, qiymətləri endirməsini, kağız üzərində yox, real iş yerləri açmasını, monopoliyaları ləğv eləməsini, insanlara biznes fəaliyyəti göstərmək üçün imkan verilməsini tələb edirik. Bizim bugünkü tələblərimiz sırf sosial-iqtisadi tələblərdir. Mən hesab edirəm ki, əgər biz kütləvi aksiyalarımıza davam eləsək və hakimiyyətin murdar, xalqazidd siyasətinə qarşı müqavimət gücümüzü artırsaq, tələblərimizin yerinə yetirilməsinə nail ola bilərik. Bu gün bura minlərlə insan toplaşıb və rəqəmlər haqqında müxtəlif fikirlər səslənə bilər. Ancaq mən əminəm ki, bura gələn hər bir insan onminləri təmsil edir. Çünki bu gün haqqında danışdığımız problemlər bütün xalqın problemləridir, hər birimizə aiddir. Mən əminəm ki, bu gün Ukrayna meydanında deyilən fikir Azərbaycanın hər bir yerində səslənir. Mən o fikirdəyəm ki, biz mitinqlərimizi çox qısa müddətdə Azərbaycanımızın başqa məkanlarına da keçirməliyik. Bölgələrdə, Bakının mərkəzində də aksiyalar olmalıdır. Burda deyildiyi kimi, Azadlıq meydanında da bizim mitinq keçirəcəyimiz günlərə çox qalmayıb.

Biz kifayət qədər ürəyigeniş siyasətçilərik. Bu günlərdə hakimiyyətdən narazı YAP-çılardan biri çıxış eləyəndə demişdi ki, bazar günü hamını bulvarda etiraz gəzintisinə dəvət edirəm. Halbuki deyə bilərdi ki, elə Ukrayna meydanında etiraz aksiyası keçiriləcək, hamını ora çağırırıq. Eybi yox, mənə elə gəlir ki, hava bu gün yaxşıdır və hansımızın imkanımız varsa, biz bugünkü istirahətimizi - mən hesab edirəm biz burda əziyyət çəksək də, əslinə qalsa, mənəvi cəhətdən istirahət edirik ki, biz qul deyilik, vətəndaş kimi cəsarətli mövqeyimizi ortaya qoyuruq, etirazımızı bildiririk - bulvarda da davam etdirə bilərik. Kimin imkanı var, gedib çay içərik, bir az gəzinti edərik, görsünlər ki, biz məsələyə onlar kimi yanaşmırıq. Biz onların da çağırışlarına hörmətlə yanaşırıq və hesab edirik ki, bu gün bölgəsindən, sosial vəziyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları bir araya gəlib bir yerdə bu mənfur rejimə qarşı, bu rejimin xalqazidd siyasətinə qarşı mübarizəsini ortaya qoymalıdır. Özünüz görürsünüz ki, son bir-iki ayda proseslər nə qədər sürətlə gedir. Mən hesab edirəm ki, bütün əlamətlər onu göstərir ki, biz iradəmizi ortaya qoysaq, proseslər kifayət qədər sürətlənəcək və bütün məqsədlərimizə nail olacağıq. Çünki bu məqsədlər xalqın, millətimizin, bütün Azərbaycanın, hər birimizin maraqlarına uyundur.

Mən bir daha sizləri bugünkü mitinqə qatıldığınız üçün salamlayıram, hamınıza eşq olsun deyirəm! Yaşasın Müstəqil, Bütöv, Demokratik, Firavan Azərbaycan. Tanrı Azərbaycanımızı qorusun! Sizlərə eşq olsun! Yaşayın, var olun!

Yeni Müsavat qəzeti, 19 mart 2007-ci il, E.PAŞASOY