“İLHAM ƏLİYEVƏ 2008-də DAHA AZ SƏS VERƏCƏKLƏR”
İsa Qəmbər: “Seçkidə hakimiyyəti divara dırmaşdıracağıq”

“Müxalifətdən nə isə tələb etmək üç-beş qəzetin və 50-60 jurnalistin halal haqqıdır”

Seçkiyə hələ bir ildən artıq vaxt qalsa da, bəzi beynəlxalq təşkilatlar ölkədə rəy sorğusu keçirirlər. Maraqlıdır ki, bu sorğularda istisnasız olaraq dövlət başçısı İlham Əliyev “liderlik” edir. Bəs hakimiyyətə əsas iddialılardan olan Müsavat Partiyasının başqanı nə düşünür? Bu və ya digər suallarla bağlı dünən - İsa bəy, söhbətimizi İFES-in sorğusuna münasibətinizdən başlamaq istərdik. Sorğunu necə qiymətləndirirsiniz?

- Bu cür dırnaqarası sorğuların keçirilməsi birinci dəfə deyil. Çünki adı beynəlxalq təşkilat olsa da, sifarişi yerli təşkilatlar verirlər və prosesi onlar həyata keçirir. Hər seçkiöncəsi bir xarici təşkilat öz nüfuzunu, hörmət və etimadını bu tipli qondarma sorğulara qurban verir. Əgər İlham Əliyevin bu dərəcədə nüfuzu və xalq arasında etimadı varsa, nəyə görə seçki komissiyalarının paritet əsasda formalaşmasından narahatdır? Yaxud nəyə görə müxalifət partiyalarının televiziyada görünməsindən, müstəqil qəzetlərin azad şəkildə nəşr olunmasından, jurnalistlərin öz mövqelərini sərbəst ifadə etməsindən narahatdır? Çünki İlham Əliyev həmin qondarma sorğuları ortaya qoyanlardan fərqli olaraq ölkədəki vəziyyəti çox gözəl bilir və öz aləmində bu reallığa uyğun davranır.

- Yəqin ki, 2003-cü il seçkilərindən bir il öncə digər beynəlxalq təşkilatın oxşar sorğu keçirdiyini unutmamasınız. Bu baxımdan həmin qurumlar əvvəllər olduğu kimi, 2008-ci il seçkilərinə hazırlıq aparmırlarmı?

- İlham Əliyev dəfələrlə bildirib ki, atasının siyasətini davam etdirir. Ona görə də o zaman Heydər Əliyev bu işi görürdüsə, indi də İlham Əliyev edir. Yəni prinsipial fərq yoxdur. Bəli, haqlısınız ki, həmin vaxt hansısa xarici təşkilat sorğu keçirmişdi və bəyan edilmişdi ki, hakimiyyətin nüfuzu həddən artıq yüksək, müxalifətin isə heç bir nüfuzu yoxdur. Ancaq 2003-cü il seçkilərinin həqiqi nəticələrini kənara qoyaq, çünki bu nəticələrə görə qalib mən idim. Hətta rəsmi nəticələrdə, yəni Məzahir Pənahovun bəyan etdiyi rəqəmlərdə belə bizim səslərimiz həmin sorğularda mənə və Müsavata ayrılan səslərdən xeyli dərəcədə artıqdır. Bu, həmin sorğuların qondarma olduğunu sübut etmirmi? Beynəlxalq birliyin mövqeyinə gəlincə, dəfələrlə qeyd etmişəm ki, bu birlik yekcins deyil. Beynəlxalq birliyin içində müxtəlif maraqları olan, müxtəlif dəyərlərə xidmət edən dairələr var. Təəssüf ki, beynəlxalq birlikdə də şəxsi, xırda-para maraqlara görə bütün dəyərlərə barmaqarası baxan dairələr və insanlar yox deyil.

- Hazırda hansı tərəfin sözü keçərlidir, dəyərlərə, yoxsa şəxsi maraqlara üstünlük verənlərin?

- Bu gün Azərbaycan xalqının öz taleyinə münasibəti necədirsə beynəlxalq birlikdə də həmin mövqe güclüdür. Əgər Azərbaycan xalqı bu gün öz taleyinə kifayət qədər diqqətli deyilsə, gələcəyi uğrunda kifayət qədər fədakarlıq göstərmirsə, təbii ki, ölkədə insan haqlarına barmaqarası baxan qüvvələrin mövqeyi daha güclü görünür.

- Necə düşünürsünüz, İlham Əliyev prezident kreslosunda oturandan sonra nüfuzu artıb, yoxsa azalıb?

- Kimin üçünsə artıb, kimin üçünsə azalıb. Bu məsələdə yanaşmadan çox şey asılıdlır. Bəziləri hesab edirdi ki, İlham Əliyev gənc və dünyanın çağdaş dəyərlərini dərk etdiyindən hakimiyyətə gələndən sonra islahatlar aparacaq. Bu düşüncələr tam iflasa uğradı. Ona görə də bu amilə görə İlham Əliyevə rəğbəti olan insanlar ona rəğbətlərini itiriblər. Elələri də vardı ki, düşünürdülər ki, İlham Əliyev heç nəyə qadir olmayan birisidir və onun hakimiyyəti uzun çəkə bilməz. Bu düşüncənin də həqiqi olmadığı üzə çıxdı. Yəni o baxımdan ki, İlham Əliyev bu sistemdə bir neçə il davam etməyi bacardı. Bütövlükdə isə hesab edirəm ki, İlham Əliyevin 2008-ci ildə alacağı səslər 2003-cü ildən az olacaq. Çünki 2003-cü ildə cəmiyyətdə belə bir fikir vardı ki, hakimiyyətdə kim olur-olsun neft pulları gələcək və inkişaf başlayacaq. Ancaq neft gəlirləri gəlməyə başlasa da, xalqın gözləntiləri doğrulmadı. Xüsusən də Tarif Şurasının yanvar qərarından sonra İlham Əliyevin nüfuzunun artacağını düşünmək ya sadəlöhvlükdür.

- Necə oldu ki, İlham Əliyev hakimiyyəti saxladı? Yəni buna səbəb müxalifətin zəif olmasıdırmı, yoxsa hökumətin inersiya ilə prosesi aparması? Bəlkə beynəlxalq dəstəkdir?

- 2003-cü ildə Heydər Əliyevin hakimiyyətdə olmasının 10 ili tamam olurdu və müəyyən bir sistem oturuşmuşdu. Bu sistemin birinci adamı kürsüsündə ən müxtəlif şəxslər əyləşə bilərdi və işlərini bir neçə il davam etdirərdilər. Ona görə də mənim üçün İlham Əliyevin bu işin başında davam gətirməsi təəccüblü deyil. Ancaq önəmlisi odur ki, bu sistem illər ərzində güclənib, yoxsa zəifləyib. Məncə, bu suala mənfi cavab verilməlidir. Çünki sistem 2003-cü ildən bəri xeyli zəifləyib. İstər kadr baxımından, nə qədər müxtəlif yanaşmalar olsa da, gedənlərə də, gələnlərə də baxın. Ola bilər ki, gələnlər hansısa keyfiyyətlərinə görə gedənlərdən üstün olsunlar. Ancaq sosial baza və cəmiyyətə təsir imkanları baxımından gedənləri əvəz edə bilmirlər. Digər tərəfdən, sistem nüfuzunu itirir. Çünki xalqın və cəmiyyətin gözləntilərini minimum dərəcədə də ödəmir. Ona görə də bütövlükdə zəifləmə prosesi gedir və bu, məhz İlham Əliyevin dövründə baş tutub.

- Diskussiyaya qatılmasanız da, sualımıza cavab vermənizi istərdik. Rasim Musabəyov iddia edir ki, İlham Əliyev özünü Qərb qarşısında daha müstəqil aparır. Ona görə də beynəlxalq aləmdə onu güclənmiş hesab edirlər, nəinki zəifləmiş...

- Son bir neçə ayın dinamikasına diqqət yetirin. İyulun sonu yaxınlaşır, beynəlxalq təşkilatların nümayəndələrinin biri gəlir, biri gedir. Görün, son dövrlər nə qədər beynəlxalq təşkilatların nümayəndələri ölkəmizdə olub. Bu günlərdə Avropa Birliyinin Qafqaz üzrə nümayəndəsi Piter Semnebinin də Azərbaycana gələcəyi haqda xəbər yayıldı. ABŞ Konqresində dinləmələr biri-birini əvəz edir. Ötən ay bölgədə enerji məsələləri ilə bağlı dinləmələr keçirilmişdi. Bir neçə gün əvvəl çox maraqlı dinləmələr keçirildi, Azərbaycanda, Kubada və Misirdə Amerika hökumətinin siyasəti dəyərləndirildi. Bu ayın sonuna qədər Konqresin Helsinki Komissiyasında neft və qazla zəngin olan ölkələrdə demokratiya amili ilə bağlı daha bir dinləmə keçiriləcək. Əsasən də Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistandakı durum müzakirə olunacaq. Maraqlıdır ki, yay günlərində Azərbaycan mövzusuyla bağlı beynəlxalq fəallıq azalmaq əvəzinə ciddi şəkildə artıb. Elə son vaxtlar Bakıdakı səfirlərin bizimlə keçirdiyi görüşləri də nəzərə alsaq fəallığın çox yüksək həddə olduğunu demək olar. Bütün bunlar heç də İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzundan xəbər vermir. Yenə təkrar edirəm, beynəlxalq birlik həddən artıq müxtəlif olduğu kimi şərti olaraq iki hissəyə bölünə bilər: demokratik dəyərlərə və maraqlara üstünlük verən dairələr. Hər iki dairədə narahatlıq günü-gündən artır. Səmimi demokratlar demokratiyanın boğulmasından, digərləri isə maraqlarının təhlükə altında qalmağından narahatdır. Ona görə hamısı çalışır ki, Azərbaycanda müsbətə doğru real dəyişikliklər edilsin, yaxud da hakimiyyət ən azı müəyyən oyun qaydalarına əməl etsin. Yəni rüşvətxorluq, qanun pozuntuları və insan haqları bu qədər açıq şəkildə olmasın. Son günlər çox maraqlı araşdırmaların nəticələri mətbuata çıxdı. Birinci, idarəetmənin səviyyəsi haqqında geniş məlumat verildi. İkincisi isə diqqəti az cəlb etdi. Bu daha mübahisəlidir və səs-küylü bir mövzuyla bağlıdır. Əgər mətbuat bu məsələyə diqqət yetirməsə, təqdim edəcəm. Söhbət ölkələrin sabitliyinin dayanıqlıq potensialından gedir. Bütün bu sadaladıqlarımı və demədiklərimə nəzər salsaq, İlham Əliyevin beynəlxalq ölçüdə nüfuzunun artmasına güman etməyə heç bir ciddi əsas yoxdur. Sadəcə, Azərbaycanın özünə diqqət artıb. Tutaq ki, Rusiya və ABŞ prezidentlərinin danışıqlarında Qəbələ RLS strateji bazarlığın komponentlərinə çevrilirsə, təbii ki, bu, Azərbaycanın önəmindən xəbər verir. Normal hakimiyyət olsaydı, bundan istifadə edib bir çox problemlərimizi həll etmək olardı.

- İsa bəy, bu hakimiyyəti dəyişmək üçün nə çatmır?

- Suala geniş də cavab vermək olar. Ancaq bir az ümumi şəkildə, demək olar ki, ənənə çatmır. Yəni ölkədə hakimiyyəti dinc yolla dəyişmək ənənəsi yoxdur. Xüsusən iqtidardakı qüvvə seçki yolu ilə hakimiyyəti vermək ənənəsini faciə kimi qarşılayır. Bu ənənə olsa, hakimiyyətdəkilər də alışar ki, bu, müvəqqətidir və seçki yolu ilə iqtidarı itirə bilərlər. Cəmiyyət də adət edər ki, onların səsi nəticəsində hakimiyyət dəyişə bilər.

- Siz də daxil olmaqla bir sıra politoloqlar və siyasilər 2008-ci ildə müxalifətin şansının yüksək olduğunu söyləyir. Bəs şansı gerçəyə çevirmək üçün nə etmək lazımdır?

- Bu, bir neçə amildən asılıdır. Birincisi, hakimiyyətdə olan qüvvənin mövqeyindən, ikincisi xalqdan. Yəni əgər hakimiyyət seçkidə məğlub olub getmirsə, xalq dinc şəkildə ayağa qalxıb hakimiyyətə deməlidir ki, mən sənə səs vermədiyim üçün getməlisən. Üçüncü önəmli amil beynəlxalq birlikdir. Əgər seçkilər saxtalaşdırılıbsa, beynəlxalq birlik nəticələri tanımadığını bəyan etməlidir. 2004-cü ildə Ukraynada beynəlxalq birliyin bu mövqeyini gördük. Beynəlxalq aləmdən bu mövqeyi görəndə hakimiyyətdəkilər də düşünməyə məcbur olur, cəmiyyət də əlavə bir impuls alır və daha prinsipial mövqe tutur.

- Siz hakimiyyətin nüfuzunun zəiflədiyini bildirdiniz. Amma müxalifətdə də vəziyyət ürəkaçan deyil. Niyə hakimiyyəti dəyişmək iradəsi hiss olunmur?

- İnsan görmək istədiyini görür, görmək istəmədiyini görmür. Hadisələr əhval-ruhiyyəyə ciddi təsir etmədiyi üçün siz jurnalistlər də bu olaylara önəm verməməyə başlayırsınız. Təkcə son beş-on gündə nə qədər maraqlı hadisələr baş verdi. Amma bir həqiqəti yaddan çıxartmamalıyıq, müxalifətin əlahiddə bir gücü yoxdur və ağ atlı oğlan deyil. Müxalifətin gücü cəmiyyətdədir və ictimaiyyət öz mövqeyini ortaya qoyaraq düşərgədən fəallıq istəyə bilər. Yəni bu gün Rəsulzadənin, Üzeyr bəyin adlarını təhsil ocaqlarına qaytarılmasını tələb etməyən ziyalının müxalifətin adını tutmağa haqqı yoxdur. Öz haqqını tələb etməyən biznesmenin, yaxud başqa təbəqələrin müxalifətdən narazılıq etməyə haqqı yoxdur. Ancaq biz bütün deyilənlərə dözür və qəbul da edirik. Bilirsiniz, müxalifətdən nə isə tələb etməyə, ana südü kimi halal haqqı olan üç-beş qəzet və 50-60 jurnalistdir. Çünki onlar özlərinin və xalqın hüquqları uğrunda mübarizə aparırlar. Qalanları müxalifətin fəallığını istəyirsə, özləri də bu aktivliyi göstərməyə bacarmalıdır.

- Mətbuatda İlham Əliyevin ABŞ-a dəvət olunduğu bildirilir. Bu səfər 2008-ci il seçkiləri üçün bazarlıq hazırlığı sayıla bilərmi?

- Tam dəqiq cavab verirəm, təbii ki, siz bunu bazarlıq adlandıra bilərsiniz, ekspertlər isə müxtəlif yozum verərlər. Əlbəttə olacaq. Yəni proses gedir və bunun nəticəsində sən bir şey, o birisi başqa şey gözləyir. Hamı istəyini ortaya qoyur və sonra baxıb görürlər ki, bunlar istəklərinin müqabilində hansı fədakarlığı ortaya qoyur. Görürlər ki, öz istəyini həll etmək üçün filankəsin də istəyini nəzərə almalısan, o zaman bunu nəzərə alırlar. Əgər Azərbaycan xalqı mövqe ortaya qoyub desə ki, gələcəyimi Məzahir Pənahovun həll etməsinə razı ola bilmərəm. Onda Qərb də deyəcək ki, onları konkret şəxslərin yox, xalqın iradəsi maraqlandırır.

- Bəs müxalifət necə, xalqın müxtəlif təbəqələri ilə işləyirmi?

- Əvvəla, tələsməyə ehtiyac yoxdur. Seçkilərə hazırlıq işləri bəyan olunmasa da, müəyyən plan üzrə gedir. İkincisi, bu məsələlər sizi maraqlandırırsa, üzərinizə düşən müəyyən məqamlar var. Bir neçə həftə əvvəl partiyamız elan etdi ki, kiçik və orta sahibkarlarla əlaqədar müəyyən ideyalar üzərində işləyir. Bu günə qədər qəzetiniz də daxil olmaqla bir mətbu orqan bununla maraqlanmayıb. Hər gün eyni suallar, seçkilərə gedəcəksinizmi, namizəd kim olacaq? Xətrinizə dəyməsin... Yenə təkrar edirəm, müəyyən hazırlıq aparılır, bir sıra məsələlər həll olunur və 2008-ci ildə bu hakimiyyəti divara dırmaşdıracağıq.

- Əsas sual odur ki, bəs divardan aşırda biləcəksinizmi?

- Onu zaman göstərəcək və bu, təkcə məndən asılı deyil.

Natiq CAVADLI, "Yeni Müsavat", 19 iyul 2007-ci il