Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.
Qərarların icra vəziyyəti və görülən işlər müzakirə edildikdən sonra
partiyadaxili məsələlərə baxılıb. Dekabrın 30-u iş günü elan edildiyinə görə
Müsavat Partiyası Məclisinin növbəti toplantısının gələn ilin yanvar ayının
12-də keçirilməsi qərara alınıb.
Sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. Bu yaxınlarda Azərbaycan
Pespublikasının mülki məcəllə haqqındakı qanuna edilən əlavə və dəyişikliklər
haqqında fikir mübadiləsi aparılıb və bu əlavə və dəyişikliklərin Konstitusiyaya
zidd olması bildirilib. Müsavat Deputat Qrupunun bu əlavə və dəyişikliklərin
ləğv olunması istiqamətində ardıcıl fəaliyyət göstərməsi məqsədəuyğun sayılıb.
Daha sonra Türkiyənin ABŞ-la birgə Quzey İraqda keçirdiyi hərbi əməliyyatlar
barədə müzakirələr aparılıb və bu əməliyyatlara tam dəstək verilib. Qeyd olunub
ki, son vaxtlar bir sıra PKK yetkililəri Türkiyə ilə yanaşı Azərbaycanı da
hədəfə götürüb və ölkəmizin ünvanına hədələr səslənib. Bununla əlaqədar Müsavat
Partiyasının Divanı Azərbaycanın da ABŞ və Türkiyə ilə birgə PKK təhdid və
təhlükələrinə qarşı prinsipial mövqe tutması zərurətini qeyd edib. Yığıncaqda
Azərbaycan hakimiyyətindən PKK-nın terrorçu təşkilat kimi tanınması bir daha
tələb olunub.
Sonda bəzi cari məsələlərə baxılıb.
isagambar.az, 19 dekabr 2007-ci il, Bakı