ABŞ səfirinə Türkmənbaşı mükafatı
Ən kiçik mitinqdən doğan düşüncələr
Adamı harada sayarlar? Mitinqdə.
Əslində bu hesablama son illərin ən absurd mübahisə və müzakirələrindən biridir.
Piyardır. Həm də qarasından. Bu üsuldan bir qayda olaraq müxalifətə qarşı
istifadə ediblər. Halbuki mitinqlər heç də hər zaman nəyisə həll etmir. Hətta
milyonların toplandığı etiraz aksiyasının ciddi siyasi effekt verməsi üçün real
tarixi şərait lazımdır. Həmkarlardan biri deyir ki, basqı və təzyiqlərin
olmadığı bir dönəmdə (1992-1993) Heydər Əliyevin tərəfdarlarının mitinqinə
Müsavatın ən kiçik mitinqindən qat-qat az adam gəlirdi.
Müsavatın ən kiçik mitinqi isə bazar günü oldu. Papaqlı mitinq idi. Amansız
soyuq adamlara sadəlik, təmizlik və rahatlıq gətirmişdi.
Amma adam bu dəfə çox gerçəkçi bir ovqatla fikirləşirdi. Gerçəkçi olmaq
gözəlmiş. Hər kəs bilirdi ki, mitinq çox kiçikdir, çox az adam gəlib. Amma hər
kəsdə bir rahatlıq vardı. Bu, çoxdan görmədiyim və sezmədiyim bir şeydi.
Çoxsaylı mitinqlərdəki eyforiyadan daha səmimi hisslər doğururdu. Daha faydalı
görünürdü.
Ən yaxşısı o idi ki, adamlar az olmaqlarından narahat deyildi. Utanmırdılar,
çəkinmirdilər. Yarana biləcək mənfi reputasiyadan heç kim narahat deyildi.
Yazılacaq məqalələrdən məyus olmağa hazırlaşmırdılar. Çoxdandır eşitmədiyimiz
ritorik şüarlarla başa çatan yürüş üçün bundan yaxşı nəticə ola bilməzdi.
İsti otaqda oturub işıqpulunu verməyənlərin nə düşünməsi isə bu nəticə
qarşısında bir heçdir.
O da bəllidir ki, Müsavatın son mitinqi gerçəkçi başla mitinq taktikası haqda
yenidən düşünməyə zərurət yaratdı. Ondan imtina etməlimi? Bəlkə onu başqa bir
taktika ilə sintez etmək lazımdır?
Müxalifətin iki problemi var. Bunlar hər kəsə aiddir: böyüyə də, kiçiyə də,
köhnəyə də... Hətta tariximizi dəyişdirəcək yeni bir qüvvə yaransa belə, o da bu
iki problemlə üz-üzədir.
Birincisi, cəmiyyətin inamı özünə qaytarılmalıdır. İnsanlar sabahın daha yaxşı
olacağına əmin olmalıdır. İnamsızlıq milyonları yararsız bir kütləyə çevirir.
İnamsız milyonlardansa inamlı, təşkil olunmuş azlıq daha güclüdür.
İkincisi, cəmiyyət ən təhlükəsiz yolla ölkəni və hakimiyyəti dəyişdirməyin
mümkün olduğuna inanmalıdır.
Hər ikisi çətin problemdir. Amma xırdaca bir uğurla, ağıla gəlməyən bir addımla
başlanğıc etmək olar.
Dünya dəyişib, gerçəkçi olmaq vaxtıdır. İnsanlar (böyük əksəriyyət)
demokratiyanı uğrunda ölmək mümkün olan bir şey kimi qəbul etmir. Səbəbi
bəllidir. Əsrlərdir bəşəriyyətə hakim olan klassik və modern yanaşmalar yerini
yeni təfəkkürə verir. Neokonservativ və postmodern dövrünün durumu başqadır.
Maneələri və əngəlləri fərqlidirsə, mübarizə üsulu da fərqli cəhətlər tələb
etməlidir.
Sözgəlişi deyək ki, dünənki mitinqin əvəzinə Müsavat tərəfdarlarına və əhaliyə
şəhərin 5 küçəsini rəngli və kiçik vərəqələr səpələməklə boyamağı təşkil
etsəydi, tamam başqa effekt alınacaqdı. Üstəlik vərəqələri sayan olmayacaqdı.
Həm də həmin vərəqələrdə belə yazılsaydı: “İşığı yenidən bahalaşdırın!” Yaxud
bir gün dəniz sahilinə gələn adamlar Xəzərdə üzən minlərlə kağız gəmiciyi
müşahidə etsə...
Nə üçün BMM-də ən yaşlı müxalifətçilər tədbir keçirib hökumətdən Azərbaycan
qazının Gürcüstana daha ucuz satılmasını tələb etməsinlər? Gürcülərin əzab
çəkməsindən nədən danışmayaq? Nədən ABŞ səfirinə Türkmənbaşı mükafatı verməyək?
Bütün bunlar heç də klassik, konservativ və modern olan mübarizə və etiraz
üsullarından imtina etmək deyil. Sadəcə onlara əlavədir. Taktikanı, ardıcıllığı
seçmək isə təşkilati məsələdir.
Modernin ilkin nəzəriyyəçilərindən olan Maks Veber şərafət deyilən bir dəyərdən
danışırdı. Elə hədəflər var ki, təkcə lazım olan deyil, həm də şərəfdir. Elmlə
məşğul olmaq. Milli mübarizə. Azadlıq mücadiləsi. Bu zaman insan təkcə fayda
üçün fəaliyyət göstərmir, mübarizə aparmır. Burada şərafət ən böyük faydadır.
Həyatdan da üstündür. Moderndə olan inqilabçının, mücahidin ortaya çıxması daha
çox bu düşüncədən qaynaqlanırdı. Bu gün də mübarizə aparan radikal sollar da,
İslam mücahidləri də belə düşünür.
Sual da budur, bəlkə yeni dövr gəlir?
ŞAHVƏLƏD ÇOBANOĞLU