MÜSAVAT DİVANI HÜSEYN ABDULLAYEVƏ TƏZYİQLƏRI PİSLƏYİR

Ötən həftə parlamentdə baş verən insident və Hüseyn Abdullayevin deputat toxunulmazlığının ləğv edilərək saxlanılması Müsavat Divanının dünənki toplantısında müzakirə obyekti olub. İclasda iştirak edən Müsavat deputat qrupuna daxil olan millət vəkilləri Milli Məclisin dünənki fövqəladə iclasında Hüseyn Abdullayevin məsələsinin müzakirəsi və öz çıxışları haqqında məlumat veriblər.

Qeyd edilib ki, baş vermiş münaqişədə Fəzail Ağamalının daha çox günahkar olduğu açıq-aydın görünsə də, yalnız H.Abdullayevi cəzalandırmaq qərarı verilib. Bildirilib ki, H.Abdullayevin MM-in fövqəladə iclasından əvvəl saxlanılması sonradan deputat toxunulmazlığının ləğv edilməsi bunun siyasi qərar olduğunu göstərir. Atılan bu addımlar sabiq deputatın hökumət əleyhinə çıxışıyla əlaqələndirilib. Nəzərə çatdıraq ki, Divan üzvləri Müsavat deputat qrupunun bu mövqeyini təqdir edib.

Toplantının sonunda Divan bir sıra cari məsələləri də müzakirə olunub. Hollandiyada yaşayan müsavatçıların Hollandiya-Bladel özəyi təsdiq edilib.

LEYLA, "Yeni Müsavat" qəzeti, 20.03.2007