İsa Qəmbər Azərbaycan xalqını Novruz
Bayramı münasibətilə təbrik etdi
Təbrikdə deyilir:
Əziz soydaşlarım!
Novruz bayramınızı təbrik edir, hamınıza uzun ömür, cansağlığı və xoşbəxtlik
arzulayıram.
Novruz xalqımızın ən qədim və əziz bayramıdır. Şərq təqvimində Yeni ilin
gəlişini özündə ehtiva edən bahar təravətli, bərəkət ətirli bu bayramı xalqımız
həmişə böyük sevgi ilə qeyd edib. Sovet hakimiyyəti illərində xalqımızı öz
soykökündən, adət-ənənəsindən uzaqlaşdırmaq üçün Novruz bayramının dövlət
səviyyəsində qeyd olunmasına yasaqlar qoyulub, bu əziz günü birdəfəlik təqvimdən
silməyə çalışıblar. Lakin bütün bu qadağalara baxmayaraq xalq öz müqəddəs və
əziz bayramını həmişə əziz tutub, evlərimizdən Novruz xonçası heç bir zaman
əskik olmayıb, tonqallarımızı qalayıb inanclarımıza tapınmışıq.
Çox təəssüf ki, ölkədə günbəgün pisləşən sosial-iqtisadi durum, bazarda
qiymətlərin fantastik sürətlə artması müqabilində insanlar neçə illərdir ki,
Novruzu ürəkləri istədiyi kimi qeyd edə bilmir. Hakimiyyətin xalqa zidd
siyasəti, xüsusilə bu ilin əvvəllərində qiymətlərin cinayətkarcasına fantastik
səviyyədə artırılması nəticəsində insanlar artıq sözün həqiqi mənasında həyatla,
yaşamaqla sınağa çəkilib. Bu gün biz öz haqlarımız uğrunda fəal mübarizə
aparmasaq, hamı bir nəfər kimi öz taleyinə sahib çıxmağa çalışmasa, vəziyyət
getdikcə daha kritik həddə çatacaq. Ona görə də mən hamınızı xalqın həyat
səviyyəsinin yaxşılaşdırılması uğrunda mübarizədə yaxından iştirak etməyə
çağırıram.
Əziz soydaşlarım!
Mən inanıram ki, bütün bu çətinliklərin ömrü çox da uzun deyil və xalqımız
tezliklə layiq olduğu xoşbəxt, firavan həyata qovuşmaq üçün daha sıx birləşərək
müqəddəs ideyalar ətrafında həmrəylik nümayiş etdirəcək. Məhz bu həmrəylik
nəticəsində xalqımızın və ölkəmizin qarşısında duran bütün problemlər həll oluna
bilər. Torpaqlarımız düşmən tapdağından azad olunar qaçqınlar öz yuvalarına
qayıdar, ölkəmizdə azad demokratik və firavan bir cəmiyyət qurular.
Bir daha hamınızı bu əziz bayram münasibətilə təbrik edir, bütün arzu və
istəklərinizin çin olmasını arzulayıram.
Tanrı Azərbaycanımızı qorusun!
Bakı, 20.03.2007