Müsavat Partiyasının bəyanatı
Bu gün Yasamal rayon məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan”
qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə 2 il 6 ay həbs cəzası verdi. O,
guya Xocalı sakinlərinin şərəf və ləyaqətini təhqir etməsilə bağlı uydurma
ittihamlarla həbs olunub. Ümumiyyətlə bir neçə aydır ki, hakimiyyətin bu həbsə
hazırlıq gördüyü açıq-aşkar hiss olunurdu. “Gündəlik Azərbaycan” və “Realnıy
Azerbaydjan” qəzetlərinin redaksiyası qarşısında hakimiyyətin sifarişi ilə
təşkil olunmuş piketlər, bir az öncə Yasamal məhkəməsinin bu qəzetləri heç bir
əsas olmadan cərimələməsi və nəhayət sonuncu məhkəmə prosesində qeyri-qanuni
hüquqa zidd məqamların baş alıb getməsi belə deməyə əsas verir. Nə ölkənin
daxilində, nə də onun hüdudlarından kənarda heç kimə sirr deyil ki, E.
Fətullayev məhz öz cəsarətli yazılarına görə hakimiyyətin əsas hədəfinə
çevrilmişdi.
AŞ PA-nın sessiyasından dərhal sonra baş vermiş bu həbs hadisəsi göstərir ki,
Azərbaycan hökuməti nəinki onun ünvanına söylənilən tənqidlərdən heç bir nəticə
çıxarmır, əksinə insanlar əqidəsinə və düşüncəsinə görə daha geniş şəkildə təqib
olunur, repressiyalara məruz qalır. Bu bir daha onu göstərir ki, Əliyev rejimi
heç bir siyasi, demokratik islahatlar aparmaq istəmir, öz köhnə avtoritar
idarəçilik metodunda əl çəkmək fikrində deyil.
Müsavat Partiyası E. Fətullayevin həbsini Azərbaycanda azad sözə, müstəqil
mətbuata, bütünlükdə demokratiyaya vurulan növbəti ağır zərbə kimi
qiymətləndirir və qətiyyətlə pisləyir. Partiya ölkə ictimaiyyətinə, beynəlxalq
demokratik təşkilatlara, xüsusilə Avropa Şurasına və ATƏT-ə, demokratik qərb
dövlətlərinin rəhbərlərinə və ictimaiyyətinə müraciət edərək məsələyə müdaxilə
etməyi və jurnalistin dərhal azadlığa buraxılmasına nail olmağa çağırır. Biz
habelə bəyən edirik ki, Azərbaycan hökuməti E. Fətullayevin həyatının
təhkükəsizliyi üçün tam məsuliyyət daşıyır.
Müsavat Partiyasinin mətbuat xidməti, 20 aprel 2007-ci il