Müsavat Partiyasının başqanı İsa Qəmbər 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı təbrik edib

Təbrikdə deyilir:

Əziz həmvətənlərim!

31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə sizləri təbrik edir, hamınıza can sağlığı, xoşbəxtlik və firavan həyat arzulayıram.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü müstəqillik tariximizlə yaşıddır. Artıq neçə ildir ki, biz bu bayramı qeyd edir, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın təşkilatlanması və ölkəmizin maraqları naminə birgə fəaliyyət göstərməsinə calışırıq. Bu sahədə xeyli uğurlar qazanmış, təcrübə toplamışıq. Hazırda azərbaycanlıların kompakt yaşadığı bir çox ölkələrdə və ayrı-ayrı şəhərlərdə müxtəlif diaspor təşkilatları fəaliyyət göstərir, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, mədəniyyətimizin təbliğ edilməsində mühüm rol oynayırlar. Lakin etiraf etmək lazımdır ki, biz hələ dünyada güclü diaspor və lobbi şəbəkəsinə malik deyilik. Təbii ki, bunun obyektiv səbəbləri var. Amma bu işi yüksək səviyyəyə qaldırmaq, başqalarının yüz illər boyu nail olduqlarına qısa vaxt ərzində çatmaq üçün bizim potensialımız var və bu potensialdan səmərəli istifadə etməliyik. Xaricdəki təşkilatlarımızla əlaqələri daha da gücləndirməliyik, onları ayrı-ayrı siyasi məqsədlərə, kimlərinsə bayağı təbliğatına xidmət etməyə yox, Vətən və xalq naminə fəaliyyətə səfərbər etməliyik.

Əziz həmvətənlərim!

Bu gün biz həm də başqa bir bayramı, Yeni ilin gəlişini qeyd edirik. Hökumətin hay-küylü, təmtəraqlı hesabatlarına baxmayaraq, yola saldığımız il Azərbaycanın müstəqillik tarixinin ən ağır illərindən biri oldu. Hələ 2007-ci ilin əvvəlində qiymətlərin fantastik səviyyədə artırılması, qiymət artımının il boyu davam etməsi, inflyasiyanın görünməmiş vüsəti əhalinin yaşayışını dözülməz həddə çatdırıb. Ən acınacaqlısı budur ki, bütün bunlar neft gəlirlərinin sürətli artımı fonunda baş verir. Hər bir azərbaycanlının sərvəti olan neft bir ailənin inhisarına alınıb. Məhz ona görə də neft gəlirlərinin artması ölkəyə firavanlıq əvəzinə fəlakət gətirir, korrupsiyanın, monopoliyanın daha da tüğyan etməsinə səbəb olur.

2007-ci il ölkədə demokratiyanın, insan haqlarının vəziyyəti baxımından da acınacaqlı olub. Bir çox jurnalist qanunsuz olaraq müxtəlif bəhanələrlə həbsə atılıb, mətbuat azadlığının səviyyəsinə görə Azərbaycan ən geridə qalmış Afrika ölkələri ilə bir səviyyəyə düşüb. Müxalifət partiyalarına, demokratik təsisatlara qarşı təzyiq və təqiblər daha da artıb.

Qarşıdan gələn il bizim üçün çox əhəmiyyətlidir. Ölkədə növbəti prezident seçkiləri keçiriləcək. Bu gün Azərbaycanın düşdüyü və ilbəil dərinləşən ictimai-siyasi, sosial-iqtisadi və mənəvi böhranının əsas səbəbi hazırkı, xalqa zidd rejimdir. Bu rejim durduqca bizim problemlərimiz də artmaqda davam edəcək. Ona görə də mən hər bir Azərbaycan vətəndaşına müraciət edərək seçkilərdə fəal olmağa, özlərinin, ailələrinin, xalqın və Vətənin taleyinə sahib durmağa çağırıram. Yalnız bu yolla biz ölkəmizi dərin böhrandan çıxarmağa, ölkənin inkişafına və ərazi bütövlüyümüzün bərpasına nail ola bilərik.
Hörmətli soydaşlarım!

Bir daha sizləri bu əziz bayramlar münasibətilə təbrik edir, Azərbaycanın xoşbəxt gələcəyi naminə hamınıza birlik və həmrəylik arzulayıram.

Tanrı Azərbaycanımızı qorusun!

Bakı, isagambar.az, 31.12.2007