AZƏRBAYCAN RESPUBLİKASININ 2008-Cİ İL ÜÇÜN DÖVLƏT BÜDCƏSİ İLƏ BAĞLI MÜSAVAT PARTİYASININ BƏYANATI

Milli Məclisdə 2008-ci il dövlət büdcəsi haqqında Qanun layihəsinin müzakirəsinin birinci mərhələsi başa çatıb. Bu mərhələdə də büdcə müzakirələrini əvvəlki illərdə olduğu kimi cəmi bir neçə gün aparıldı. Bu müzakirələrin qanunla təsbit edilən prosedurunun yoxluğu yenə də parlamentdə büdcə dinləmələrinin sistemsiz şəkildə təşkilinə hüquqi şərait yaratdı. Əks tədqirdə büdcə layihəsinin 3 və ya 4 oxunuşdan keçməsi nəzərdə tutulmalı, hər bir oxunuşda müzakirələrin konkret predmeti göstərilməli və müddəti reqlamentləşdirilməlidir. Bu prosesin əksər MDB ölkələrində «Büdcə Məcəlləsi» ilə tənzimlənməsinə baxmayaraq Azərbaycanda bir neçə ildir belə bir sənədin hazırlanması istiqamətində hökumət və beynəlxalq maliyyə kredit təşkilatları arasında yalnız müzakirələr davam etdirilir. Odur ki, növbəti ilin də büdcə layihəsinin müzakirəsi və qəbulu mükəmməllikdən xeyli uzaq «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq surətdə davam etdirilir. Lakin, hətta bir çox hallarda bu Qanunun da tələbləri pozulur. Belə ki, müvafiq qanunvericilik bütün məqsədli büdcə fondlarının gəlirləri 2008-ci ilin büdcə qanununda əks olunmasını tələb etsə də buna əməl olunmayıb.

Növbəti ilin büdcə layihəsini bu ilkindən fərqləndirən bir neçə cəhət mövcuddur ki, onu da 2 əsasda qruplaşdırmaq mümkündür. Birincisi, 2008-ci ilin büdcəsində müşahidə olunan bəzi pozitiv dəyişikliklər təqdirəlayiq sayıla bilər. Onlara büdcə gəlirlərinin təsnifatının genişləndirilməsi, büdcədən energetika sektoruna subsidiyaların ləğvini və investisiya layihələrinin istiqamətlər və sahələr üzrə büdcə zərfinə daxil edilməsini aid etmək olar.

İkinci əsasda qeydlər tənqidi xarakter daşıyır. Belə ki, gələn ilin dövlət büdcəsi iqtisadi mahiyyətinə görə ötən illərdəki büdcələrdən əsaslı şəkildə fərqlənməsə də, siyasi yükü əvvəlki illərdə olduğundan daha çoxdur. Büdcə gəlirlərinin gələn il üçün proqnozlaşdırılan 28 faizlik artımı əsasən istehlak qiymətlərinin kəskin yüksəlməsi hesabına artan ƏDV ödənişləri və neft fondunun köçürmələri hesabına proqnozlaşdırılıb. Belə ki, gələn ilin büdcəsində gözlənilən artımın 2/3-i bu iki mənbədən təmin ediləcək. Növbəti ilin büdcəsində birbaşa neft gəlirlərinin payı 52 faiz təşkil edəcək ki, bu da büdcə sabitliyi üçün təhlükə mənbəyi hesab oluna bilər.

2008-ci ildə də büdcə gəlirlərinin həcmi ilə milli iqtisadiyyatın maliyyə potensialı arasında uyğunsuzluq müşahidə olunacaq. Yenə də ölkədə bir tərəfdən azad sahibkarlığın təşəkkül tapmaması, digər tərəfdən isə iqtisadi fəaliyyət sahələrini inhisara götürmüş hakimiyyət təmsilçiləri ilə bağlı olan biznes strukturların dövlət büdcəsinə vergi ödənilməsində müşahidə olunan ciddi nöqsanlar, eləcə də korrupsiyanın mövcudluğuna görə vergi intizamnına əməl olunmaması səbəbindən vergi daxil olmalarında özəl sektorun, xüsusilə də regionlarda fəaliyyət göstərən biznes firmaların payının az olması iqtisadiyyatın büdcə potensialından tam istifadə olunmamasına gətirib çıxarır.

2008-ci il dövlət büdcəsinin xərclərinin strukturu onun siyasi mahiyyətini daha əyani ifadə edir. Növbəti maliyyə ili üçün də büdcə xərcləri gözlənildiyinin əksinə olaraq proqram təsnifatı üzrə açıqlanmır. Bu ilin büdcəsinin xərclərinin təsnifatı kəmiyyət baxımından əvvəlki illə müqayisədə daha çox məhdudlaşdırılıb. Konkret olaraq 2007-ci ilin büdcə layihəsində belə görsənir ki, onun xərclərinin yarısından çoxunun təsnifatı, yəni açılışı yoxdur. Belə ki, 33,6 faizə qədər xüsusi çəkiyə malik olan sənaye tikinti xərclərinin, 12 faizlik paya malik olan müdafiə xərclərinin, 5 faizə qədər xüsusi çəkiyə malik olan prezidentin və büdcənin ehtiyat fonduna ayrılmış vəsaitin, məqsədli fondların, o sıradan «Avtomobil yolları» büdcə fondununun vəsaitlərinin istifadə qaydaları məlum deyil. Belə olan halda isə həmin istiqamətlər üzrə büdcə xərclərinin izlənilməsi və onun səmərəliliyinin qiymətləndirilməsi imkanları daha da məhdudlaşır, şəffaflığın təminatı problem olaraq qalır.

Büdcə xərclərinin 33,6 faizinə qədərinin təşkil edən sənaye-tikinti xərclərinin necə xərclənəcəyi sualına cavab verilməməsi onun maliyyələşdirilməsinə yönəldilicək vəsaitin əksər hissəsinin korrupsiya nəticəsində sərəncamvericilərin yeminə çevriləcəyinə heç bir şübhə yeri qoymur. Büdcədən investisiya məqsədlərinə yönəldilən vəsaitlərin ünvanlılığı və proqramlarla əlaqəliliyinin təmin edilməməsi də korrupsiya üçün geniş şərait yaradılması cəhdi kimi qiymətləndirilməlidir.

Gələn il üçün isə sosial yönümlü xərclərin xüsüsi çəkisi 32,8 faiz (halbuki bu il həmin göstərici 37,9 faiz təşkil edirdi) proqnozlaşdırılıb. İlk dəfə olaraq, Azərbaycan dövlət büdcəsində sosial yönümlü xərclərin, konkret olaraq təhsil, səhiyyə, mədəniyyətə, sosial müdafiəyə və təminata ayrılmış vəsaitlərin birlikdə həcmi əsaslı-tikinti xərclərindən azdır. Balansın investisiyaların artırılması hesabına pozulması bir tərəfdən büdcənin inkişaf xarakterli olduğu anlamını yaratsa da digər tərəfdən də iqtisadiyyata inflyasiya təzyiqini yumşaltmaq məqsədilə sosial proqramlara ayrılan vəsaitlərin məhdudlaşdırılması xarakteri daşıyır.

Gələn ilin büdcəsində narahatlıq doğuran məqamlardan biri də növbəti il üçün cari illə müqayisədə prezidentin ehtiyat fonduna 40 milyon manat və ya 35 % çox vəsait çox vəsaitin proqnozlaşdırılmasıdır. Belə ki, seçki ilində prezidentin sərəncamında təyinatını özü müəyyənləşdirəcəyi 154 milyon manat vəsaitin olması büdcədən siyasi məqsədlər üçün istifadə imkanlarını artırır. Müqayisə üçün qeyd edək ki, bu məbləğ səhiyyəyə ayrılan bütün vəsaitin yarısı qədər, mədəniyyətə, incəsənətə, informasiya, bədən tərbiyəsinə ayrilacaq vəsitlərin cəmi məbləğindən isə çoxdur.

2008-ci il üçün dövlət büdcəsində kəsirinin 1,126 mlrd. manatdan çox proqnozlaşdırılması iqtisadi artımdan ağız dolusu danışan hökumətin təbliğatının puça çıxması deməkdir. Ötən maliyyə ilini profisitlə başa vuran hökumətin gələn ilin büdcəsində bu il üçün gözləniləndən 2 dəfə çox kəsir proqnozlaşdırılması 2008-ci ildə iqtisadiyyata inflyasiya təzyiqini artıran əsas amillərdən biri olacağı indidən şübhə doğurmur. Bu isə onsuz da güzəranı günü gündən pisləşən əhalinin gələn il üçün proqnozlaşdırılan gəlirlərinin dəyərsizləşməsi deməkdir.

Sonda diqqəti bir məqama da yönəltmək istərdik ki, hakimiyyət regional inkişafdan danışsa da, növbəti ildə də bələdiyyələrə dövlət köməyi (hətta bələdiyyələrin sayının artmasına baxmayaraq) əvvəlki səviyyədə saxlanılıb, bu isə bələdiyyələrin maliyyə əsaslarının möhkəmlənməsində siyasi marağın olmamasının göstəricisidir. Digər bir tərəfdən isə yerli gəlirlərin ümumi büdcə gəlirlərinin 3,4% təşkil etməsi 2008-ci il dövlət büdcənin formalaşmasında regionların əhəmiyyətli rola malik olmamasını və bu halda da regionların sosial-iqtisadi inkişafı ilə bağlı deyilənlərin təbliğat xarakteri daşıdığını sübut edir. Deməli, artıq 3 ildir ki, təmtəraqla həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramı uğursuzluğa düçar olub, bunu 2008-ci ilin dövlət büdcəsi də isbat edir.

Beləliklə, belə qənaətə gəlmək olar ki, novbəti ilin büdcəsində də islahat görüntüsü yoxdur, ondan daha çox korrupsiya qoxusu gəlir. Bəyan etdiyi siyasi və iqtisadi kursun əksinə olaraq, hökumət ölkədə gizli iqtisadiyyatın və korrupsiyanın səviyyəsinin azaldılmasına, müstəqil sahibkarlığın və real sektorun inkişafına maraqlı olmadığını nümayiş etdirir, eyni zamanda milyonlarla insanın ən vacib həyatı tələbatlarının ödənilməməsinə göz yumur. Bütün bunlar hazırki hakimiyyətin siyasi mahiyyətindən irəli gəlir və rejimin möhkəmlənməsində büdcə imkanlarının maksimum səfərbər edilməsinə xidmət edir.

isagambar.az, Bakı, 20.11.2007