“ALMANİYADA AZƏRBAYCANDAKI SON HADİSƏLƏRDƏN ÇOX NARAHATDIRLAR”
GUAM ölkələri birliyi ideyası 1993-cü ildə irəli sürülüb

Müsavat başqanı səfər təəssüratlarını “Yeni Müsavat”a danışdı

Müsavat Partiyasının başqanı İsa Qəmbər srağagün Almaniya səfərindən qayıdıb. Dünən onunla görüşüb səfərlə bağlı təəssüratlarını bölüşməyi xahiş etdik. Söhbətimiz zamanı GUAM ölkələrinin Bakı sammiti və digər məsələlərlə bağlı da İsa Qəmbərə sual ünvanladıq.
İlk sualımız isə Almaniya səfərinin necə keçməsi ilə bağlı oldu.

- Səfər Almaniya Azad Demokratlar Partiyasının dəvəti ilə həyata keçirilirdi. Bu partiya FDP adlanır. Bilirsiniz ki, bizim həm Almaniyanın, həm digər Avropa ölkələrinin liberal təşkilatları ilə yaxşı əlaqələrimiz var. Dəvət də məhz bu əlaqələr kontekstində edilmişdi. FDP-nin qurultayı Almaniyanın Ştutqart şəhərində keçirilirdi. Çox yüksək səviyyədə bir qurultay idi və bizim üçün də, təbii ki, maraqlı oldu. Hərtərəfli yüksək səviyyədə təşkil olunmuşdu. Bu bizim üçün də bir təcrübəydi. Eyni zamanda FDP-nin rəhbər şəxsləri ilə, Almaniya Bundestaqındakı və Avropa Parlamentindəki deputatlarla görüşlərimiz oldu. Fridrix Nauman Fondunun rəhbərləri və təmsilçiləri ilə bir sıra görüşlər keçirildi. Qurultaya gələn xarici qonaqlarla söhbətlər etdik. FDP-nin baş katibi ilə söhbətimiz zamanı bildirdi ki, xarici qonaqların iştirakı qurultayın beynəlxalq əhəmiyyətini göstərir və qurultaya beynəlxalq atmosfer gətirir. Maraqlı bir epizod da oldu ki, mən qurultay zalına daxil olanda ali toplantının aparıcısı xarici qonaqları təqdim edirdi, təsadüfən belə alındı ki, mən içəri daxil olan anda “Azərbaycan, Müsavat Partiyası, İsa Qəmbər”-deyə bizim təqdimatımızı səsləndirirdilər. Hər bir ölkənin adı çəkiləndə davamlı alqışlarla qarşılanırdı. Azərbaycanın adının Almaniyanın nüfuzlu partiyasının qurultayında çəkilməsi və yüzlərlə siyasətçinin, onlarla televiziya kanallarının, agentliklərin iştirakı ilə bilinməsi ki, Azərbaycandan da qurultayda qonaq iştirak edir, bu, ölkəmiz üçün əhəmiyyətli idi. Səfərin proqramında son iki günü Almaniyanın Hayderberg şəhərində elmi mərkəzlərlə, alimlər və tanınmış araşdırmaçılarla görüşlər keçirmək nəzərdə tutulurdu.

Səfərdən əvvəl də sizə məlumat vermişdim ki, Almaniyaya dəvətlə Polşaya dəvət təxminən eyni günlərə təsadüf edir. Fikrim var idi ki, hər iki ölkədə keçirilən təbdirdə iştirak edim. Almaniya səfərimin qurultay hissəsi tamamlanandan sonra Polşaya getməyi planlaşdırırdım. Polşada da tədbir iki hissədən ibarət idi. Birinci hissə Varşavada, ikinci isə Vroslav şəhərində keçirilməli idi. Mən düşünürdüm ki, Vroslavda olacaq hissəyə çata bilərəm. Bir tərəfdən araşdırmam nəticəsində məlum oldu ki, ən azı bir iş gününü yolda itirməliyəm, bu isə xeyli görüş imkanlarının əldən verilməsi demək idi. Həm bu səbəbdən, həm də sözün doğrusu Almaniya proqramı çox maraqlı və cəlbedici olduğundan Polşa səfərimi gerçəkləşdirə bilmədim. Polşadakı tədbir də maraqlı idi. 1982-ci ildə Polşada diktatura qurulduqdan sonra “Solidornost” hərəkatının müəyyən hissəsi gizli fəaliyyətə keçmişdi. Həmin təşkilat 1982-ci ildə qurulub və Mübariz Solidornost adlanır. Onlar bu il 25 illik yubileylərini keçirirdilər. Yubiley tədbirlərinə məni də dəvət etmişdilər. Orada da prezident Kaçinski başda olmaqla bir sıra önəmli siyasətçilərlə görüşlər nəzərdə tutulurdu. Təəssüf ki, iştirak edə bilmədim.

- Almaniya Avropanın ən nüfuzlu ölkələrindəndir və Avropa Birliyinin üzvüdür. Bu ölkənin siyasətçiləri Azərbaycandakı mövcud siyasi vəziyyətdən xəbərdardılarmı?

- Qərbdə ixtisaslaşma çox dərinləşib. Bir sıra şəxslər var ki, məhz xarici siyasət məsələləri ilə məşğuldurlar. Bəziləri hətta sırf Qafqazla, yeni müstəqil dövlətlərlə maraqlanırlar. Həmin adamlar Azərbaycandakı vəziyyətdən yaxşı xəbərdardılar. Onların içində bizim uzun illərdən bəri əlaqə saxladığımız, görüşdüyümüz insanlar da var. Onlar Azərbaycandakı vəziyyəti az qala bizim qədər dəqiqliyi ilə bilirlər. Görüşlərimizdə də açıq şəkildə bildirirdilər ki, Azərbaycandakı son hadisələrdən - xüsusən mətbuat azadlığına, jurnalistlərə qarşı hakimiyyətin repressiyalarından çox narahatdırlar. Azərbaycanda bu prosesin dayandırılması ilə bağlı düşünürlər.

- Almaniyada çoxlu sayda azərbaycanlı mühacirlər, müsavatçılar yaşayır. Onlarla təmaslarınız oldumu?

- Adətən bu cür səfərlərdə onlara xəbər verəndəki filan vaxt filan şəhərdə olacağam, hamısı çalışırlar ki, gəlib görüşlərdə iştirak etsinlər. Bu dəfə səfər proqramım da çox sıx olduğu üçün onları da əziyyətə salmaq istəmədim. Ancaq buna baxmayaraq məni tapdılar. Bir qrup müsavatçı, o cümlədən İlham Həsənli və Mehdi Xəlilbəyli Hayderberg şəhərinə gələrək mənimlə görüşdülər. Onlarla xeyli söhbət etdik, məsləhətləşdik. Mühacir qardaşlarımızla məsləhətləşmələrimiz çox yaxşı oldu.

- Müsavatçı mühacirlərin Almaniyanın ictimai-siyasi dairələri ilə əlaqələri varmı?

- Konkret olaraq görüşdüyümüz dostlarımızdan İlham Həsənli də, Mehdi Xəlilbəyli də kifayət qədər fəal insanlardırlar. Alman cəmiyyətində əlaqələr yaradırlar, həm siyasi dairələrlə, həm media strukturları ilə, həm də beynəlxalq təşkilatların nümayəndəlikləri ilə əlaqələr qururlar.

- Bu günlərdə Bakıda GUAM-ın sammiti keçirildi. Buna münasibətinizi bilmək maraqlı olardı.

- Azərbaycanın xarici siyasətinin GUAM istiqamətini hər zaman xüsusi qeyd etmişik. Bu sammitin yaxşı səviyyədə keçməsini çox yüksək qiymətləndirirəm. GUAM-ın Bakı sammitinə beynəlxalq aləm, azad dünya tərəfindən böyük önəm verilməsi göz qabağındadır. Bunun özü də ölkəmiz üçün çox müsbət bir hadisədir. Təbii ki, Azərbaycanın GUAM-ın üzvü olması ölkəmizə həm üstünlüklər gətirir, Azərbaycanın dünya miqyasında önəmini artırır. Eyni zamanda bildirmək istərdim ki, Azərbaycandakı hakim dairələr də GUAM üzvü olmağın məsuliyyətini başa düşməlidirlər. GUAM üzvü olmağın öz normaları var. GUAM demokratik dövlətlərin ittifaqı kimi nəzərdə tutulub. Bu gün Azərbaycanda demokratiya inkişaf etmək əvəzinə getdikcə məhdudlaşdırılırsa, ölkəmizin GUAM üzvü kimi fəaliyyəti də səmərəli olmayacaq. Ona görə də hakimiyyət dairələri bu gerçəyi qəbul etməlidirlər və ölkənin demokratik inkişaf zərurətini görüntü üçün yox, həqiqətən həyata keçirməyə çalışmalıdırlar. Yalnız bu halda GUAM-ın Azərbaycana üstünlüklər gətirəcəyinə mən tam əminəm.

- ABŞ-ın GUAM-a ciddi dəstək verməsi bəzi ekspertlərdə bu qurumun MDB-yə alternativ olaraq yaradıldığı rəyini formalaşdırıb...

- GUAM eyni problemləri yaşayan və təxminən mövqeləri, xarici siyasətləri bir-birinə yaxın dövlətlərin ittifaqı kimi yaranıb. Bu ittifaqın yaranması təsadüfi deyil. Hətta bəlkə, yalnız ayrı-ayrı siyasətçilərin istəyindən də asılı olan bir məsələ deyil. Bir məqamı yada salmaq istəyirəm. 1993-cü ilin fevralında İstambulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının təsis konfransı keçirilirdi. Azərbaycanı parlamentin sədri olaraq mən təmsil edirdim. Bilirsiniz ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına regionumuzun bir çox ölkələri daxildir. Təsis konfransında, demək olar ki, bütün ölkələrin parlament sədrləri ilə müzakirələrimiz olmuşdu. Ancaq mən məhz Ukraynanın, Gürcüstanın və Moldovanın parlament sədrlərinə təklif etdim ki, gəlin bu dörd ölkənin birliyini yaradaq. Çünki bizim problemlərimiz də eynidir, dördümüzün də ərazi problemi var və bu problemin arxasında bu və ya başqa ölçüdə Rusiya amili dayanır. Eyni zamanda biz hamımız kağız üzərində yox, gerçək müstəqillik istəyən dövlətlərik, ona görə də maraqlarımız üst-üstə düşdüyündən bir araya gəlib birlik yaratmağımız məqsədəuyğun olardı. Hər üç ölkənin parlament sədrləri irəli sürdüyüm ideyanı müsbət qarşıladılar və ilkin söhbətlərimiz də oldu. Bakıya dönəndən sonra da prezident Əbülfəz Elçibəylə və digər dostlarımızla bu barədə fikir mübadiləsi apardım. Dörd ölkənin birliyinin yaradılması istiqamətində iş yeni başlayırdı ki, Azərbaycanda məlum iyun hadisələri və çevriliş baş verdi. Bir neçə ildən sonra - Heydər Əliyevin hakimiyyəti dönəmində mənim qeyd etdiyim ideyanın gündəmə gəlməsi və gerçəkləşməyə başlaması onu göstərir ki, bu ideya süni deyilmiş. Bu ideya və GUAM-ın yaradılması dövlətlərin marağından irəli gələn bir gerçəklikdir. Bu baxımdan GUAM-ın gələcəyinə inanıram. GUAM-ı MDB-yə qarşı qurulmuş bir təşkilat hesab etmək sadə yanaşma olardı. Təşkilatlar yaranır və bir-biri ilə müqayisə olunur. MDB-nin çox formal xarakter daşıdığını Rusiya da dolayısı ilə etiraf edir. Rusiyanın özü tərəfindən etiraf olunub ki, MDB keçmiş SSRİ respublikalarının dinc yolla ayrılmasının bir üsulu idi. Ona görə də MDB-ni formal bir təşkilat kimi, ən yaxşı halda MDB-yə daxil olan dövlət başçılarının vaxtaşırı görüşüb fikir mübadiləsi aparması üçün bir məkan kimi qiymətləndirmək olar.

Etibar SEYİDAĞA, Yeni Müsavat, 21.06.2007