Müsavat
Partiyasının başqanı İsa Qəmbər “Milli Mətbuat Günü” münasibəti ilə
jurnalistləri təbrik edib
Təbrikdə deyilir:
“Hörmətli jurnalistlər!
Milli Mətbuatımızın 132-ci ildönümü münasibəti ilə sizi ürəkdən təbrik edir,
hamınıza xoşbəxtlik arzulayıram.
Azərbaycan mətbuatı çox zəngin ənənələrə malikdir. Bu mətbuatın ilki “Əkinçi” qəzetindən, onun yaradıcısı Həsən bəy Zərdabidən tutmuş bu günə kimi yüzlərlə qəzet və jurnalist Azərbaycan cəmiyyətinin inkişafında, maarifləndirilməsində misilsiz rol oynamışdir. Mətbuatımızın 132 illik tarixi həm də xalqımızın və ölkəmizin bu müddət ərzində keçdiyi ziddiyyətli yolun, inkişaf mərhələsinin tarixidir.
Azərbaycan mətbuatı bu gün də cəmiyyətin önündə gedən, onun avanqardı olan
əsas ictimai institutlardan biridir. 1988-ci ildə ölkədə başlanan xalq hərəkatı
azad və müstəqil mətbuatın inkişafına yeni təkan verdi, bu hərəkatın dalğasında
çoxlu alternativ fikir tribunası yarandı. Təəssüf ki, bu düzxətli inkişaf olmadı
və müəyyən bir dövrdən sonra, xüsusilə 90-cı illərin ortalarından başlayaraq
Əliyevlər rejiminin aramsız təzyiqləri nəticəsində milli mətbuatımız çox ciddi
problemlərlə üzləşdi. Həmin vaxtdan etibarən mətbuata təzyiqlər ilbəil çoxaldı,
şiddətləndi, bu gün isə o, özünün ən pik nöqtəsinə çatıb. Təkcə 2007-ci ildə 7
jurnalist öz peşə fəaliyyətinə görə uydurma ittihamlarla həbsə atılıb. Mərhum
jurnalist Elmar Hüseynovun qətlindən 2 ildən artıq bir vaxt keçsə də, bu qətlin
icraçılarının və iştirakçılarının aşkara çıxarılması istiqamətində heç bir
konkret nəticə əldə edilməyib. Neçə-neçə jurnalist “naməlum şəxslər” tərəfindən
döyülüb, şikəst edilib, amma yenə də heç kim cəzalandırılmayıb. Medianın
problemlərini sadalamaqla qurtaran deyil. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq
təşkilatların hesabatlarında Azərbaycan media sahəsində ən pis vəziyyətdə olan
ölkələrin siyahısındadır. Bütün bunlara baxmayaraq fədakar jurnalistlər söz
azadlığı və öz azadlıqları uğrunda mübarizəni davam etdirirlər.
Hörmətli jurnalistlər!
Mən bir daha sizi peşə bayramınız münasibəti ilə ürəkdən təbrik edir edirəm.
Ümid edirəm ki, sizin mübarizliyiniz cəmiyyətin, beynəlxalq təşkilatların
dəstəyi sayəsində mətbuatımız problemlərin öhdəsindən gələcək və biz ölkədə azad
və müstəqil mətbuatın qorunmasına, inkişafına nail olacağıq.
isagambar.az, Bakı, 21.07.2007