Azərbaycanda demokratiya uğrunda mübarizəyə
kənardan baxış
Qorxmaz Əsgərov, politoloq
Müxalifət zəifdir? Bəs, sən?!
Azərbaycanda yuxarıdan demokratik islahatların keçirilməsinə dair bütün
ümidlər iqtidarın sistemli və ardıcıl siyasəti nəticəsində boşa çıxmışdır.
İlham Əliyevin daha proqressiv və islahata meylli xətt tutmasına ümid edən
Qərb də, deyəsən demokratik azadlıqlara olan basqıların məhz gənc və
perspektivli liderdən qaynaqlanmasına artıq şübhə etmir. Qərargahları
əlindən alınan və şəhərin gözdən uzaq yerlərində nümayiş keçirməli olan
siyasi partiyalar, döyülən, həbs edilən və ölümlə üzləşən jurnalistlər,
gülünc ittihamlarla cərimələnən qəzetlər, şübhəli avtomobil qəzalarında
dünyasını dəyişən şəxslər, məhkəmədə ən sensasion bəyanatlarına belə fikir
verilmədən hökmü kəsilən keçmiş nazirlər,.. ümumən cəmiyyətdə bir qorxu və
ümidsizlik əhval ruhiyyəsi yaratmışdır. Bu ölkədə korrupsiya ilə mübarizə
üzrə dövlət komitəsinin sədri Ramiz Mehdiyevdir, ən nüfuzlu nazir normalda
oturub sel, daşqın, zəlzələ və bu kimi digər nadir və xoşagəlməz halları
gözləməli olan və həmin vəziyyətdə müəyyən işlər görməli olan fövqəladə
hallar naziridir, ən iri siyasi partiya 400 minlik YAP-dır. Adambaşına düşən
polisin sayına görə bütün Avropada (Belarus da daxil) birinci yeri tutan
Azərbaycanımızdan söhbət açıram.
Bəndəniz də daxil bir çox adamlar çıxış yolunu ölkədən çıxmaqda görüblər.
Bir qismi ölkədə qalıb şəraitə uyğunlaşmaq yolunu seçib, bir qismi də ölkədə
qalıb hələ də mübarizəni davam etdirməkdədir ki, bu insanlara da öz böyük
ehtiramımı ifadə etmək istərdim, çünki konkret olaraq mənim ortaya
qoymadığım iradə və cəsarəti göstərməkdədirlər. Bunu ona görə qeyd edirəm
ki, aşağıda ifadə edəcəyim fikirləri biganə adamın yekəxana ittihamları kimi
deyil, məhz Azərbaycanda demokratik mübarizənin bütün ağırlığını öz
çiyinlərində daşıyan adamlara bir dost kimi, öz müşahidələrimi çatdırmaq
istəyim kimi qəbul edəsiniz.
Ümidsiz Mübarizə
Belə görünür ki, ölkədəki ümidsizlik, çıxılmazlıq ab-havası demokratik
qüvvələrə də öz təsirini göstərib. Müxalifət partiyaları ümidsiz şəkildə
azsaylı fədakar insanların toplaşdığı mitinqləri ara-sıra davam etdirir, az
tirajlı müxalifət qəzetləri gücü çatan qədər ölkədə baş alan korrupsiya və
qanunsuzluqlardan yazır və artıq bundan da bir nəticə hasil olmadığını görən
qəzet işçiləri tam heyətlə piketlər təşkil edirlər ki, bunun da istənilən
effekt verməyəcəyini əvvəlcədən görürlər, lakin alternativsizlikdən bu Sizif
əməyini davam etdirirlər. Demokratik müxalifət bu əhval ruhiyyə ilə 2008-ci
ilin prezident seçkilərinə hazırlaşır. Seçim yenə də böyük deyil:
seçkiqabağı azacıq televiziya kampaniyasına imkan yaradılacaq, bir neçə
icazəli nümayiş keçiriləcək, sonra seçki günü saxtakarlıq olacaq, yenə bir
neçə etiraz nümayişi, yenə polis dəyənəyi və sümükqıran itlər və ən sonda
yenə də depressiya və müxalifətdaxili ittihamlar, bəzi müxalifətçilərin
satılıb getməsi, digərlərinin isə ümidsizliklə növbəti seçkilərə
hazırlaşması.
***
2003-cü ildə 16 oktyabrda xalqın etirazı amansızcasına boğulanda Hikmət
Hacızadə “Monitor” jurnalında bir məqalə ilə çıxış etmişdi. Məqalənin adı
elə belə də gedirdi: “Ümidsiz Mübarizə” (Borotsya bez Nadejdı). Məqalənin
mənası ondan ibarət idi ki, X gününə olan ümidlər batdı, Qərb demokratiyanı
dəstəkləmədi, iqtidarın repressiv apparatı güclü çıxdı, amma gərək bu
cəmiyyətdə müəyyən bir kəsim NƏYİNSƏ DOĞRU OLDUĞUNA İNANDIĞINA GÖRƏ
MƏĞLUBİYYƏT 100 FAİZLİ OLSA BELƏ MÜBARİZƏNİ DAVAM ETDİRSİN. Müəllif
Samurayların Buşido davranış kodeksindən də misal gətirmişdi: Samuray
məğlubiyyət qaçılmaz olanda belə döyüşə atılır, çünki onun üçün şərəfli ölüm
şərəfsiz həyatdan üstündür.
***
Etiraf edim ki, o vaxt məqalə mənim çox xoşuma gəlmişdi və onu bütün
dostlarıma məcburi oxuma materialı kimi tövsiyə etmişdim. İndi eyni mövqeyə
fərqli baxıram. Hikmət bəyin təqdim etdiyi yolun çox şərəfli bir yol
olduğunu və mübarizəni məhz ümidsiz samuraylar kimi aparan fədakar
həmvətənlərimin hər birinin bir qəhrəman olduğunu indi də şübhə altına
salmıram. Fəqət belə insanlar bütün cəmiyyətlərdə azlıqda olur və nə vaxta
qədər ki, Azərbaycandakı demokratiya mücadiləsi bir ümidsiz samuray döyüşünü
xatırladır, sıravi Azərbaycanlılar bu prosesə QOŞULMAYACAQLAR.
Qeyri-azad cəmiyyətlərdə Mübarizə
Hələ ki, Azərbaycanda ortada olan mübarizə metodlarını aşağıdakı kimi
təsnifləşdirmək olar:
- İcazəli mitinqlər;
- İcazəsiz mitinqlər;
- Jurnalist piketləri;
- Aclıq aksiyaları;
- Müxalifət qəzetlərində ifşaedici məqalələrlə çıxış etmək;
- Parlamentdə bəzi Müsavatçı deputatların müzakirə yaratma cəhdləri.
Təzə mübarizə metodu kimi bəzi siyasilər və jurnalistlər kollektiv qaydada
siyasi mühacirət etmək aksiyalarına da əl atırlar.
***
Bütün bu aksiyalar dəfələrlə uğursuzluğa düçar olsa da müxalifətin
gündəliyində yeganə tədbir vasitələri kimi qalmaqda davam edir. Amerikada
sadəlövhlüyün məşhur bir tərifi var: Sadəlövhlük dönə-dönə eyni şeyi edib
hər dəfə müxtəlif nəticə gözləməkdir. İcazəli-icazəsiz aksiyalarda azsaylı
insanları çoxsaylı polis dəyənəyi ilə üz-üzə qoymaqla nəyə ümid etmək olar?
Polisdə rəhm əmələ gəlməyəcək, döyülən insanların acı təcrübəsi isə
yeni-yeni insanların bu tip aksiyalara qoşulmasına kömək etməyəcək.
***
Bəlkə mübarizəni orta cəsarət səviyyəsi olan hər bir Azərbaycanlı üçün
aparıla bilən kiçik aksiyalara bölmək olar? Bəlkə daha az qüvvə ilə rejimin
daha çox təhlükəsizlik qüvvələrini daimi gərginlikdə saxlamaq olar? Bu
bəlkələrə Azərbaycandan da repressiv ölkələrdə - 70-ci illərin
Çexoslovakiyası, 80-ci illərin Polşasında, Miloşeviç Serbiyasında aparılan
mübarizə təcrübələri cavab verib. İzdihamlı mitinqlərin keçirilməsi mümkün
olmayan yerlərdə azsaylı fədakar insanları təhlükəsizlik qüvvələrinə
ovlatdırmaqdansa onlardan səmərəli istifadə edib hakimiyyətə meydan oxumaq
olar. Həmin təcrübələrdən Azərbaycanda tətbiq edilə bilən bir neçə mübarizə
metoduna nəzər salaq:
- Vərəqə yağışı;
- Qrafitti kampaniyası;
- Komik situasiyalar yarada biləcək qeyri-ənənəvi siyasi aksiyalar;
- İnternet məktubları.
Vərəqə yağışı
Ucuz başa gələn və bir-iki nəfər vasitəsilə həyata keçirilə bilən, lakin
kütləvi tədbir effekti verə bilən mübarizə vasitəsidir. Bakıda şəhərin ən
mərkəzi küçələrində hansısa bir yaşayış binasının 5, yaxud 6-cı mərtəbəsinə
çıxıb A4 formatlı kağızın yarısı boyda (A5) 50, 100, yaxud 200 vərəqəni
blokun pəncərəsindən küçəyə səpələmək olar, yerdə qalanını Bakı küləyi həll
edəcək. Polis özünü yetirincə vərəqəni səpələyən şəxs hadisə yerindən
uzaqlaşa bilər. Polşada Yaruzelski əleyhinə belə vərəqələr yayılarkən belə
bir metoddan da istifadə edilirdi: Vərəqə bağlaması sapla şələlənirdi və
onun düyün yerinə yanan siqaret kötüyü bağlanırdı. Bu “qurğu” yuxarı
mərtəbələrin birinin pəncərəsindən bağlanırdı və vərəqəni yayan şəxs aradan
çıxırdı. 5-6 dəqiqə sonra yanan siqaret kötüyü bağlamanın sapını yandırıb
açırdı və vərəqələr küçəyə səpələnirdi. Polis hadisə yerində heç kimi tuta
bilmirdi.
***
Vərəqələrdə siyasi mənsubiyyətin göstərilməməsi bütün müxalifət qüvvələrinə
çəkici bir yerə döyməyə imkan verir. Ən azı ilkin mərhələdə həm
Müsavatçılar, həm Cəbhəçilər həm də digər müxalif qüvvələrin tərəfdarları
heç bir sazişsiz-filansız vərəqə yaymaqla hökumətin ifşa edilməsi
mərhələsində özləri də bilmədən qüvvələri birləşdirə bilərlər.
Qrafitti kampaniyası
Sadə dildə bu, küçələrdə, divarlarda xüsusi boya balonları ilə yazılar yazma
kampaniyasıdır. 2003-cü ilin Gürcüstanında, 2004-cü ilin Ukraynasında
xalqlar rejimə qarşı bu mübarizə üsulundan aktiv istifadə etmişdilər.
Vərəqələrdə olduğu kimi bu işdə də 1-2 nəfərlik qrup kifayət edir ki, qısa
müddət ərzində iri bir ərazini anti-rejim şüarları ilə bəzəsin. Gürcüstanda
“artıq yetər!” mənasını verən “Kmara” şüarları bütün Gürcüstanı bürümüşdü.
Hətta daxili işlər nazirliyinin və parlamentin binasını da bir neçə gənc bu
şüarlarla boyamışdı. Vərəqədən fərqli olaraq qrafittini yox etmək çox vaxt
və zəhmət apardığından, ən resurslu hökumət belə (məsələn Miloşeviç
Serbiyası) qrafittinin əlində aciz qalır. Bu kampaniyanın daha bir özəlliyi
onun qartopu effekti ilə yayılmasındadır. Gürcüstanda Kmara gənclər
təşkilatının cəmi 40 üzvü var idi. Qrafitti kampaniyasına başlayan kimi
hərəkata heç bir dəxli olmayan insanlar da yerli hakimiyyət orqanlarına öz
qəzəb və nifrətlərini qrafitti ilə izhar etməyə başladılar. Kənardan elə
təsəvvür yaranırdı ki, Kmaranın minlərlə üzvü var. Sadə həqiqət isə bundan
ibarət idi ki, Kmara Gürcüstanda korrupsiya və qanunsuzluqdan bezən on
minlərlə insana asan mübarizə yolunu göstərmişdi və orta cəsarət səviyyəsi
olan hər bir gənc hansısa bir divara öz imzasını qoymağı özünə borc bilirdi.
***
Hər bir boya balonunun qiyməti 1-2 manat civarındadır və bir balonla 40 şüar
yazmaq olar! Şüarlar xalq arasında populyarlaşa bilən bəyanatları əks
etdirməlidir ki, hamı eyni, yaxud təqribən eyni şüarları yazsın. Vəzirovun
çox qorxduğu “İstefa”, yaxud “Azadlıq” şüarları, yaxud rayonundan asılı
olaraq hansısa bir qeyri-populyar məmurun və ya yüksək dövlət rəsmisinin
adını çəkərək “ar olsun” şüarını yazmaq olar. Bu mübarizə metodu hər bir
orta statistik azərbaycanlının apara biləcəyi mübarizə metodudur. Sadəcə
xalqa nümunə göstərmək yetər, Kmara kimi.
İnternet məktubları və qeyri-ənənəvi aksiyalarİstənilən
serverdə havayı, anonim bir e-mail adresi açıb hansısa bir internet kafedən
minlərlə adresə anti-rejim məqalələri və s. materialları göndərmək olar
(Azərbaycanda bu üsuldan indi xüsusi xidmət orqanları istifadə edir -
red.). Bu, yeni metod Serbiyada və Ukraynada uğurla həyata keçirilmişdi
və xüsusən tələbələr arasında böyük uğur qazanmışdı.
***
1982-ci il. Voytsex Yaruzelskinin Polşada asıb kəsən vaxtı. Ölkədə fövqəladə
vəziyyət rejimi. Mərkəzi küçələrin birində üstünə qara tuşla “Yaruzelski”
yazılmış bir donuz qaçır, arxasınca da Polşanın xüsusi xidmət orqanlarının
əməkdaşları... Hürkmüş donuz var gücü ilə onu təqib edən zabitlərin əlindən
qaçıb-qurtulmağa çalışır, camaat isə gülürdü... Donuzu güllələyəsi oldular.
Amma rejimə də dəyən ziyan artıq dəymişdi.
Hər bir qeyri-ənənəvi siyasi aksiya konkret şəraitə və yerli xalqın milli
mədəniyyətinə hesablanaraq həyata keçirilməlidir. Heç bir aksiyanı
təkrarlamadan Azərbaycanda da istək olsa, eyni effekti verən bu tip
aksiyalar həyata keçirmək olar.
Ümidli Mübarizə
Əminəm ki, Azərbaycandakı avtoritar rejimin dayaqları möhkəm deyil. Əgər iki
milyona yaxın adam ölkəni tərk edibsə, yerdə qalan əhalinin də yarısı
yoxsulluq həddindən aşağıda yaşayırsa, ölkədə qiymətlər günü-gündən artırsa,
təhsil ocaqlarında belə rüşvətxorluq çiçəklənirsə, bunun əksini iddia etmək
Azərbaycan xalqını mazoxizmdə ittiham etmək olardı. Sadəcə, xalq çıxış yolu
görmür və ümidsiz mübarizə perspektivi çörəkpulu üçün əlləşən insanları cəlb
etmir. Müxalifət partiyaları isə bir çox hallarda hökumətlə deyil, biri-biri
ilə mübarizə aparırlar. Daha bir təəssüf doğuran hal odur ki, onunla ilin 12
ayını vuruşan hökumətlə mübarizə aparmaq üçün müxalifət daim seçkiləri
gözləyir (seçki də seçki olsa, dərd yarı). Guya ki, son 14 il ərzində bütün
seçkiləri saxtalaşdırmış bir klanı hakimiyyətdən uzaqlaşdırmaq üçün məhz
həmin klanın bir daha saxtalaşdıracağı seçkiləri gözləməyə ehtiyac var.
Təklif etdiyim mübarizə üsulları hər bir müxalif düşüncəli insanın təklikdə,
yaxud onu satmayacağına əmin olduğu bir, yaxud bir neçə dostu ilə birgə edə
biləcəyi aksiyalardan ibarətdir. Bu aksiyaların bir özəlliyi də ondan
ibarətdir ki, onları həyata keçirmək üçün mərkəzləşdirilmiş struktura heç
bir ehtiyac yoxdur. Etiraz aksiyalarının MƏRKƏZSİZLƏŞDİRİLMƏSİ rejimin
repressiv aparatına qarşı ən yaxşı müdafiə üsuludur. Müxalifət partiyalarına
yeridilmiş informatorların iri struktur səviyyəsində hazırlanan bir aksiyanı
polisə xəbərləmək imkanı ola bilər. İki-üç nəfərlik qruplar isə bu tip
sabotajlara qarşı daha yaxşı müdafiəyə malikdirlər.
Washington
P.S. Məni uzaq xarici ölkədən pişiyin boynuna zınqırovu
asmaq təklifi ilə çıxış etməkdə ittiham edə biləcək məsləkdaşlarıma isə bir
şeyi xatırlatmaq istərdim: Hazırda müxalifətin tətbiq etdiyi mübarizə
üsulları həyat üçün daha təhlükəli və əziyyətli üsullardır. Təklif etdiyim
metodlar yuxarıda adı çəkilən ölkələrdə məhz asan başa gəldiyinə,
rahatlığına və nisbətən daha təhlükəsiz olduğuna görə seçilmiş mübarizə
üsullarıdır.
22.06.2007, AZADLIQ qəzeti