Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Öncə qərarların icra vəziyyəti və görülən işlərə baxılıb. Müstəqillik günü münasibətilə partiya qərargahında Dəyirmi Masanın keçirilməsi müsbət qiymətləndirilib. Bununla yanaşı qeyd edilib ki, hakimiyyətin təzyiqləri nəticəsində Oktyabrın 18-nə planlaşdırılan bayram şənliyi qeyd olunmayıb. Divan Bakı şəhər İcra Hakimiyyətinin həmin bayram şənliyinin keçirilməsinə icazə verməməsini həm sərbəst toplaşmaq azadlığının pozulması, həm də hakimiyyətin Müstəqillik gününə olan sayğısız münasibəti kimi dəyərləndirib. Sonra Müsavat partiyası başqanının Almaniya səfərinin yekunları müzakirə olunub. Müsavat Partiyasının Avropa Liberal Demokrat İslahat Partiyalarının İttifaqına üzv qəbul olunması partiyanın həyatında mühüm hadisə kimi qiymətləndirilib.

Müxalifətin Seçki Məcəlləsinə vahid təkliflər paketinin hazırlanması istiqamətində danışıqları davam etdirməsi və sürətləndirməsi məqsədəuyğun hesab edilib.

İclasda Türkiyədə PKK terrorçularının son vəhşilikləri qətiyyətlə pislənilib, Türkiyə hakimiyyətinin terrorçulara qarşı qətiyyətli mübarizəsi partiya tərəfindən dəstəklənib. Azərbaycan hakimiyyətindən indiki məqamda PKK-nı terrorçu təşkilat kimi tanıması tələb edilib. PKK-ya qarşı mübarizədə Türkiyə hakimiyyətinə dəstək tədbirlərinin keçirilməsi müzakirə edilib.

Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Axırda cari məsələlərə baxılıb.

isagambar.az, Bakı, 22 oktyabr 2007-ci il