Müsavat Partiyasının başqanı İsa Qəmbər Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciət edib

Müraciətdə deyilir:

“Hörmətli soydaşlarım!


15 il bundan əvvəl Ermənistan - Rusiyanın hərbi birləşmələri Dağlıq Qarabağın Xocalı qəsəbəsinə hücum edərək, qəsəbənin əhalisinə qarşı əsl soyqırım həyata keçirib. Dinc əhali - qadınlar, qocalar, uşaqlar etnik mənsubiyyətlərinə görə kütləvi şəkildə məhv ediliblər. Təəssüf ki, dünya ictimaiyyəti 20-ci əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında ətraflı təsəvvürlərə malik deyil. Uzun müddət Azərbaycan hakimiyyəti bu faciənin əsl qiymətini vermək, həqiqi cinayətkarların kimliyini açıb göstərmək əvəzinə, ondan daxili siyasi rəqiblərinə qarşı istifadə etmək taktikası yeridib. Yalnız son vaxtlar xaricdə yaşayan soydaşlarımızın fəallığı nəticəsində Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində müəyyən işlər görülür. Bir sıra MDB respublikalarında, Qərb ölkələrində bu faciə ilə bağlı müxtəlif tədbirlər - konfranslar, piketlər keçirilir, hadisənin bütün dəhşətlərini özündə əks etdirən sərgilər nümayiş etdirilir, kitablar, bukletlər nəşr olunur. Lakin bütün bunları yalnız başlanğıc hesab etmək olar. Biz hamımız, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan cəmiyyəti Xocalı həqiqətlərinin dünyaya çatdırılması, dünya birliyinin bu faciəyə həqiqi qiymət verilməsi uğrunda birlik nümayiş etdirməli, fəaliyyətimizi gücləndirməliyik.

Hörmətli soydaşlar!


Mən bu dəhşətli faciənin bütün qurbanlarına ulu tanrıdan rəhmət diləyirəm. Nə qədər ki, Xocalı soyqırımı öz həqiqi qiymətini almayıb, nə qədər ki, ölkəmizin ərazi bütövlüyü bərpa olunmayıb, həmin dəhşətli faciədən möcüzə nəticəsində sağ çıxan insanlar öz doğma yurdlarına qayıtmayıb, biz onların ruhu qarşısında borclu olaraq qalacağıq. Odur ki, biz bir yumruq kimi birləşib mübarizəmizi davam etdirməliyik. Mən inanıram ki, bu mübarizə sonda haqqın və ədalətin qələbəsi ilə nəticələnəcək.”

Müsavat Partiyasının mətbuat xidməti, 24 fevral 2007-ci il