“İsa Qəmbər:sabahısı onun sifətini görəndə özümə nifrət etdim”

Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbərin 50 yaşı olur. Azərbaycan siyasətinin aparıcı simalarından olan İsa Qəmbərlə siyasətdən kənar söhbət etmək qərarına gəldik. Uşaqlıq, gənclik dövrünə qayıdıb, qapalı və ağır təbiətli şəxs təsiri bağışlayan İsa Qəmbərə siyasətdən kənar suallarımızı ünvanladıq. Təbii ki, öncə «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan»ın kollektivləri adından İsa bəyi təbrik edib, cansağlığı arzuladıq.

- Uzun çəkdimi 50 yaşı haqlamaq?


- Düz 50 il çəkdi.

- Ötən illərə boylananda sizi sevənlər və qoruyanları necə xatırladınız?


- Mən taleyimdən razıyam. Tanrım məni bir türk övladı olaraq Azərbaycanda yaxşı bir ailədə və mənim üçün ən gözəl şəhər olan Bakıda dünyaya gətirib. Uşaqlıqdan, məktəbdən, universitetdən, akademiyadan və demokratik düşərgədən razıyam. Bir sözlə, Tanrım mənə xoşbəxt bir tale qismət edib.

- Müəllimənizin xatirələrindən məlum olur ki, dalaşqan olmusunuz. Uşaqlığı şuluqluqla keçən İsa Qəmbərdə hazırki ağırlığı hansı amillər yaratdı?


- Təbii ki, gənclik dövrü ilə uşaqlığı müqayisə etmək çətindir. Çünki hər bir dövrün öz xüsusiyyəti var. 50 illik ömrümün 25 ilini 8-ci kilometrdə yaşamışam. Çox maraqlı, canlı həyətimiz olub, təhsil aldığım 62 saylı məktəb də çox döyüşkən idi. Təbii ki, uşaqlıqda dalaşmışıq da, şuluqluq da etmişik. Ancaq hər bir şeyin həddi var. Sonuncu dəfə 22 yaşımda universitetin 5-ci kursunda oxuyanda dalaşmışam. Ondan sonra özümə söz verdim ki, həyati təhlükə olmasa, bir daha hər hansı insanla fiziki davaya girməyəcəm.

- Həmin qarşıdurma elə pis olmuşdu ki, bu mərhələni bitirmək qərarına gəldiniz?


- Sonradan anladım ki, boş və mənasız bir şey üstündə tələbə yoldaşımla bir-birimizi vurduq. Səhəri gün dərsə gələndə onun sifətinin nə vəziyyətdə olduğunu görəndə özümə nifrət etdim. Nə cür ola bilər ki, insan insana əl qaldırsın. Ona görə özümə söz verdim ki, bilavasitə həyatıma və şərəfimə təhlükə olmadan heç bir zaman dalaşmayacam.

- Məhəllələr arasında davalar baxımından ötənləri necə xatırlayırsınız?


- Doğrudan da çox canlı həyət idi. Demək olar ki, günümüz həyətdə keçirdi. Futbol, tennis, hava yaxşı olanda şahmat oynayırdıq. Həyətimizdə bir-birinə qaynayıb-qarışmış ailələr yaşadığından daxili davalar demək olar ki, olmurdu. Ancaq 8-ci kilometr idi, bir də görürdün, başqa məhəllələrlə davamız düşdü, belə şeylər olurdu.

Haşiyə: İsa bəyin böyüdüyü məhlədə babası çinar ağacı əkibmiş. Yayın qızmar günlərini çinarın kölgəsində keçirən qonşular «Babanın çinarı» deyib rəhmətliyi xatırlayırdılar…

- Həyətdəki «Babanın çinarı»nı heç xatırlayırsınızmı?


- (gülür). Hərdən 8-ci kilometrdən keçəndə dərsdən qaçıb istirahət etdiyimiz çəmənlikləri, bayramlarda çıxıb gəzdiyimiz yerləri xatırlayıram, tamam dəyişib. Doğma tramvay xəttini hörmətli Hacıbala müəllim sökdürüb, dəyişikliklər həddən artıq çoxdur…

- Bu dəyişikliklər sırasında itkiləriniz də oldumu?


- Mən çox sentimental adam deyiləm. Amma bəzən uşaqlıq illərinin nostaljisi olur.

- Bəlkə bir neçə dəqiqəliyə siyasətdən uzaqlaşıb sentimentallığa qayıdasınız…


- Nə qədər uzaqlaşsaq da, mən sentimental deyiləm.

- Kimlər sizə ciddi təsir edib ki, onları tez-tez xatırlayırsınız?

- İlk növbədə valideynlərimi xatırlayıram. Hər ikisi kimya elmləri üzrə alim idi. Atam professor idi və uzun illər institutda direktor müavini işləyib, yekunda isə rəhbərlik etdi. Akademiyanın müxbir üzvü olub. Anam Azərbaycanın ilk kimyaçı alim qadınlarından biriydi. Evdə çox ziyalı mühit var idi. Söhbət təkcə kimyadan getmir. Tez-tez dostlar və qohumlarla qurulan məclislərdə ədəbiyyatdan, fəlsəfədən, tarixdən, bütün mövzularda söhbətlər olurdu. Yaxşı kitabxanamız var idi, Bakıda və Moskvada nəşr olunan önəmli elmi-bədii jurnallar alırdıq. Belə bir mühitdə böyüdüyümdən valideynlərimə minnətdaram. Məktəbdə ən çox xatırladığım ədəbiyyatdan dərs deyən Hacıağa müəllim çox maraqlı və Stalin dövründə Sibiri görmüş şəxsiyyət idi. Onun söhbətlərini sonradan xatırladıqca, bir çox şeyləri başa düşməyə başladım. Digər fənlərdən olan müəllimlərimi də hörmətlə xatırlayıram. Universitet illərinə gəlincə, BDU hər zaman ictimai fikir mərkəzlərindən olub və sovet dövrünün məhdudiyyətlərinə baxmayaraq, çox güclü müəllimlərimizin təsirini hiss etmişəm. Həyatın hər bir mərhələsində adları tariximizə qızıl hərflərlə yazılacaq şəxsiyyətlərlə rastlaşmışam.

- Çoxları futbola daha çox maraq göstərdiyinizi söyləyir. Amma bildiyimə görə ağır atletikada da özünüzü sınamısınız. Niyə indiyə qədər bunu gizlətmisiniz?


- (bərkdən gülür). Yox, heç nəyi gizlətməmişəm, maraqlananlar bilir. Əvvəla, təkcə futbol yox, şahmat da oynayırdıq və həyətimizdə ən güclü oyunçulardan biri sayılırdım. Ağırlıq qaldırma isə maraqla bağlıydı və qohumlarımdan birindən xahiş etdim, mənə ştanqa düzəltdi. Düzdür, anam evə ştanqa gətirməyimdən çox narazı idi. Çünki 120 kiloqramdan artıq idi və hər gün məşq edirdim.

- Ötən əsrin 60-70-ci illərində Türkiyəyə qadağa qoyulsa da, qardaş ölkənin mətbuatı Qəmbərovlar ailəsinə hansı mənbədən daxil olmuşdu?


- Elə mühitdə yaşayırdıq ki, tariximiz və mədəniyyətimizlə bağlı yeniliklərdən xəbər tutmağa çalışırdıq. Atam ədəbiyyat və tarixə çox bağlıydı. Həddən artıq xarici səfərlərdə olurdu və nə zaman imkan olurdusa qəzet və kitab alırdı. Bu baxımdan Türkiyə nəşrlərinin mənzilimizdə olmasında təəccübli bir şey yoxdur.

- Marksizm-leninizm ideyalarının hər şeydən üstün tutulduğu vaxtlarda qadağa olunan ədəbiyyatı əldə etmək çətin deyildimi?


- Evimizdə inqilabdan əvvəl və 20-ci illərdə nəşr olunan əsərlər qalmışdı. Gizli ədəbiyyat dedikdə bu, daha çox universitet və akademiya illərinə aiddir. Atam hesab edirdi ki, sosializmin perspektivi var, sadəcə, sovet dövlətində yaxşı tətbiq olunmur. Düşünürdü ki, kənddə böyüyən bir adam kimi gəlib şəhərdə professora qədər yüksəlibsə, bu, o dövrün insanlar üçün yaratdığı imkanlar hesabına mümkün idi. Bəzən mübahisəmiz olurdu. Xüsusən gənclik vaxtımda bütün tarixi sübutlarla göstərirdim ki, Azərbaycan XIX və XX əsrin əvvəlində heç də sovet dövründən az inkişaf etməyib. Hesab edirdim ki, kapitalizm də insanlar üçün bərabər imkanlar yaradır. Amma hər halda atamla söhbətimiz çox maraqlıydı. Adam öz atası haqqında bir qədər tərif söyləyəndə çətin olur. Lakin o, ensiklopedik biliyə malik olduğundan istənilən elm sahəsi haqqında təsəvvürü var idi. Bəlkə də mənim üçün ən böyük universitet atam idi.

- Orta məktəbi bitirib sənədlərinizi texniki fənlərə təqdim etsəniz də, imtahanlara 10 gün qalmış fikrinizi dəyişmisiniz. Hansı amillər və kimlər bu addımı atmağa təsir etdi?


- Deyəsən, söhbətə yaxşı hazırlaşmısınız. Orta məktəbdə texniki elmlərə daha çox diqqət yetirirdim və universitetin fizika fakültəsinə daxil olmağa hazırlaşırdım. Məktəbdə fizika, riyaziyyat və həndəsini yaxşı oxuduğumdan diplomlar da almışdım. Ancaq son məqamda öyrəndim ki, Leninqrad (indiki Sankt-Peterburq-red.) universitetində ölkəşünaslıq fakültəsində Azərbaycana üç yer ayırıblar. Qərara gəldim ki, bu fakültədə oxuyub şərq ölkələrinin tarixini öyrənəcəm. Evdəkilər fikrimi biləndə təəccüblənsələr də, demokratik mühit olduğundan etiraz etmədilər. İmtahanları yaxşı verdim, ancaq başqa bir abituriyentlə üçüncü-dördüncü yerləri bölüşdürdüm və müəyyən səbəblərdən sonuncu yeri başqasına verdilər. Həmin vaxt universitet rəhbərliyi Ukraynada hüquq, Moskvada fəlsəfə və filologiya, Bakıda isə tarix fakültələrinə seçim etməyi təklif etdi. Bakıda qalmalı oldum. Bu da həyatın qəribəlikləridir.

- Bacınızdan fərqli olaraq orta məktəbdə qızıl medal almamağınız sizdə narahatlıq yaratmadımı?


- Qətiyyən. Heç vaxt orden və medallara xüsusi maraq göstərməmişəm. O zaman qızıl medal məsələsində rüşvət və yuxarıdan tapşırıq olduğundan atam buna ehtiyac görmədi. Amma universtitetdə fərqlənmə diplomu verdilər və mən də etiraz etmədim.

- Bildiyimə görə, mənziliniz qohumların paytaxtı hesab edilib və siz rayondan gələn qohumların uşaqlarını tez-tez «Azdrama»ya aparırmışsız. Hansı tamaşalar maraq dairənizdəydi?


- Çox qəribə mənzilimiz var idi. Hansı qohumumuzun şəhərdə işi olurdu, bizə gələrdi. Bakıdakı qohumlar da şənbə-bazar günləri bizə yığışardı. Teatra gəlincə, təkcə mən yox, atam da aparırdı. 8-10 yaşımdan Dram Teatrdakı ilk təqdimatlara gedirdim. İndi bunun nə cür məktəb olduğunu qiymətləndirirəm. O dövrdə İlyas Əfəndiyevin «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər» və Mehdi Məmmədovun quruluş verdiyi tamaşalar çox maraqlıydı. Son illərə qədər prosesi izləməyə çalışmışam və imkan olanda da gedirəm. Ötən il İsmayıl Şıxlının əsəri əsasında hazırlanan tamaşadan başqa yadımda qalan olmayıb.

- Mütaliə dairənizdə hansı personalar və sahələr əsas yer tutur?


- Mütaliə mənim üçün əsas məşğuliyyət növlərindəndir. Həm siyasi, həm tarixi, həm də ədəbi əsərləri izləməyə çalışıram. Son bir-iki ildə Orxan Pamukun «Qara kitabı»nı oxudum, indi isə «Qar»ı oxumağa hazırlaşıram. Qərb ədəbiyyatından Paola Koelonun «11 dəqiqə» və başqa əsərlərini mütaliə etdim. Maraqlı olduğundan Umberto Ekonu oxudum. Gəncliyimdə onun haqqında eşitmişdim. Azərbaycan ədəbiyyatında isə son vaxtlar Seyran Səxavətin, Səfər Alışarlının və Elçin Hüseynbəylinin əsərlərini mütaliə etmişəm. Çingiz Abdullayevin əsərləri isə istirahət anlarımda oxuduğum kitabdır.

- Postmodernistləri izləyirsinizmi?


- Sistemli olmasa da, «Alatoran»ı internetdən izləməyə çalışıram. Son günlərdə mənə daha çox ingilis tarixçisi Cek Uezerfordun «Çingiz xan və müasir dünyanın yaranması» əsəri təsir etdi. Əsər nəinki Çingiz xanın şəxsiyyətinə, bütövlükdə dünya mədəniyyətinə fərqli və maraqlı yanaşmadır.

- Əsərdə avropamərkəzçilik sezilirmi?


- Qətiyyən. Müəllif Çingiz xanın dünya mədəniyyətinə, beynəlxalq hüquqa və iqtisadiyyata gətirdiyi yenilikləri çox əsaslı və sistemli şəkildə qələmə alıb.

- Övladlarınıza mütaliəni məsləhət görürsünüz, yoxsa məcbur edirsiniz?


- Məcbur etməkdən söhbət gedə bilməz. Məsləhət görmək isə çox az hallarda olur, çünki hər ikisi mütaliəyə meyllidirlər. Böyük oğlum İlkin məndən də çox oxuyub və ədəbiyyatdakı müasir tendensiyaları daha yaxşı bilir. Kiçik oğlumun da öz maraq dairəsi var. Cek Uezerfordun əsərini oxumağı onlara da məsləhət gördüm. Son günlər azad iqtisadiyyatla bağlı kitabları oxuyuram. Çox maraqlı şəkildə sübut edirlər ki, iqtisadi azadlıq ölkənin inkişafının rəhnidir. Bunları bildikcə, adam hakimiyyətin siyasətinə daha çox qəzəblənir.

- (masasının üstündəki ailəvi şəkli göstərirəm). Mən də, digər dostlar da müşahidə edib ki, İlkin Türkiyəyə təhsil almağa gedəndən sonra şəklin üstünü əvvəllər olduğu kimi örtmürsünüz. Onun üçün çox darıxırsınız?


- (gülür). Hər bir valideynə övladları əzizdir. Azərbaycanın bütün gənclərini özümə övlad hesab edirəm. Oğullarıma görə müəyyən məsuliyyətim var və onların yaxşı bir vətəndaş olmasını istəyirəm.

- Ümumiyyətlə, hansı keyfiyyətləriniz hələ ictimaiyyət üçün aşkarlanmayıb?


- (fikirləşir). Çətin sualdır, bəlkə də mənim cavab verəcəyim sual deyil. Birincisi, insana kənardan qiymət verilməlidir. İkincisi də, cəmiyyətə təqdim edilməyən cəhətlərimi sözlə yox, Tanrı qismət edərsə, real şəkildə təqdim etmək lazımdır. Siyasətçi kimi tanındığımdan siyasi məqsədlərimi insanlara istənilən qədər tanıda bilsəm, kifayət edər.

- Sizə qarşı irəli sürülən ittihamlar sırasında ən cılızı hansıdır?


- Yersiz, əsassız ittihamlar olsa da, bunları fərqləndirmək və şərəfləndirmək fikrində deyiləm.

- Siyasəti kənara qoyaq, mərhum Elçibəy həyatınızda hansı izlər buraxdı?


- Əgər siyasi motivləri kənara qoysaq, Əbülfəz Elçibəy həyatımda iştirak edib. Yaş fərqinə baxmayaraq, dost olmuşuq və onunla təmaslarım mənim üçün həddən artıq önəmli olub. Bu istiqamətdə dünyasını dəyişənlərdən Xudu Məmmədovu, İsmayıl Şıxlını, Aydın Məmmədovu xatırlaya bilərəm. Həyatda olanlardan Bəxtiyar Vahabzadə, Ramiz Rövşən və bir çox başqaları. Təsəvvür edin ki, gənc yaşlarımdan bu insanlarla təmasda olmuşam. Onların söhbətlərini eşitmişəm, onlar nəzakət göstərib mənim də fikirlərimi eşidiblər. Təbii ki, bu da Tanrının bir hökmüdür, bəxtimizə düşüb.

- Nəhayət, son sual. Bildiyimə görə martın 22-də siqarət çəkməyi həmişəlik tərgidirsiniz. Bu, özünüzün 50 yaşınıza hədiyyənizdir?


- Fikirləşdim ki, 30 ildir çəkmişəm, bəsdir.

- Amma orta məktəbdə də siqaret çəkdiyinizi eşitmişəm…


- Orta məktəbdə uşaq dəcəlliyi olduğundan bunu siqaret çəkmək adlandırmaq olmaz. Ancaq universitet illərindən sistemli çəkirdim, 10 ildən çox qəlyan çəkmişəm. İstəyirəm ki, tütün məmulatı ilə birdəfəlik vidalaşım. Son illərdə həkimlərdən soruşurdum ki, 30 ildir siqaret çəkirəm, bir baxın, bəlkə problemim var. Ancaq heç bir problem olmadığını deyib, rahat davam etməyi məsləhət gördülər. Mən də siqareti atdım. Düşünürdüm ki, həkimlər siqaretin ziyan olduğunu deyəcək, amma heç nə söyləmədilər və qərara gəldim ki, həvəsdi, bəsdi!

- Sizi bir daha «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin kollektivləri adından təbrik edir, cansağlığı arzulayıram!


- Çox sağ olun! Mən də sizə və oxucularınıza xoşbəxtlik arzulayıram.

Gündəlik Azərbaycan qəzeti, 24 fevral 2007-ci il, Natiq CAVADLI