“Xoçbəxtəm ki, müstəqilliyimizin qazanılmasında payım olub”

İsa Qəmbər: “50 yaşımda da özümü cavan hiss edirəm”


Bu gün Müsavat başqanı İsa Qəmbərin ad günüdür. Azərbaycanın milli azadlıq hərəkatının, sonradan isə demokratik mübarizənin öncüllərindən biri bu gün əlli yaşını - yubileyini qeyd edir. İsa bəylə budəfəki söhbətimizdə bütün suallarımız onun özünün şəxsiyyəti ilə bağlı oldu. O, özü uşaqlıqda əlli yaşını necə təsəvvür edirdi? Reallıqlarla düşüncələri arasında hansısa fərqlər varmı? Müsahibəyə bu suallarla başladıq.

- Mənim üçün 50 yaş tam formal bir şeydi. Uşaq olanda düşünürdüm ki, əlli yaşlı insanlar çox qocadırlar. O zamanlar 30-40 yaşlı adamlar da mənə çox yaşlı görünürdülər. Yaş artdıqca, dünyanı dərk etdikcə münasibətim dəyişdi. Özüm də yaşlaşdıqca gördüm ki, insanların mahiyyəti dəyişməzdir. Ola bilsin ki, insan fiziki mənada dəyişir, onun mahiyyəti, ürəyi, qəlbi isə olduğu kimi qalır.

- Bəs indi necə düşünürsünüz, əlli cavanlıq yaşıdır, yoxsa qocalıq?


- Baxır insana. Adam özünü nə cür hiss edirsə, o cürdü. Bir zarafatda deyilir ki, qadın neçə yaşda görünürsə, o qədər yaşı var, kişi isə özünü neçə yaşda hiss edirsə, yaşı bir o qədərdi.

- Siz özünüzü hansı yaşda hiss edirsiz?

- Özümü cavan hiss edirəm.

- Yəqin ki, özünüzə əlli yaşın hesabatını vermisiz, itirilənləri və qazanılanları nəzərdən keçirmisiz. Nisbət necədir?


- Məncə, hesabat hər gün, hər ay, hər il verilməlidir.
Şəxsi planda mən tanrımdan tam razıyam. Razıyam ki, mən bu ölkədə, Azərbaycan türkü olaraq dünyaya gəlmişəm. Dünyada ən çox sevdiyim Bakıda, çox dəyərli insanların ailəsində, ziyalı bir ailədə doğulmuşam. Yaxşı bacı-qardaşlarım var, uşaqlıq illərindən bu günə qədər hər zaman yaxşı dostlarım olub. Həyatım boyu çox dəyərli insanlarla təmasda olmuşam. Çox nəhəng, bəlkə də qiymətləri tam dərk olunmayan, böyük insanlarla hələ gənc yaşlarımdan münasibətlərim yaranıb. Mən özümü xoşbəxt sayıram ki, Azərbaycanın müstəqilliyinin bərpa olunması dövründə yaşamışam, müstəqqiliyin qazanılmasında az, ya çox payım olub. Özümü xoşbəxt saya biləcəyim başqa məqamlar da var. Təbii ki, həyat həm də itkilərlə müşayiət olunur. Doğma, yaxın adamlarımı itirmişəm. İstər valideynlərimi, yaxın qohumlarımı, istərsə də haqqında danışdığım böyük insanları, dostlarımı. Onların hamısı mənim üçün şəxsi itkidi. Təbii ki, bu balansın mənfi hissəsində olan mühüm məqam torpaqlarımızın bir hissəsinin işğal altında olması və Azərbaycanda demokratiyanın bərqərar olunmamasıdır.

- Bu illərdə şəxsi həyatınız üçün ən çətin, ən təhlükəli anlar hansılar olub?


- Həyatdır, hər cür situasiyalara düşürsən. Siyasətəqədərki dövrlərdə də, ondan sonra da birbaşa həyat üçün təhlükəli sayılan məqamlar yaşayırsan. 1988-ci ildən bu günəqədərki dövr özü əslinə qalsa böyük bir təhlükə olub. Hətta bir illik hakimiyyət dövrümüzdə də təhlükədən sığortalanmamışdıq. Onda da hədəfdəydik. Bəlkə də yaxşı səslənmir, avtomatların, tapançaların hədəfində olduğumuz anlar da olub. 1988-ci ildən başlanan hərəkat dövründə dəfələrlə sovet, rus əsgərlərinin əhatəsində olmuşuq, üzbəüz dayanmışıq. Qanlı Yanvar günlərində, ondan əvvəl və sonrakı mərhələlərdə də belə olub. 90-cı ilin yanvarında sovet tanklarının güllələrinin, avtomatların bizlərə tuşlandığı məqamlarda tədbirlər keçirmişik, aksiyalarda çıxış eləmişik. Bakıda hərbi vəziyyət olduğu zamanda - 91-ci ilin avqustunda mitinqlər təşkil eləmişik. 93-cü ildən bəri isə bu təhlükə hər zaman mövcud olub. Həbsdə olduğum günlərdə də, həbsdən sonra da dəfələrlə təhlükəli, gərgin anlar yaşamışıq. Amma öz təbiətimə görə keçmişə nəzər salanda da orda daha çox müsbətləri görməyə üstünlük verirəm. Gələcəyə isə inamla baxıram.

- 93-cü ilin iyun qiyamından sonra Gəncəyə aparılmısınız və burada ölümlə üz-üzə olmusunuz.


- Orada da maraqlı epizodlar yaşamışam.

- Mümkünsə, bu epizodlar və təzyiqlər barədə danışın.


- Əslində həbsdə olduğum müddətdə mənə qarşı heç bir fiziki təzyiq olmayıb. Yalnız bir dəfə buna cəhd edildi. O zaman mən müxtəlif təcridxanalardan keçmişəm. Bakıda bir-iki gün məni Bakı Şəhər Baş Polis İdarəsinin zirzəmisində də saxladılar. Orda yanıma bir avara adam salmışdılar, cinayət aləminin bir nümayəndəsi idi. Artıq-əskik danışdı, sonra da guya mənə hücum eləmək istədi. Mən onu itələyəndə yıxıldı. Dərhal da qapını döyüb tələb elədim ki, bu adamı burdan uzaqlaşdırın. Məncə, bunu qorxutmaq məqsədiylə eləmişdilər. O, cinayət aləminin ciddi bir adamı da deyildi, cılız birisiydi.
Başqa heç bir mənada mənə təzyiq olmayıb. Amma təbii ki, təhlükə kifayət qədər ciddiydi. Yəni məni və o zaman ittiham olunan bir sıra keçmiş vəzifəli şəxsləri vertolyotla qiyam baş verən şəhərə aparmaq və orda saxlamaq özü birbaşa təhdid idi. Vertolyotla bizi aparanda özümüzə demədilər ki, hara aparırlar. Hətta beynimizdən fantastik fikirlər də keçirdi, düşünürdük ki, bəlkə də bizi Xəzərə atacaqlar. Çünki hər şey mümkün idi. Ancaq bir müddət sonra hiss etdik ki, Gəncəyə gedirik. Vertolyot Gəncə hava limanına enməyə başlayanda binanın üstündə vurulan “Nizami yurduna xoş gəlmisiniz” sözlərini gördüm. Məni gülmək tutdu. Məhbus qismində, ölüm təhlükəsi altında ora gəlmişdik və bu sözləri görürdüm. O biri tərəfdənsə ürəyimdə düşündüm ki, Nizami yurdunda mənə pis heç nə ola bilməz. Sonrakı günlərdə bu sübut olundu. Mən məsələlərə fəlsəfi yanaşıram. Yəni düşünmüşəm ki, bacaracağım, öhdəsindən gələ biləcəyim işlər var, eyni zamanda mən də insanam, məni də öldürə bilərlər. O zaman da öldürmək istəyirdilərsə, öldürəcəkdilər. Çox əndişələnməyin də bir anlamını görmürdüm.

- Həmin vaxt ölkədə baş verənlərdən xəbər tuta bilirdinizmi? Sizə qəzet verilirdimi?


- Qəzet verilmirdi. Qiyamçıların nəzarətində olan şəhərdə qəzet var idi ki, mənə də versinlər. Orda bir starşina vardı, gəlib soruşdu ki, İsa müəllim, kitab oxumaq istəyirsənmi, qəşəng kitabxanamız var. Dedim ki, gətir baxım. 7-8 kitab verdi. Gördüm ki, burda Əbülhəsənin “Dünya qopur” romanı da var. Düzü, bu əsəri oxumamışdım. Onu və bir-iki başqa kitabı götürdüm. Əbülhəsənin kitabını açanda gördüm ki, səhifənin birinci cümləsi belədi: “Kənddə xəbər yayıldı ki, şəhərdə Müsavat hökuməti yıxılıb”. Belə qəribə hadisələr çox olmuşdu. Mən məsələlələrə həm fəlsəfi, həm yumorla yanaşmağa üstünlük verirəm. Çətin məqamlarda yumor hissi bunları ötüşdürməyə imkan verir. Məni buraxanda qabağımda şərt qoymuşdular ki, müsahibə vermək olmaz. Mənsə dedim ki, müsahibə də verəcəm, mətbuat konfransı da təşkil edəcəm. Sonrakı gün Müsavat qərargahında mətbuat konfransı keçirdim. Orda jurnalistlər məhbəs həyatıyla bağlı suallar verdilər, bir-iki detalı dedim, qeyd elədim ki, bu barədə kitab yazmağı düşünürəm. Az sonra Məmməd Nazimoğlu “Aydınlıq” qəzetində hazırladığı səhifədə yazmışdı ki, İsa Qəmbər məhbəs xatirələrindən kitab yazır, adını da “Nə yatdıq ki, nə du yuxu görək” qoyacaq. (Gülür). Düşündüm ki, kişi düz deyir, az yatmışam, kitab yazmaq yekə səslənir.

- Ona görə yazmadınız...

- 32 günlük məhbəs həyatında o qədər maraqlı hadisələr oldu ki, balaca da olsa bir kitab yazmaq olar. Əgər tanrı qismət eləsə, nə zamansa memuarlarımı yazacam. Hesab edirəm ki, o memuarlar həddən artıq maraqlı olacaq. Allah mənə çox maraqlı bir həyat qismət edib. İstəyirəm ki, bu, təkcə maraqlı həyatın təsviri yox, həm də Azərbaycanın öz məqsədlərinə çatmasında yardımçı olsun.

- Bayaq dediniz ki, dost itkiləriniz də var. Həyatda dostlarla yollarınızın ayrıldığı məqamlar olubmu?


- Yox. Məktəb illərinlən başlayaraq, universitet illəri daxil olmaqla, hərəkat dövründə də kimə dost kimi baxmışamsa, o adamlar yenə də mənim dostumdur. Nə mən onlardan, nə də onlar məndən üz döndəriblər. Məktəb, universitet dostları arasında tez-tez görüşmədiyim dostlarım var. Bəzən iki ildə bir dəfə görüşürük. Amma dost dostdur. 2003-cü ilin çətin oktyabr günlərində mən ev həbsində olanda, siyasət dostlarımın bir hissəsi həbsxanadaykən məktəb, universitet dostlarım zəng edib deyirdilər ki, sənin üçün nə lazımdırsa, eləyək. Halbuki onların bəzilərinin siyasətə heç bir dəxli yoxdur və ümumiyyətlə, siyasətlə maraqlanmırlar, öz işləriylə məşğuldurlar. O cəhətdən itkim olmayıb və ümid edirəm ki, olmayacaq.

- Ailə üzvləriniz, yaxınlarınız sizə hansısa məqamda “bu qədər sərt olma, özünü təhlükə altına salma" deyiblərmi? Deyiblərsə buna nə reaksiya vermisiniz?


- Anam hərdən deyirdi ki, bir az ehtiyatlı, diqqətli ol.
Amma valideynlərim mənə qadağa qoymayıblar, o şəkildə nəsə deməyiblər. Nə də sonradan xanımım, qohumlarım mənə bu yöndə nəsə söyləməyiblər. 88-ci ildə meydan hərəkatının başlanmasından narahat olan hakimiyyət bir sıra ziyalıları televeiziyaya dəvət eləmişdi. Onlara tapşırmışdılar ki, xalqa müraciət edib deyin ki, mitinqə getmək olmaz, onu təşkil edənlər pis adamlardır. Təəssüf ki, bir neçə ziyalı bu yöndə çıxış eləmişdi. O zaman mənim atam da dəvətlilər arasında olub və televiziyada çıxış eləmişdi. Onun çıxışına qulaq asmamışdım. Sonradan meydanda çadırlardan birində qurulan televizorlara baxanlar mənə təşəkkür elədilər ki, atan nə yaxşı çıxış elədi. Soruşdum ki, nə dedi. Onlar mənə atamın çıxışını danışdılar. Atam canlı yayımda deyib ki, meydanda olanlar da xalqın övladlarıdır, onlara pis baxmaq mümkün deyil, ziyalılar da onlarla birgə olmalı, bu adamlar səhv edəndə düz yola dəvət etməlidir, mitinqdə olanların da fikirlərini eşitmək lazımdır. Belə mövqeyi olan insan mənə nə cür deyə bilərdi ki, sən siyasətə qatılma. Ailə üzvlərim əvvəl də, indi də mənim fəaliyyətimə belə demək mümkündürsə, pozitiv yanaşıblar.

- Bəs siz öz övladlarınıza münasibətdə necə davranırsız? Onlar sizin yolunuzla getmək istəsələr, münasitbətiniz necə olar?


- Ata-anam tərəfindən elə bir mühit yaradılmışdı ki, biz öz yolumuzu özümüz seçmişik. Mən də o sistemi davam etdirirəm. Övladlarım həyatda hansı yolu seçəcəklərsə, hansı peşəni seçiblərsə, ictimai-siyasi həyatda nə dərəcədə fəal olacaqlarsa, bunu özləri müəyyənləşdirirlər. Sualları olanda cavab verməyə çalışıram. Ancaq onlara demirəm ki, sən siyasətlə məqşğul ol, ya da olma. Özləri biləcəklər.

- Böyük oğlunuz İlkin bir müddət gənclər hərəkatında fəallıq göstərdi. Xanımınız necə, onlara hər hansı qadağa qoymur?


- Həyat yoldaşım Aidə xanım da bu məsələlərə kifayət qədər demokratik yanaşma nümayiş etdirir və heç zaman onlara deməyib ki, fəallıq etməyin, ictimai-siyasi fəaliyyətlə məşğul olmayın. Sadəcə, “dərslərinizə diqqət yetirin, yerdə qalan məsələləri özünüz bilərsiz” deyib. Mən bütün gənclərimizi ölkənin, xalqın taleyinə laqeyd olmamağa, fəal vətəndaş mövqeyi nümayiş etdirməyə çağırıramsa, öz övladlarıma fərqli yanaşa bilmərəm. Onların da vətəndaş kimi yetişmələrində maraqlıyam və bunu o cür də görürəm. İlkin 2005-ci ildə daha çox tanındı. Ondan iki yaş kiçik olan oğlum da İlkin harda olubsa, həmişə onun yanında durub. Hətta 2005-ci ilin mitinqlərindən birində qısa müddətə ikisi də bir yerdə həbs olunmuşdular. Turqut birinci həbs edilib, İlkin ona kömək eləmək istəyəndə onu da tutub aparmışdılar. Mən onların bir vətəndaş kimi prinsipial mövqeyə malik olmalarını istəyirəm. Bütün gəncləri öz övladım hesab edirəm. Hamısını fəallığa çağırıram, amma heç kimi buna məcbur eləmirəm və edə də bilmərəm. Övladlarım ictimai-siyasi həyatda nə dərəcədə fəal olacaqlarını özləri müəyyənləşdirəcəklər.

- Bu illər ərzində şəxsi, siyasi maraqlarınızla dövlətin maraqlarının toqquşduğu məqamlarda onların hansından imtina eləmisiz?


- Əslində həyat belədir ki, insan daim seçim qarşısında qalır. Bu seçimin bir yönümü də şəxsi və ictimai maraqlar arasında olur. Mən hər zaman bu seçim qarşısında olmuşam. Və həmişə ictimai maraqların xeyrinə olan seçim eləmişəm. Şəxsi maraq istiqamətində seçim eləsəydim, hələ gənclik illərindən mənim taleyim başqa istiqamətə gedərdi. Hərəkatda iştirak etmək, mövqe ortaya qoymaq hər dəfə nələrisə itirməyin hesabına başa gəlib. Mən 84-cü ilin dekabrı, 85-ci ilin yanvarında, hələ yenidənqurma başlamımışdan Zori Balayana cavab yazdım. O zaman indi YAP-da olan ziyalıların bir çoxu Akademiyadaydılar, onlar təklif eləmişdilər ki, İsa Qəmbərova tarix elmləri doktoru elmi adı verilsin. Sonradan məni dissertasiya müdafiə edə bilməməkdə ittiham edən adamlar o zaman bu sözləri demişdilər. Bu da seçim idi. Mən elmi işimi kənara qoyub, hərəkata qoşuldum, bu işlə məşğul oldum. Sonrakı mərhələdə də bir ziyalı kimi kənarda qalıb vətənpərvər sözlər deyə bilərdim. Necə ki, bizim ziyalıların bir qismi bu yolu seçib, əslinə qalsa, bu da pis variant deyil. Amma nə qlobal, nə də konkret seçim anlarında mən şəxsi marağa üstünlük verməmişəm.
Bəlkə də bir qədər böyük səslənir, amma həqiqətdə belədir - üç ildir ki, mən rejimin cinayətkar olduğunu, onun başında İlham Əliyevin dayandığını deyirəm. İndi çoxmu siyasətçi bu gün İlham Əliyevin adını çəkərək həqiqətləri söyləyir? Təəssüf ki, onların sayı o qədər də çox deyil.

- Ölkə başçısının müxalifət əleyhinə təhqirlərinə də sizdən sərt cavab verən olmadı.


- Bəlkə də mən bunları deməməliyəm. Amma bəzən nələrisə demək də lazımdır. Mənə Əbdülrəhman Vəzirov da, Ayaz Mütəllibov da, Yaqub Məmmədov da, Heydər Əliyev də müxtəlif formalarda vəzifələr təklif ediblər. Mən bunların heç birini qəbul eləməmişəm.

- Hansı vəzifələri?


- Müxtəlif. Söhbət nazir vəzifələrindən gedirdi. Heydər Əliyev isə birbaşa olmasa da, bir nəfərin vasitəsiylə təklif eləmişdi ki, Həsən Həsənovu Nyu-Yorkdakı nümayəndəlikdən Bakıya qaytaracam, onun yerində işləməyə razılıq versin. Təklif həbsimdən əvvəl olmuşdu. 93-cü ilin iyun qiyamında mən həbs edilənə qədər müxtəlif təkliflər gəlirdi. Həm vəzifə təklifləri, həm də istəyirdilər ki, ölkəni tərk edim. Müxtəlif adamlar vasitəsiylə məni inandırmağa çalışırdılar ki, səni öldürəcəklər, sənə qarşı sui-qəsd hazırlanır, çıxış yolu Azərbaycandan getməkdi. Mən bu təkliflərin heç birini qəbul eləmədim. Rahatca həbs olundum, bu da seçim idi. Nə isə... Belə hallar siyasətçi həyatında daimi xarakter daşıyır.

- Haqqınızda çoxsaylı fikirlər səslənib, yazılar yazılıb. Onlardan ən çox hansıyla razısız?


- Barəmdə çox yazılıb. Onlardan hansınısa yada salsam bəlkə də başqalarına qarşı insafsızlıq edərəm. Onların böyük əksəriyyəti səmimi yazıblar. Qeyri-səmimi yazanlar da olub. Adını çəkmək istəmirəm. Vaxtilə məni Azərbaycanın ən görkəmli şəxsiyyəti adlandıranlardan biri bu gün YAP-da kifayət qədər önəmli mövqe tutur. Mən hələ o yazını oxuyan zamanda düşünmüşdüm ki, bu, səmimi yazılmayıb. Bir yazını da qeyd edəcəm, onu Rasim Mirzə yazmışdı. Deyəsən, 40 yaşım tamam olan ərəfədə. Mən o yazını barəmdəki ən obyektiv yazı sayıram. Rasim bəy məni o qədər də tərifləməmişdi, sakit və soyuq bir yazıydı. Bəlkə də ona görə xoşuma gəlib.

- Haqqınızda ən çox eşidilən söz, qiymət “səbirli, təmkinli” ifadələridir. Səbir və təmkinin sayəsində qəbul olunan qərarların, atılan addımların sonrakı nəticələri müsbət, yoxsa mənfi istiqamətlərdə olub?


- 93-cü ilin dekabrında biz Bakı Dövlət Universitetində tələbələrlə görüşürdük. Gənclər böyük çətinliklə, fədakarlıqla həmin görüşü təşkil eləmişdilər. Görüşdə universitetin o zamankı rəhbəri Murtuz Ələsgərov, YAP təmsilçisi Sirus Təbrizli və başqa partiyaların nümayəndələri də iştirak edirdilər. Maraqlı bir görış oldu və elə ondan sonra ali məktəblərin qapılarını siyasilərin üzünə bağladılar. Çünki o görüşdə gənclər açıqca bizi dəstəkləmişdilər. Sizin suala çox oxşayan sualı da orda mənə vermişdilər. Ona verdiyim cavabı indi də təkrar edə bilərəm. Təmkindən ziyan çəkmək mümkün deyil, təmkin elə bir şeydir ki, düzgün qərar qəbul eləmək üçün zəmin yaradır. Təmkinli və səbirli olmağımın bircə dəfə ziyanını çəkmişəm. Bunu o zaman da demişdim. 10-cu sinifdə oxuyanda bacım da, mən də soyuqlamışdıq. Tibb bacısı olan bir qohumumuz bizdəydi, dedi ki, boğaza kompres qoymaq lazımdı. Kimyaçı ailəsi olduğundan evdə spirtlə yanaşı, ona çox oxşayan bir məhlul da vardı. Çaşıb spirt əvəzinə, həmin məhluldan istifadə eləmişdilər. Bacım dərhal dedi ki, boğamızı yandırır, kompresi açdı. Mən də dedim yandırır və cavab aldım ki, yandırmalıdır. Düz yarım saat buna dözdüm, sonra yenidən dedim ki, yandırır. Gəlib açdılar, gördülər ki, boğazımın dərisi yanıb. İki ay sarıqda gəzməli oldum. Yeganə olaraq səbir və təmkindən ziyan çəkdiyim an onda olub. Mən emosiyaların əleyhinə də deyiləm. Emosiyasız insan bütöv insan deyil. Amma yalnız emosiyalarla qərar qəbul edən insanlar daha çox səhvlərə yol verirlər. Emosiyalar olmalıdır, amma qərarlar düşünülmüş şəkildə qəbul olunmalıdır.

- Yadınızda qalan ad gününüz olub?


- Adətən uşaqları ad günləri sevindirir. Çünki hamı səni təbrik edir, başına yığışır, xoş sözlər deyir, hədiyyələr verir. Yaş artdıqca ad gününün sıradan bir gün olduğunu dərk eləməyə başlayırsan. Ancaq həyat mənə müxtəlif sürprizlər verib və heç vaxt ağlıma gəlməzdi ki, ad günlərimdən birini Parisdə, birini İstanbulda keçirəcəm. Elə olub ki, təsadüfən ad günüm ərəfəsində bu şəhərlərə dəvət olunmuşam. Səfəri təşkil edənlərlə yemək yeyəndə demişəm ki, bu gün ad günümdü. Həmin şəhərlərdə ad günümü qeyd etmək mənim üçün də xoş olub.

- Deyirlər ki, təmtəraqlı ad gününüz olmayıb. Hakimiyyətdə olanda ad gününüzü necə keçirdiniz?


- Hakimiyyətdə olan il ad günüm İstanbulda keçdi. Bakıda olsaydım da, təmtəraqlı ad günü keçirməyəcəkdim. On il əvvəl, 40 illiyimdə dostlarım bir tədbir təşkil eləmişdilər. Başqa hallarda isə evdə olmuşam, kimin həvəsi olubsa, təbrik edib.

- Bu dəfə isə istisnadır, yubileyiniz təmtəraqla qeyd olunacaq...


- Vallah, mən yenə də heç bir tədbir təşkil eləməmişəm. Sözün açığı, eləmək fikrim də yox idi. Ancaq dostlar sağ olsunlar, dedilər ki, 50 illiyi qeyd eləmək lazımdır. Nəsə bir tədbir hazırlayıblar, məni də dəvət ediblər.(Gülür).

- İndiyə qədər ad gününüzdə verilən hədiyyələrdən saxladıqlarınız, sizin üçün cəlbedici olanları varmı?


- Son illərdə mənə ən çox qəlyanlar, alışqanlar hədiyyə ediblər. Yeri gəlmişkən, sabah (bu gün - red.) mənim tütün məmulatından istifadə edəcəyim son gün olacaq. Birisi gündən tütün məmulatlarına “yox” deyəcəm.

- Yubiley günündə özünüzə nə arzu edirsiniz?


- Hamı özünə nə arzulayırsa, mən də onu istəyirəm - övladlarımın xoşbəxtliyini, torpaqlarımızın işğaldan azad olunmasını. İstəyirəm ki, Azərbaycanın hər bir vətəndaşı fəxr edəcəyi, demokratik, firavan bir ölkədə yaşasın.

Rauf Arifoğlu və “Yeni Müsavat”ın kollektivi qəzetin təsisçisi, Müsavat başqanı İsa Qəmbərin 50 illik yubileyi münasibətilə təbrik edir, ona siyasi fəaliyyətində uğurlar, həyatda uzun ömür, cansağlığı arzulayırlar

Mustafa HACIBƏYLİ, Məhbubə QASIMBƏYLİ