“SEÇKİDƏ İŞTİRAK QƏRARIMIZ HAKİMİYYƏTİ CİDDİ NARAHAT EDİB”
İsa Qəmbər: “Siyasi meydanı cinayətkar rejimə verməyəcəyik”

Dünən Müsavat Partiyasının başqanı İsa Qəmbər 2008-ci il prezident seçkisində iştirakla bağlı Məclisin qərarı və Müsavatın Avropa Liberal Demokrat İslahat Partiyaları İttifaqına (ALDİPİ) daxil edilməsi ilə əlaqədar mətbuat konfransı keçirdi.

İsa Qəmbər dedi ki, Müsavat Partiyasının Məclisi oktyabrın 12-də hərtərəfli müzakirələrdən sonra 2008-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkisində partiyanın iştirakına qərar verib və onun namizədliyini irəli sürüb. “Bu qərar indiki mərhələdə ən düzgün siyasi qərardır. Müsavatın seçkidə iştirak qərarı cəmiyyətdə bu mövzunu fəallaşdırdı. Partiyaları seçkilərlə bağlı daha konkret, daha detallı müzakirələr aparmağa sövq etdi. Biz əminik ki, 2008-ci il prezident seçkisində demokratik qüvvələrin qələbəsi realdır. Əminik ki, 2008-ci ildə demokratik qüvvələrin gücü və potensialı 2003-dəkindən çox olacaq. Biz mübarizə aparmaq əzmindəyik və siyasi meydanı cinayətkar rejimə təhvil vermək fikrində deyilik. Bu rejimlə mübarizə aparacağıq və qalib gələcəyimizə də əminik”.

ALDİPİ-yə daxil olmaq barədə qərarın Müsavatda hərtərəfli müzakirələrdən sonra qəbul edildiyini bildirən İsa Qəmbər 2006-cı il dekabrın 23-də Məclisinin toplantısında sözügedən ittifaqa müraciət etmək haqda qərar verildiyini xatırlatdı: “Müsavat Məclisinin bu qərarı demək olar ki, yekdilliklə qəbul edilib. Məclisin iclasında iştirak edənlərdən yalnız bir nəfər Avropa Liberal Demokrat İslahat Partiyaları İttifaqına daxil olmağın əleyhinə səs vermişdi. Məclisin dekabrın 23-də qəbul etdiyi qərara əsasən, biz 2007-ci ilin martında sözügedən İttifaqa rəsmən müraciət etmişik. Müraciətə baxılıb, bəzi texniki prosedurlarla bağlı həmin İttifaqın təmsilçiləri ilə yazışmalarımız, görüşlərimiz olub. Nəhayət, oktyabrın 18-19-da Berlində keçirilən qurultaya dəvət olunmuşam. Həmin qurultayda Müsavat Partiyası və Gürcüstan Respublikaçılar Partiyası yekdilliklə İttifaqa üzv qəbul olundu. İttifaqın şura üzvlərindən bir nəfər də olsun əleyhinə və ya bitərəf qalan olmadı”.

Müsavat başqanı qeyd etdi ki, bu İttifaqın mövqeyi, fəaliyyəti barədə ölkəmizdə o qədər də geniş bilgi yoxdur: “Biz bu bilgiləri tədricən cəmiyyətə təqdim edəcəyik. Bu həm Müsavatın, həm də demokratik qüvvələrin böyük bir uğuru kimi qiymətləndirilməlidir. Bu təxminən 40-a yaxın ölkədən liberal demokratik dəyərlərə önəm verən partiyaları birləşdirən İttifaqdır. ALDİPİ Avropa Parlamentində Avropadakı bütün beynəlxalq Assambleyalarda, ATƏT-in, NATO-nun, Avropa Şurasının və başqa beynəlxalq təşkilatların parlament Assambleyalarında böyük deputat qruplarına malikdirlər. Məhz bu qüvvə daha çox maraqlar üzərində yox, dəyərlər üzərində qurulmuş bir ittifaqdır. Bölgəmizdə, Azərbaycanda və digər yerlərdə də demokratiyanın inkişafı, liberal dəyərlərin bərqərar olması istiqamətində daha səmimi, daha prinsipial mövqe tutub və tutmaqda davam edəcək. Yəni bizim bu İttifaqa daxil olmağımız həm Müsavatın, ölkənin demokratik qüvvələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından diqqətəlayiqdir, həm də azad dünyanın, Avropanın Azərbaycana marağının artması ilə müşayiət olunacaq önəmli hadisədir".

İsa Qəmbər qurultay konteksində bir sıra ikitərəfli görüşlər keçirdiyini də bildirdi: “Avropa Demokrat İslahat Partiyaları İttifaqının sədri xanım Annemiye Neykslə görüşümüz oldu, vitse-prezidentlərlə görüşdük, Avropa Parlamentində liberal qrupun lideri ilə müzakirələrimiz oldu. Avropanın bir çox ölkələrinin liberal partiyalarının rəhbərləri ilə görüşlərimiz keçirildi. Bütün görüşlərimizdə Azərbaycanda 2008-ci ildə keçiriləcək prezident seçkisi məsələsi diqqət mərkəzində oldu”.

Müsavat başqanı PKK-nın Türkiyəyə qarşı hücumlarından da danışdı: “Son günlər PKK-nın qanlı terror aksiyaları daha da intensivləşib. Çoxlu sayda insan tələfatı, yaralılar var. Türkiyə hökumətinin bu terror təşkilatına qarşı ən sərt tədbirlər görməyə haqqı çatır və bunu etməlidir. Azərbaycan dövlət və cəmiyyət olaraq terrora qarşı mübarizədə Türkiyəyə dəstək verməlidir. Yaxşı haldır ki, Azərbaycan cəmiyyətində bu məsələ ilə bağlı yekdillik var. Bütün siyasi qüvvələr eyni mövqedən çıxış edirlər. Bu mövqe davam etməlidir və yalnız bəyanat olaraq qalmamalıdır, konkret addımlarla müşayiət olunmalıdır”.
Daha sonra İsa Qəmbər jurnalistlərin suallarını cavablandırdı.

-Nəsib Nəsiblinin Məclis üzvlüyündən, Əsgər Əhmədin partiyadan getməsinə münasibətiniz necədir? Burada hər hansı bağlılıq varmı?

-Ümumiyyətlə, maraqlıdır ki, hər zaman önəmli bir pozitiv hadisə baş verərkən mütləq hansısa bir olay mətbuatın diqqət mərkəzinə gəlir. Diqqəti həmin pozitiv prosesdən kənarlaşdırıb digər hadisələrə cəlb eləmək marağı açıq-aydın ortada olur. Bu məsələlərin bir-biri ilə bağlılığı yoxdur. Əsgər Əhmədin partiyadan getməsi bir neçə ay əvvəl baş vermiş hadisədir. Əsgər Əhməd 2006-cı ildə partiyamızın qurultayı keçirilən ərəfədən etibarən fəaliyyətini xeyli azaltmışdı. Bir neçə ay öncə isə ümumiyyətlə, partiyadan getdiyi barədə açıqlama verib. Nəsib Nəsibliyə gəldikdə isə, o, Müsavat Partiyasından getməyib. Məclis üzvlüyündən istefa verib. Bu, onun haqqıdır. Biz hər bir siyasətçinin mövqeyinə hörmətlə yanaşmağa üstünlük veririk. Sadəcə olaraq, əgər bu, Nəsib bəyin izah elədiyi kimi, Müsavatın ALDİPİ-yə qəbul olunması ilə bağlıdırsa, bu qərar bir qədər əvvəl dediyim kimi, 10 ay əvvəl verilib. “Yeni Müsavat” qəzetinin 24 dekabr 2006-cı il tarixli nömrəsində Müsavatın Məclisinin qəbul etdiyi qərar barədə məumat və geniş izahatlı yazı dərc olunub. O zaman məsələyə münasibət bildirməyib, yalnız Müsavatın həmin İttifaqa qəbul olunması faktı baş verəndə belə bir addım atılması bir qədər təəccüblü görünür. Biz Müsavat Partiyası olaraq yolumuzu davam etdiririk.

- PKK məsələsinə ALDİPİ-nin mövqeyi necədir, bu İttifaq PKK-nı terrorçu təşkilat kimi tanıyıbmı? Məlumatlar var ki, İttifaqdakı mühafizəkar qanad Türkiyənin Avropa Birliyinə qəbul olunmasında şərt kimi erməni “soyqırımı”nın tanınması məsələsini irəli sürüblər, liberallar isə belə bir şərtə qarşı çıxıblar. Bu doğrudurmu?

- ALDİPİ maraqlara yox, dəyərlərə əsaslanan İttifaqdır. Bu baxımdan onlar Avropa Birliyinə üzv olası ölkələrdən müəyyən dəyərlərə əməl etməsini istəyirlər. Başqa hansısa siyasi, iqtisadi maraqları önə çıxarmırlar. Liberalların Türkiyənin Avropa Birliyinə qəbulu ilə bağlı əlavə şərt qoyulmaması mövqeyi doğru məlumatdır. Bəyan ediblər ki, “soyqırım” məsələsinin tanınmasının Türkiyə qarşısında şərt kimi qoyulmasına ehtiyac yoxdur.

PKK ilə bağlı liberalların rəsmi mövqeyi isə mənə bəlli deyil. Təəssüf ki, ALDİPİ-də Türkiyədən heç bir partiya yoxdur. Əgər Türkiyənin də siyasi qüvvələri orada təmsil olunsaydı, yəqin ki, bu tipli məsələlərə baxışda mövqeyi daha yaxşı əks olunardı. Biz həmin İttifaqın üzvü olduğumuz üçün bölgəmizin, Azərbaycanın, Türkiyənin məsələlərinin düzgün anlanması və düzgün reaksiya verilməsinə təsir göstərə biləcəyik.

- Bəziləri bu fikirdədir ki, Müsavatın ALDİPİ-yə daxil olması Müsavatın təməl prinisiplərinə zərbə vurur...

- Əvvəl deyilirdi və mətbuatda yazılar gedirdi ki, Müsavatı Liberal İttifaqa qəbul etməyəcəklər. Bunu Müsavata bir az da həqarətlə yazırdılar. Deyirdilər, Müsavat o səviyyədə partiya deyil ki, onu qəbul etsinlər. Qəbul ərəfəsində deyirdilər ki, Müsavatın qarşısında şərtlər qoyulacaq, proqramda dəyişikliklər edilməlidir və sair. Biz izah etdik ki, heç bir şərt qoyulmayıb. ALDİPİ Müsavat Partiyasının proqramını, fəaliyyətini liberal dəyərlərə uyğun proqram, fəaliyyət kimi dəyərləndirərək bizi qeyd-şərtsiz öz sıralarına qəbul edib. Burada Müsavatın dəyərlərinə xələl gələcəyi ilə bağlı mülahizələr irəli sürməkdənsə, fəxr eləmək lazımdır ki, 100 il əvvəl böyük öndərimiz Məmməd Əmin Rəsulzadə Azərbaycana elə bir ideologiya təklif edib ki, həmin ideologiya 100 il keçəndən sonra Avropa liberalları tərəfindən liberal dəyərlərə uyğun ideologiya olaraq qəbul edilir. Bəzi dostlarımızın isə məsələlərə yanaşma tərzi məni təəccübləndirir. Çox ciddi yanlışlıqlar var. Müsavat Partiyasının Rəsulzadədən sonrakı başqanı olan Mirzəbala Məmmədzadə böyük öndər haqqında məqaləsində Müsavatçılığı “liberal demokratik milli məfkurə” adlandırır. Yəni Müsavatın əsasını qoyan insanlar, ideoloqlar müsavatçılığı ‘liberal demokratik milli məfkurə” adlandırır, biz isə bu gün çox sadə həqiqətlərin ətrafında diskussiya aparmağa maraq göstəririk. Ən azı Müsavatın yüzillik tarixi olan “İnsanlara hürriyyət, millətlərə istiqlal!” şüarını yada salın. Şüarın müəllifi “insanlara hürriyyət” sözünü “millətlərə istiqlal” sözündən önə keçirib. Əslində liberalizmin mahiyyəti də budur.

- Türkiyə ilə PKK arasında gərginliyin pik nöqtəyə çatması Azərbaycan türkləri ilə kürdlərin arasında arzuolunmaz konfliktlərə yol aça bilərmi?

- Belə bir arzuolunmaz vəziyyət yaranmamalıdır. Türkiyənin özündə də dövlət adamları dəqiq mövqe ortaya qoyurlar ki, söhbət terror təşkilatı olan PKK-nın başının əzilməsindən gedir. Azərbaycanda belə bir istiqamətə rəvac verilməməlidir. Söhbət terror təşkilatını zərərsizləşdirməkdən gedir və bir çox mənbələrin bildirdiyinə görə, Azərbaycanda da müxtəlif formalarda mövcuddurlar. Azərbaycan Türkiyəyə dəstək verməlidir və PKK-nın terror təşkilatı olaraq Azərbaycan parlamenti tərəfindən tanınması məsələsi həllini tapmalıdır. Burada PKK-nın hansı fəallıqları varsa, qarşısı sərt şəkildə alınmalıdır.

- Sevil Əliyevanın prezident seçkisində iştirak edəcəyi haqda məlumatlar yayılır. Hakim ailədən iki nəfərin seçkiyə qatılması situasiyaya necə təsir göstərər?

- Müəyyən manevrlər ola bilər. Ailəiçi və hakimiyyətdaxili ziddiyyətlər var. Təbii ki, bunlar müxtəlif formalarda ortaya çıxa bilər. Ancaq düşünmürəm ki, ailənin içindən iki namizəd sona qədər olsun. Bu istiqamətdə proses gedərsə, hakim rejimin süqutunun yaxınlaşmasından xəbər verir.

- Yeni iqtidar partiyasının yaradılması məsələsinə münasibətiniz necədir?

- Yenə də müəyyən manevrlər ola bilər. Ancaq real görünmür. Biz işimizi onların nə etməsi və nə etmək fikrində olduqları üzərində qurmuruq. Bizim 2008-ci il prezident seçkisi üzərində çox ciddi hazırlıq planımız var.

- Müsavatın bazası əsasında yeni partiyanın yaradılacağı və sizin “Yeni Müsavat” qəzetinin təsisçiliyindən imtina edəcəyiniz barədə söhbətlərin əsası varmı?

- Özünüz bir şeyi yazırsınız, sonra da özünüz inanmağa başlayırsınız. Yazılarınızı yazanda, mənbələri daha dəqiq yoxlayın. 140 Məclis üzvündən cəmi 1-2 nəfər fərqli mövqedədir və siz bunu mövzuya çevirib yazırsınız ki, bunun əsasında yeni bir partiya yaranacaq. Bu cür yalan informasiyaların bazasında yeni informasiya agentliyi yaratmaq mümkündür. Nə qədər insanlar var ki, Müsavata qarşı fəaliyyət göstərmək mövzusunda çörək qazanmaqla məşğuldur. Biz seçkidə iştirak qərarımızı verəndən sonra hakimiyyətin nə dərəcədə narahatlıq keçirdiyini görürük və tələm-tələsik atdığı addımların şahidi oluruq. Elə bil, müəyyən qüvvələr hakimiyyətə mesajlar verir ki, bax, Müsavata, İsa Qəmbərə qarşı ən yaxşı çalışan, iş aparan mənəm, başqaları ilə yox, mənimlə işlə. Belə bir yarış başlayıb. Bu, Müsavatın gücünü göstərir.

“Yeni Müsavat” qəzetinə gəldikdə isə, bu qəzet tamamilə müstəqildir. Mənim də təsisçi olmağım qəzetin fəaliyyət azadlığına heç bir problem yaratmayıb, bundan sonra da yaratmayacaq. Təsisçi olaraq simvolik vəzifəmə davam edəcəm yoxsa, yox, burda da problem yoxdur. Yəni biz bunu qəzetin rəhbərliyindən hər hansı biri ilə danışıb həll edə bilərik. Müsbət ya mənfi, problem yoxdur.

Etibar SEYİDAĞA, Yeni Müsavat, 24.10.2007