Müsavat liberal dəyərlərə böyük əhəmiyyət
verir
![]() |
![]() |
![]() |
![]() |
Nabranda Beynəlxalq liberal təşkilatlar mövzusunda seminar keçirilib
Almaniyanın Fridrix Nauman Fondunun və Müsavat Partiyasının təşəbbüsü ilə
yanvarın 21-dən 23-dək Nabranda “Beynəlxalq liberal təşkilatlar: proqramları və
strukturları” mövzusunda seminar keçirilib.
Seminarda Müsavat Partiyasının, Liberal Gənclər Təşkilatının, Azad Fikir Gənclər
Təşkilatının üzvləri, eləcə də heç bir siyasi qurumda təmsil olunmayan tələbələr
iştirak edib. Fridrix Nauman Fondunun Cənubi Qafqaz ölkələri üzrə rəhbəri
Volfhanq Yon, Almaniya Azad Demokratlar Partiyasının Bundestaqdakı deputat
qrupunun xarici siyasət məsələləri üzrə müşaviri Frank Şuster və Müsavat
Partiyası başqanının müavini Mehman Cavadoğlu məruzə ediblər.
Seminar iştirakçılarına Avropa Liberal Demokrat Partiyası (ALDP) haqda ətraflı
məlumat verən F.Şuster bu siyasi qurumun 1976-cı ildən fəliyyət göstərdiyini
qeyd etdi. F.Şuster ALDP-yə 31 ölkədən 48 partiyanın üzv olduğunu və bu
partiyalardan 20-nin öz ölkələrində iqtidarda olmasını xüsusi vurğuladı. O,
Avropada 30 milyon seçicinin ALDP-ni dəstəklədiyini və Avropa Parlamentində 80
deputatla təmsil olunduğunu da bildirdi. Müsavat Partiyasının ALDP-yə üzv
olmaqla bağlı müraciətini yüksək dəyərləndirən F.Şuster bu qərarın Azərbaycanda
demokratik islahatlara müsbət təsir edəcəyini söylədi.
Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu “Azadlıq və inkişaf naminə
- Müsavat Partiyasının beynəlxalq liberal ailəyə inteqrasiyası” mövzusunda çıxış
etdi. O, Müsavat Partiyasının qərarının uzun sürən müzakirələr nəticəsində əldə
edildiyini vurğuladı. Mehman bəy Müsavat Partiyasının məramnaməsində milli
dəyərlərlə yanaşı liberalizmin önəmli yer tutduğunu söylədi. Bir əsrlik tarixə
malik Müsavat Partiyasının ideoloji əsaslarının mühüm məqamlarının liberal
dəyərlərə söykəndiyini qeyd edən M.Cavadoğlu Şərqdə ilk cümhuriyyətin
qurulmasında bu partiyanın tarixi xidmətləri olduğunu önə çəkdi. O, Müsavat
Partiyasının yarandığı gündən fərdi və qadın azadlıqlarının Azərbaycan
cəmiyyətində qəbul olunması istiqamətində gördüyü işlər barədə seminar
iştirakçılarına ətraflı məlumat verdi. 1918-1920-ci illərdə - Azərbaycan Xalq
Cümhuriyyətində məhz bu partiyanın təşəbbüsü ilə qadınlara seçmək və seçilmək
hüququnun verildiyini bildirən M.Cavadoğlu tarixin həmin dönəmində bir sıra
qabaqcıl Avropa ölkələrində qadınların seçki hüququndan məhrum olduqlarını da
xatırlatdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentdə söz və mətbuat
azadlıqlarının qorunması haqqında qanunların da Müsavatın təşəbüsü ilə qəbul
olunduğunu söyləyən M.Cavadoğlu partiyanın bu gün də Azərbaycanda vətəndaş
cəmiyyətinin qurulması uğrunda mübarizə apardığını söylədi.
M.Cavadoğlunun çıxışı tədbir iştirakçılarının ciddi marağına səbəb oldu. Başqan
müavini onların çoxsaylı suallarını cavablandırdı.
Yeni Müsavat Qəzeti, 25 yanavar 2006-cı il, Əfqan MUXTARLI