İsa Qəmbər Belarus müxalifətinin mitinqində çıxış etdi
Müsavat Başqanı Lukaşenko rejimini sərt tənqid edib

Müsavat Partiyasının başqanı İsa Qəmbər Belarus Respublikasının "Azadlıq günü"nün qeyd olunmasında iştirak etmək üçün martın 24-dən Minskdə səfərdədir. Xatırladaq ki, İsa Qəmbəri Belarus müxalifətinin lideri Aleksandr Milinkeviç dəvət edib. Müsavat başqanı "Azadlıq günü" münasibətilə dünən keçirilən bir sıra tədbirlərdə iştirak edib.

Martın 25-də Belarusun hüquq-mühafizə orqanları müxalifətin müstəqillik günü münasibətilə təşkil etdiyi mitinqi Minskin Oktyabr meydanında keçirtməyə imkan verməyib. "RİA-Novosti"nin məlumatına görə, milis müxalifətçilərin meydana girməsinin qarşısını zorakılıqla alıb. Milinkeviçin önündə getdiyi nümayişçilər milis kordonunu yararaq meydana girməyə cəhd etsələr də, buna nail ola bilməyiblər.

Minsk milisinin rəisi Anatoli Kuleşov müxalifət fəallarından həbs edilənlərin olduğunu bildirib. Milis rəisinin sözlərinə görə, həbs edilənlər mitinqlə bağlı vərəqələr yayırmışlar.

Milinkeviçin dəvəti ilə Minskə gedən Rusiya Dövlət Dumasının müxalifətçi deputatı Vladimir Rıjkov "Exo Moskvı" radiostansiyasına baş verənləri canlı yayımda danışıb. Onun sözlərinə görə, müxalifətin aksiyasında 5000-dək adam iştirak edib, onların arasında çoxlu azyaşlı uşaqlar da olub. Milisin qeyri-qanuni həbslər apardığını Rıjkov da təsdiqləyib. Həbs edilənlər ictimai asayişi pozduqları üçün üç ilədək azadlıqdan məhrum edilə bilərlər.

Qarşıdurmaya yol verməmək üçün Belarus müxalifəti Milli Elmlər Akademiyasının binası önündə mitinq keçirməyə razılaşıblar. Mitinq başladıqdan sonra ABŞ, Almaniya, Çexiya, Slovakiya, Polşa, Rumıniya və bir sıra ölkələrin səfirləri meydana gəliblər. Onlar mitinqin gedişatını izləyiblər. "İnterfaks"ın xəbərinə görə, aksiyada 4000-ə yaxın müxalifət tərəfdarı iştirak edib.

Müsavat başqanının müavini Mehman Cavadoğlu bildirib ki, partiya başqanı İsa Qəmbər də mitinqdə çıxış edib. Belarus xalqını təbrik etdikdən sonra İsa Qəmbər 1918-ci il martın 25-də Belarusun qazandığı müstəqilliklə, həmin ilin 28 mayında Azərbaycan Demokratik Respublikasının yaradıldığını xatırladıb. Qeyd edək ki, Belarus ikinci dəfə müstəqillik əldə etməsinə baxmayaraq, Lukaşenko rejimi 1918-ci ildə qəbul olunmuş dövlət bayrağını dövlət atributu kimi qəbul etməyə imkan vermir. İsa Qəmbər çıxışında bu məsələyə də toxunub. Müsavat başqanı bildirib ki, Azərbaycan demokratik qüvvələrinin mübarizəsi sayəsində 1991-ci ildə kommunistlər 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin üçrəngli bayrağını rəsmən dövlət bayrağı kimi qəbul etməyə məcbur oldular. "Hazırda hakimiyyətdə olan kommunistlər də məhz bu bayrağı başlarının üstündən asıblar" deyən İsa Qəmbər vaxt gələcək, Belarus hakimiyyəti də 1918-ci ildə qəbul olunmuş bayrağı əziz tutacaq və başlarının üstündən asmağa məcbur olacaqlar" söyləyib.

İsa Qəmbər Avropa Birliyinin yaranması münasibətilə keçirilən təntənəli "Avropa Birliyi günü" mərasimlərinə də toxunub: "Biz onda azad və demokratik Avropadan danışa bilərik ki, Azərbaycan və Belarus da birliyin tamhüquqlu üzvü olsun".

Tədbirdə İsa Qəmbərlə yanaşı Polşa, Almaniya, Slovakiya, Latviya və Rusiyadan gələn partiya rəhbərləri, deputatlar çıxış ediblər.

Etibar SEYİDAĞA, Yeni Müsavat