YAP və DEMOQRAFİYA

Elə bilməyin ki, yazının başlığını səhv qoymuşuq, demokratiya əvəzinə demoqrafiya yazmışam. Yox, bu dəfə hər şey düzdür. Demokratiya ilə YAP arasında heç bir problem yoxdur, daha doğrusu, artıq yoxdur. Məqaləmiz isə YAP, yəni hakimiyyətin demoqrafiya problemləri haqqındadır.

YAP hakimiyyətinin son illərdə sadə xalqa bir sürprizi oldu, Heydər Əliyevə guya aidiyyatı olmayan bir sıra rəsmi dövlət bayramlarını ləğv edib həmin günləri digər bayramlara əlavə etdi. “Guya” sözünü burada ona görə işlətmişik ki, “filan bayramın Heydər Əliyevə aidiyyatı yoxdur” fikri çox subyektivdir. Məsələn, necə demək olar ki, ləğv olunan bayramlardan ən əsasının - 17 noyabr “Dirçəliş Günü”nün Heydər Əliyevə aidiyyatı yoxdur. Əslində, dərindən təhlil etsək görərik ki, 1988-ci il noyabrın 17-dən başlayaraq, 1989-cu il dekabrın 4-dək davam edən bu hadisələrin arxasında elə mərhum prezident H.Əliyev özü dururdu. Elə ona görə də həmin hadisələr xalqın birliyinə deyil, ümumi faciəyə aparıb çıxardı... Lakin söhbətimiz bu barədə deyil.

YAP hakimiyyəti bayramları ləğv edib, o biri bayram günlərini kəskin artırmaqla əslində bir şeydə böyük səhvə yol verib, o da demoqrafiyanı nəzərə almamaqdır. Oxucular fikir veribsə, bizim hakimiyyət “bayram islahatı”nı Rusiyanın Putin hakimiyyətindən öyrəndi. Keçmiş Sovet respublikalarından ilk dəfə Rusiyada Putin Yeni Il və Milad Bayramlarını birləşdirərək, ölkə əhalisini birdən birə 10-12 gün növbədənkənar istirahətə göndərdi. Bu situasiyanı rus psixoloqları artıq təhlil edib. Nəticə isə birmənalıdır: aktiv istirahət nə olduğunu bilməyən rus milləti belə uzunmüddətli tətil günlərini nəinki səmərəli keçirir, belə günlərdən sonra hətta ailə münaqişələri və bunun nəticəsində də boşanmaların sayı kəskin artıb. Deməli, uzunmüddətli istirahətlər birmənalı olaraq ailələrin dağılmasına şərait yaradır.

Əslində biz rus millətindən köklü fərqlənmirik. Biz nəinki aktiv, heç passiv istirahət nədir, onu da bilmirik. Odur ki, birdən birə 7-8 gün tətil günlərini necə keçirək, bu bizləri daha çox düşündürür. Artıq öz müşahidələrim onu göstərir ki, məhz həmin uzun tətil günlərində (məsələn, bu il Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni Il bayramlarında əhali nə az, nə çox düz 7 gün evdə qalacaq) Azərbaycan ailələlərində də gərginlik yaşanır. Məsələn, zərif cinsdən olan tələbə yoldaşımın dediklərindən belə məlum olur ki, o, əri ilə artıq 2 dəfə belə bayram günlərində, necə deyərlər, “qırğına çıxıb”. Son dəfə isə onların işi hətta məhkəməyə gedib çıxıb, sonra birtəhər barışıblar. Həmin tələbə yoldaşım artıq öz əri ilə olan birgə şəkillərini də bu günlərin birində məhv edib. Səbəb isə onların 7-8 gün çəkən bayram günlərində ardıcıl olaraq bir yerdə qalmasıdır... İndi həmin tələbə yoldaşım qarşıdan gələn bayram günlərini çox səksəkə ilə gözləyir. Tərslikdən onun anası da yoxdur ki, yığışıb getsin onlara, bir də ki, 7-8 gün də ata evində qalmaq olar?

Odur ki, özünüzü bu bayramlardan saxlayın!

Rafiq Məmmədli,
AZADLIQ
, 25.12.2007, mammadli@mail.com