"28 yanvar aksiyası hərəkatın başlanğıcı ola bilər"

İsa Qəmbər: "Vətəndaşlar bu mitinqdə fəal iştirak etməklə öz talelərinə sahib çıxmalıdırlar"

"Hakimiyyət başqa enerjidaşıyıcıları və məhsulların da qiymətlərini artırmağa hazırlaşır"


Müsavat başqanı İsa Qəmbər dünən partiyanın 28 yanvarda keçirəcəyi yürüş-mitinq, aksiyanın təşkil olunması zərurətilə bağlı mətbuat konfransı keçirdi. İsa Qəmbər dedi ki, ölkədə gerçək söz azadlığı, plüralizm mövcud olmadığından, siyasi qüvvələrə öz mövqelərini xalqa çatdırmaq üçün imkan verilmədiyindən, telekanallar müxalifətin üzünə bağlı olduğundan, onların xalqla ünsiyyəti hakimiyyət tərəfindən məhdudlaşdırıldığından cəmiyyətlə təmasların ən önəmli üsullarından biri kimi kütləvi tədbirlər öz aktuallığını saxlayır: "Bu baxımdan bizim yürüş-mitinq keçirmək qərarımız tamamilə məntiqlidir. Eyni zamanda yürüş-mitinqin konkret səbəbi də cəmiyyətə bəllidir. Bu ölkədə həddən artıq gərgin sosial vəziyyətlə, xalqın ağır durumu, hakimiyyətin son zamanlar qəbul etdiyi yanlış qərarların iqtisadiyyata və xalqın həyatına vurduğu dəhşətli zərbələrlə bağlıdır. Yanvarın 8-də Əliyev rejimi Tarif Şurasının əli ilə qiymətlərin artırılması barədə qərar qəbul etdi. Bu addım elmi-iqtisadi baxımdan əsaslandırılmamış, xalqa sayğısızlıqla, insanların durumuna tam biganliklə ortaya çıxdı. Minimum əmək haqqı qırx, orta aylıq əmək haqqı yüz qırx manat olan, böyük işsizlər ordusunun, 1 milyondan çox təqaüdçünün mövcud olduğu bir ölkədə enerji daşıyıcılarının, kommunal xidmətlərin qiymətlərinin kəskin şəkildə artırılması həm dəhşətli səhv, həm də cinayətdir. hər kəs, təkcə siyasilər yox, iqtisadçılar, ziyalılar, millət vəkilləri, hətta hakimiyyətə yaxın, onun mövqeyini müdafiə edən şəxslər də bu qərarın xalqın vəziyyətinə təsir edəcəyi barədə mövqelər bildirdilər. Belə versiyalar da irəli sürüldü ki, İlham Əliyev xaricdədir, bundan xəbəri yoxdur, geri dönəcək, qərarı ləğv edəcək, hətta Tarif Şurasının üzvlərini cəzalandıracaq. Biz isə bu versiyaya şübhə ilə yanaşdığımızı, inanmadığımızı açıq şəkildə bəyan etdik. Amma cəmiyyətdə bu mövzuya maraq vardı. İlham Əliyev isə 20 günlük xarici gəzintisindən sonra zaman tapıb Bakıya döndü və yanvarın 22-də mövqeyini xalqa açıqladı. Bəlli oldu ki, bu mövqe bütövlükdə xalqa zidddir, o, reallıq hissini tamamilə itirib. O, həm də nümayiş etdirdi ki, Tarif Şurası özbaşına belə bir qərar verə bilməz. Xalqı hər şeyin yaxşı, gözəl olacağına inandırmağa çalışsa da, bu çıxış gözləndiyi kimi, vətəndaşları daha da qəzəbləndirdi". Belə bir mərhələdə kütləvi tədbir keçirilməsinin tamamilə məntiqli olduğunu bildirən Müsavat başqanı hesab edir ki, bütün ictimaiyyət 28 yanvar aksiyasını diqqət mərkəzində saxlayacaq. İsa Qəmbər üzünü bütün vətəndaşlara tutaraq, hamını aksiyada fəal iştirak etməyə çağırdı: "Bu, sırf siyasi aksiya və Müsavatın hakimiyyətlə mübarizəsi ilə bağlı olan tədbir deyil. Əvvəlki aksiyalardan fərqli olaraq yürüş-mitinqin bir şüarı, bir tələbi var. O da qiymət artımı qərarının ləğv edilməsi və əhalinin sosial müdafiəsinin, həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş çox ciddi tədbirlər həyata keçirilənə qədər bu qərarın icra olunmamasıdır. Bu, bir partiyanın, bütövlükdə müxalifətin yox, bütün insanların həyati maraqlarıyla bağlıdır. Ölkədə zənginlər təbəqəsini istisna etsək, qiymət artımı hər birimizin həyat səviyyəsinə təsir göstərir. Ona görə də, hər bir vətəndaşın bu aksiyada iştirakı tamamilə məntiqli olardı". Yanvarın 8-dən başlayaraq dəfələrlə bütün siyasi qüvvələrə birgə aksiyaların keçirilməsi üçün müraciət etdiklərini xatırladan İsa bəy bir daha təkliflərini diqqətə çatdırdı:

"Bizi "Müsavat mitinqi təkbaşına keçirməkdən narahatdır, ona görə digər qüvvələrə müraciət edir" kimi mülazizələr də narahat etmir. Bunlar qeyri-ciddi söhbətlərdir. Müsavat hər zamankı kimi öz gücünə əmin, arxayındır. həm də bu sırf siyasi məqsədlər seçkilərlə, hakimiyyətin istefasıyla yox, məhz xalqın həyatıyla bağlıdır. Belə bir aksiya vətəndaşlarımızın geniş şəkildə iştirak edəcəkləri heç kimdə şübhə doğurmamalıdır". Müsavat başqanı bildirdi ki, bütün siyasi qüvvələrin aksiyada iştirakın isə tədbirin əhəmiyyətini artırmaq baxımından önəmlidir. İsa Qəmbər həmçinin vurğuladı ki, cəmiyyətdə mübarizənin perspektivinə inamı artırmaq lazımdır:

"Ona görə mən bu çağırışı bir daha təkrar edirəm. Artıq bir sıra partiyalar bizim müraciətə müsbət reaksiya veriblər. Onlar Müsavatın təşkil etdiyi yürüş-mitinqə qatılacaqlarını, hətta şərait olarsa, tribunadan fikirlərini aksiya iştirakçılarına çatdıracaqlarını bildiriblər. Biz də bu mövqeləri çox yüksək qiymətləndiririk, bütün bunlar olduqca düzgün qərarlardır". 2005-ci ilin 26 noyabrından sonra böyük miqyaslı kütləvi tədbir keçirilmədiyini xatırladan Müsavat başqanı 28 yanvar aksiyasının ölkədə hökm sürən qeyri-rəsmi fövqəladə vəziyyətin sonu demək olduğunu nəzərə çatdırdı:

"Bu tədbir cəmiyyətin öz taleyinə sahib çıxması baxımından çox önəmli bir prosesin, hərəkatın başlanğıcı ola bilər". Ciddi mənbələrin informasiyalarına əsaslanan İsa Qəmbər dedi ki, qiymət artımının davam etməsi gözlənilir. Belə ki, hakimiyyət yaxın aylarda başqa enerjidaşıyıcılarının, öz nəzarətində olan məhsulların qiymətləri artırmağa hazırlaşır:

 "Bu baş versə, bahalaşma, infilyasiya hansı sürətlə gedəcək, bunu təsəvvür eləmək o qədər də çətin deyil. İctimaiyyətdə belə narahatlıqlar var ki, əgər cəmiyyət hakimiyyətin xalqa qarşı sərt addımlarına fəal şəkildə etiraz eləmirsə, o zaman sabah bu hakimiyyətin Qarabağ məsələsində təslimçi sazişə getməsinə müqavimət göstərəcəkmi?

Ona görə də bu gün cəmiyyətin öz müqavimət gücünü göstərməsi həddən artıq önəmlidir". Bütün vətəndaşlar aksiyada fəal iştirak çağıran İsa bəy media nümayəndələrinə də üz tutaraq jurnalistləri tədbiri geniş işıqlandırmağa dəvət etdi:

"hakimiyyət telekanallara bahalaşma qərarına etiraz addımlarını, o cümlədən Müsavatın aksiyasını işıqlandırmamaq tapşırığı verib. Mən istəyərdim ki, müstəqil televiziyalar özlərində cəsarət tapıb bu qadağadan kənara çıxsınlar və xalqın qiymət artımı ilə bağlı mövqeyini geniş nümayiş etdirsinlər. Digər televiziyalara bunu təklif, İctimai Televiziyadan isə tələb edirəm. Çünki bu televiziya cəmiyyətdə gedən prosesləri işıqlandırmaq məqsədiylə, Azərbaycan ictimaiyyətinin tələbi, beynəlxalq təşkilatların tövsiyələriylə yaradılıb, ona görə də prossləri işıqlandırmağa borcludur. Bu kanal ictimaiyyətə, xalqa xidmət etməlidir. Bizim də cəmiyyətin bir hissəsi olaraq İctimai Televiziyadan tələb etməyə tam haqqımız, əsasımız var". Daha sonra Müsavat başqanı jurnalistlərin suallarını cavablandırdı:

- Müsavatın 10 min nəfərin iştirakı ilə aksiya keçirəcəyi bəyan olunub. On min, iyirmi min min insanın tələbiylə hakimiyyət öz addımından geri çəkilə bilərmi?

 - Biz qeyd etmişik ki, qiymət artımının təsiri bir günə bilinməyəcək. Bu, uzun müddətli prosesdir. Günlər keçdikcə cəmiyyət qiymət artımının zərbələrini daha çox hiss edəcək. hələ bu proses davam edəcək. O baxımdan bizim bir kütləvi tədbirlə kifayətlənmək fikrimiz yoxdur. Müsavat hakimiyyətin xalqa zidd siyasətinə qarşı mübarizəni davam etdirəcək. Kütləvi tədbirlərdən mübarizənin ən təsirli üsullarından biri kimi istifadə olunacaq. Məncə, uzun fasilədən sonra ilk mitinq olduğu üçün aksiya iştirakçılarının sayı barədə proqnoz vermək o qədər də asan deyil. Amma hər halda hesab edirəm ki, kifayət qədər normal bir mitinq keçiriləcək. hakimiyyət də mitinq iştirakçılarının sayına yox, iştirakçıların tələbinə diqqət yetirməlidir. Mən əminəm ki, cəmiyyətin fəallığı nəinki hakimiyyəti bu yanlış addımdan geri çəkilməyə məcbur edə bilər, digər yanlış addımlara da yol verməməyə gətirib çıxarar. O baxımdan hər bir vətəndaş xalqa zidd siyasətə qarşı "yox" deməyi bacarmalıdır. Bizim hakimiyyətin müəyyənləşirdiyi yerdə mitinq keçirməyə razılıq verməyimiz məhz onunla bağlıdır ki, polis rejimi şəraitində vətəndaşlarımız öz mövqelərini azad şəkildə ifadə edə bilsinlər. hesab edirəm ki, bu proses uğurlu nəticə verəcək.

- Müsavatın növbəti aksiyaları nə zamana planlaşdırılır?

- Gəlin tələsməyək, növbəti aksiyalar da olacaq. Məncə, kütləvi tədbirlər getdikcə artan xətlə davam edəcək.

- "Azadlıq" blokunun təmsilçiləri bildiriblər ki, Müsavatın şəhərin ucqarında aksiya keçirməsi pis presedent yarada bilər. O mənada ki, beynəlxalq təşkilatlar hakimiyyətə irad tutduğu halda iqtidar mənsubları Müsavatın bu imkandan yararlandığını qeyd edə bilərlər. Sizin bu məsələyə münasibətiniz necədir?

- Mən bu yöndə diskussiyalara çox vaxt ayırmaq istəmirəm. "Azadlıq" blokundan olan həmkarlarımızın da fikirlərinə hörmətlə yanaşıram, bu sırf nəzəri bir diskussiya ola blər. Pratikaya gələndə isə xatırlatmaq istərdim ki, uzun fasilədən sonra müxalifətin etiraz aksiyaları 1998-ci il avqustun 15-də "Motodrom"da başlandı. Dörd illik fasilədən sonra çox böyük bir aksiya keçirildi. Artıq sentyabrda şəhərin mərkəzində həm hakimiyyətlə razılaşdırılan, həm də razılaşdırılmayan çox güclü, möhtəşəm aksiyalar oldu. Əgər bu gün hakimiyyət cəmiyyətdə xof yaradırsa və bunu qoruyub saxlamaq istəyirsə, düşünürəm ki, iqtidarın razılıq verdiyi yerdə kütləvi tədbirlərə başlamaqla, insanların xalqa zidd qərarlara nə dərəcədə fəal şəkildə kütləvi etiraz bildirməsini nümayiş etdirməklə, biz sərbəst toplaşmaq azadlığını daha böyük miqyasda bərqərar edə bilərik. Mən o fikirdə deyiləm ki, biz bu gün Ukrayna meydanında kütləvi tədbir keçirməyə razılaşırıqsa, bu, şəhərin mərkəzində aksiya keçirmək hüququndan imtina etmək deməkdir. Bu bizim Konstitusiya ilə təsbit olunan hüququmuzdur və mən inanıram ki, əvvəl-axır hakimiyyəti bizim konstitusion hüqumuzu tanımağa sövq edə biləcəyik. Bununçün siyasi qüvvələrin ardıcıl, prinsipial qətiyyətli fəaliyyət göstərməsinə, vətəndaşların öz talelərinə sahib çıxmalarına ehtiyac var.

- Niyə Müsavat mitinqlə bağlı fərqli təbliğat metodlarından istifadə etmir? Məsələnə, insanlara SMS-lər göndərmir, vərəqələr paylamır, divarlara plakatlar vurmur?

- Bunlar edilir və ediləcək. Vərəqələr də paylanır, mesajlar da göndərilir. Bu proses aksiyaya qədər daha da genişlənəcək. Biz həmişə yeni texnologiyalardan geniş istifadə etməyə çalışmışıq. Bu imkanlardan az istifadə yalnız müəyyən məhdudiyyətlərlə bağlıdır. Başqa heç bir məhdudiyyət yoxdur.

M.QASIMBƏYLİ