“HAKİMİYYƏTİN ELƏDİKLƏRİ QORXUDAN İRƏLİ GƏLİR”
“2008-ci İLDƏ MÜXALİFƏTİN ŞANSI DAHA ÇOX OLACAQ”

İsa Qəmbər: “Aksiyamıza maneə törədilməsi rejimin narahatçılığı ilə bağlıdır”
İsa Qəmbər: “Repressiyaların qarşısını ala biləcək yeganə qüvvə cəmiyyətdir”
İsa Qəmbər: “Biz seçkidə iştiraka hazırlaşırıq”

Son günlər hakimiyyət repressiv siyasətini daha da gücləndirib. Xüsusilə mətbuata qarşı basqılar artıb. Maraqlıdır ki, beynəlxalq birlik rejimin bu hərəkətlərinə adekvat reaksiya vermir. Müşahidələr onu deməyə əsas verir ki, bu, iqtidarı daha da arxayınlaşdırır. Yaranmış situasiyanı dəyərləndirməsi üçün Müsavat Partiyasının başqanı İsa Qəmbərə müraciət etdik. Müsahibəyə başlamazdan az öncə İsa bəyə Müsavat Partiyasının 27 may aksiyasının vaxtının Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq dəyişdirilməsi barədə məlumat verilmişdi. Repressiyaların artması və seçki ilinin yaxınlaşması müxalifət düşərgəsində inteqrasiya proseslərinə təkan verib. Artıq Müsavat, ACP, AMİP, ANİF, ADP və bir neçə digər ictimai-siyasi təşkilatın təmsilçiləri birgə müzakirələrə başlayıblar. Yaranmış situasiyanı dəyərləndirməsi üçün Müsavat Partiyasının başqanı İsa Qəmbərə müraciət etdik.
Söhbətə mitinq mövzusu ilə başladıq.

- Hakimiyyətin ixtiyarı yoxdur ki, aksiyanın vaxtını özbaşına dəyişdirsin. Qanunun ruhundan çıxan belə bir məsələ var ki, müvafiq icra orqanı mitinqin vaxtını dəyişdirməklə bağlı təşkilatçılara müraciət edə bilər. Belə bir müraciət olduğu halda da fikir mübadiləsi aparılmalıdır. Nəzəri cəhətdən ola bilər ki, müvafiq icra orqanı mitinq təşkilatçılarını inandırar ki, doğrudan da filan arqumentlərə görə, bu gündə mitinq keçirmək məqsədəuyğun deyil, aksiyanın vaxtı dəyişdirilsə, yaxşı olar. Ancaq hakimiyyət bunu etmir. Kobud surətdə, heç bir məsləhətləşməsiz, arqumentsiz bildirir ki, mitinq 27-də yox, 26-da keçirilə bilər. Bu, “Sərbəst toşlaşmaq haqqında” qanunun çox kobud formada pozulmasıdır. Biz təbii ki, bununla bağlı məhkəməyə müraciət edəcəyik.

Biz bir aya yaxındır mitinqin mayın 27-də keçiriləcəyilə bağlı təbliğat aparırdıq. İnsanlara deyilirdi, vərəqələr paylanırdı, rayon təşkilatları hazırlıq görürdülər, hər yerə informasiya yayılırdı. Birdən-birə qərar dəyişdiriləndə, özü də mitinq sonrakı günlərə yox, təyin olunduğu vaxtdan irəli çəkiləndə təbii ki, bu, mitinq iştirakçılarının sayına təsir göstərir. Digər tərəfdən bizim mitinqlər adətən bazar günlərinə təyin olunur. Bu, təsadüfi deyil. Biz araşdırmalar aparmışıq, sosioloji sorğular keçirmişik, nəticədə qərara gəlinib ki, indiki mərhələdə Bakı əhalisi üçün bazar günü kütləvi tədbirlərə gəlmək asandır, nəinki şənbə günü. Bütün bunları nəzərə alaraq, mitinqi hələlik təxirə salmışıq. Aksiyanın sonrakı zamanı ilə bağlı partiya rəhbərliyində müzakirələr aparılacaq və müvafiq qərarlar veriləcək.

Ancaq hakimiyyətin bu qərarı qəbul etməsi məni bir fikrimdə möhkəmləndirdi. Keçirdiyimiz mitinqlər çox böyük kütləviliyə gətirib çıxarmasa da, orada on minlərlə insan iştirak etməsə də, hakimiyyət bu aksiyalardan narahatdır. Fikir verirdinizsə, son müddətlərdə Tarif Şurasına müxtəlif nazirliklərdən müvafiq qiymətlərin artırılması ilə bağlı təkliflər gəlsə də, bu barədə qərarlar qəbul olunmurdu. Axırıncı dəfə bu telefonla bağlı oldu. Qiymət artımı ilə bağlı xeyli təkliflər vardı, lakin Tarif Şurası yalnız abunəhaqqının bir qədər artırılmasını qərarlaşdırdı, paralel olaraq, şəhərlərarası, beynəlxalq danışıq tariflərini bir qədər endirdilər. Bu onunla bağlıdır ki, hakimiyyət narahatdır. Görürlər ki, indiki mərhələdə insanlar o qədər də böyük kütlə ilə mitinqlərə qatılmırlar. Ancaq fikirləşirdilər ki, bu aksiyalar keçirilir və bilmək olmaz ki, qiymət artımının yeni bir mərhələsində insanlar hansı hərəkəti edəcək. Onlar növbəti mitinqlərə kütləvi şəkildə qatıla bilərlər. Bir növ bizim aksiyalarımız hakimiyyətin qiymət artımını davam etdirmək siyasətinin qarşısında psixoloji baryer kimi mövcuddur. Mitinqlər hakimiyyəti qiymətləri artırmaqdan çəkindirir. Məncə, hakimiyyətin bizim mitinqlərə maneə yaratmaq istəyi də bununla bağlıdır.

- İsa bəy, son vaxtlar mətbuata qarşı total hücumlar başlayıb. Hakimiyyəti buna sövq edən nədir?

- Həqiqətən, hakimiyyətin azad sözə, mediaya qarşı “səlib yürüşü” daha da şiddətlənib. Bu hücumun səbəbləri, motivi ilə bağlı çox şərhlər verilir. Mənə elə gəlir ki, bu hücumun səbəbini iki paradoksal məqamın qovşağında axtarmaq lazımdır. Birincisi, hakimiyyətin özünə arxayınlığı, ikincisi, onun qorxusu. Bu iki hiss bir qədər ziddiyyətli görünür, amma bunların hər ikisi mövcuddur. Bir tərəfdən iqtidar arxayındır ki, cəmiyyət bu zorakılığa, yalana qarşı kütləvi şəkildə mübarizə aparmır. Cəmiyyət gözləmə mövqeyindədir. Beynəlxalq birliyin müxtəlif dövlətləri, təşkilatları hərəsi bir səbəbdən Azərbaycandakı avtoritar rejimə dözümlü münasibət sərgiləyir. Hakimiyyət həm də ona arxayındır ki, nə qədər neft var, nə qədər dünyanın əksər ölkələrinin Xəzər neftinə ehtiyacı var, bu səbəbdən avtoritar siyasəti gücləndirə bilərlər. Mən bunu aldadıcı arxayınlıq hesab edirəm. Ancaq görünür, iqtidar eyforiyadadadır.
İkinci bir tərəfdən hakimiyyət real şəkildə qorxur. Bəzən bizi inandırmağa çalışırlar ki, iqtidar qorxmur. Qorxsa, bu işləri etməzdi. Lakin belə deyil. Əgər hakimiyyət azad sözdən qorxmursa, onda qəzeti bağlamağın nə anlamı var? Aydın məsələdir ki, hakimiyyət indiki mərhələdə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərini sıradan çıxarmaq üçün bütün resurslarını işə saldı. Az qala bütün güc nazirliklərini hərəkətə gətirdilər. Faktiki olaraq, bu prosesə öncə Daxili İşlər Nazirliyi, sonra Fövqəladə Hallar, onun ardınca Milli Təhlükəsizlik nazirlikləri, Baş Prokurorluq cəlb edildi. Üzeyr Cəfərovla bağlı məsələdə Müdafiə Nazirliyinin də əli göründü. Yəni, hakimiyyət bir qəzeti susdurmaqdan ötrü bütün strukturlardan istifadə etdi. Bu qorxu deyilsə, bəs nədir?

- Bəlkə qisasçılıqdır?

- Hakimiyyət azad sözü, fərqli düşününləri, proseslərə fərqli yanaşanları susdurmaq istəyir. Bu mübarizənin bir mərhələsində hədəfdə bir qəzet, başqa mərhələsində digər qəzet ola bilər. O biri mərhələdə həfədə siyasi qüvvələr, partiyalar ola bilər. Ancaq bütövlükdə hakimiyyət cəmiyyətdəki bütün müqavimət nöqtələrini, bütün müstəqil mövqeyi olan qüvvələri sıradan çıxarmaq istəyir. Bu da dediyim kimi, həm qorxu, həm də arxayınlıqla bağlıdır. Hakimiyyət başa düşür ki, cəmiyyətin böyük hissəsi onun əleyhinədir. Eyni zamanda aldadıcı arxayınçılıq hissləri var ki, bu işləri görə bilərlər. Bu arxayınçılığı ona görə aldadıcı hesab edirəm ki, istər daxili - xalq faktoru hərəkətə gələ bilər, istərsə də beynəlxalq birliyin dözümünün, loyal münasibətinin müəyyən bir sərhədi var.
Qorxu amilinin içərisində 2008-ci ilin prezident seçkilərində azad sözün, müstəqil qüvvələrin olmaması məqsədi də var.

- Amerikadakı dostlarınız Azərbaycanda repressiyaların vüsət almasına niyə göz yumur?

- Mənim Amerikadakı dostlarım Azərbaycandakı demokratiya uğrunda ölkədə demokratiyadan dəm vuran bir çox vətəndaşlardan daha çox fədakarlıq göstərən adamlardır. Həmin şəxslər təbii ki, bu gün də əllərindən gələni edirlər ki, Azərbaycanda müsbət dəyişikliklər olsun. O adamlar öz hökumətlərini siz jurnalistlərdən qat-qat kəskin tənqid edirlər. Onlardan prinsipial, obyektiv düzgün mövqe tutmağı tələb edirlər. Mənim dostlarım məhz bu cür adamlardir ve təəssuf ki, bu gun onlar helledici postlarda deyil. Təbii ki, beynəlxalq birliyin mövqeyi bizi təmin etmir. Əvvəlki dövrlərdən fərqli olaraq, məsələn, ABŞ Dövlət Departamenti jurnalistlərin həbsinə, döyülməsinə ümumiyyətlə reaksiya vermir. Bu mövqe bizi qane etmir. Mətbuata baxıram, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin nümayəndəsi bildirir ki, baxın görün, ABŞ-dan çox, hansı dövlət Azərbaycandakı media azadlığı ilə bağlı məsələyə prinsipial mövqe bildirir. Bəlkə də o, öz dediyində haqlıdır. Çünki digər dövlətlər son vaxtlar ümumiyyətlə, hansısa bir fəallıq göstərmirlər. Ancaq ortaya qoyulan mövqe yetərli deyil. Nə Amerikanın, nə digər ölkələrin, nə beynəlxalq təşkilatların bəyanatları, hesabatları situasiyaya təsir eləmir.

Digər tərəfdən cəmiyyətdə suallar yaranır ki, niyə Azərbaycanda jurnalistlərin həbsinin bir-birini əvəzlədiyi günlərdə Fransa İlham Əliyevə “Şərəf legionu” ordenini təqdim etdi. Eyni günlərdə Amerika Əliyevlər rejiminə hansısa jestlər etdi. Həmin vaxt, tutaq ki, İngiltərədən, beynəlxalq təşkilatlardan hansısa başqa bir jest olur. Təbii ki, bütün bunlar hakimiyyətin aldadıcı arxayınlığını möhkəmləndirir.

- Bəzi müşahidəçilər hesab edir ki, təhlükəsizliklə bağlı ABŞ-Azərbaycan danışıqları getdiyi üçün rəsmi Vaşinqton iqtidarın özbaşınlıqlarına göz yumur. Bu fikri bölüşürsünüzmü?

- Aydın məsələdir ki, enerji və təhlükəsizlik məsələlərinin Qərbin, Amerikanın bu rejimə qarşı dözümlü münasibət göstərməsində böyük rolu var. Bu, əsas amillərdən biridir və bunu dəfələrlə qeyd etmişik. Odur ki, indiki mərhələdə siyasi repressiyaların qarşısını ala biləcək yeganə qüvvə cəmiyyətdir.

- Belə versiyalar da var ki, mətbuata basqıların fonunda cəmiyyətin sındırılması Qarabağla bağlı təslimçilik sazişinin imzalanmasına hesablanıb. Bu barədə nə qənaətdəsiz?

- Mən yaxın perspektivdə Qarabağla bağlı danışıqlarda, proseslərdə elə bir ciddi dəyişikliyin baş verəcəyini gözləmirəm. Ona görə də, mənim fikrimcə, bu, həlledici versiya deyil. Bu, sadəcə, hakimiyyətin mahiyyətilə bağlı məsələdir. Hər dəfə deyirik ki, bu hakimiyyət avtoritardır, istəyir ki, hər şeyi özünün arzularına uyğun həll etsin. Müqavimət göstərə biləcək nöqtələri isə susdurmaq niyyətindədirlər. Bu Qarabağ məsələsinə də, bütün digər məsələlərə də, hakimiyyətin korrupsiya siyasətinə də, tutaq ki, təhsil sahəsində test sistemini ləğv edib, rüşvət mezanizmini işə salmağa da aiddir. Hakimiyyət çalışır ki, bütün sahələr üzrə özünün istədiyi qərarları qəbul edə bilsin və buna müqavimət göstərilməsin. Ona görə də müqavimətin sındırılması cəhdləri bütün məsələlərə aiddir. Müəyyən mərhələdə cəmiyyət öz sözünü deyəcək və bu proseslərin bir dönüşü olacaq.

- Yeri gəlmişkən, İlham Əliyev Milli Təhlükəsizlik Konsepsiyası ilə bağlı sərəncam verib, hərbi doktrinanın hazırlanmasını tapşırıb. Hakimiyyətdə olduqları 14 ildə bu addımların atılmaması nəylə bağlıdır?

- Neçə illərdir hakimiyyətdədirlər, amma indiyədək nə xarici siyasət konsepsiyaları var, nə milli təhlükəsizlik strategiyaları, nə də hərbi doktorina. Bu, onunla bağlıdır ki, indiki hakimiyyət bacarıqsız, səriştəsiz, savadsızdır. Zaman-zaman da bu tipli sənədlərin hazırlanması ilə bağlı göstərişlər verirlər. Ancaq bugünədək ortaya heç bir ciddi sənəd qoymayıblar. Cunki ciddi bir sənəd hazirlasalar ona əməl etməli olacaqlar. İndi də növbəti dəfə yadlarına düşüb ki, müstəqil dövlətin belə sənədləri olmalıdır, göstəriş veriblər. Baxaq görək, hazırlayacaqlar, ya yox. Halbuki Müsavat Partiyası bu tipli sənədləri hələ təxminən 10 il əvvəl hazırlayaraq, cəmiyyətin diqqətinə təqdim etmişdi. ÿÿ

- İki gün öncə Ramiz Mehdiyev müxalifəti aşağılayan açıqlamalar verdi. Ölkədə müxalifətin olmadığını dedi. Və 2008-ci il seçkilərində İlham Əliyevin 98 faiz səs yığacağını söylədi. Onlar üçün gələn seçkilər bu qədərmi asan olacaq?

- Azərbaycan bədbəxtçiliyidir ki, Ramiz Mehdiyev səviyyədə bir adam sovetlər dönəmində də, müstəqillik dövründə də dövlətin ən yüksək vəzifələrindən birini tutur. Və ölkənin idarə olunmasına çox ciddi şəkildə təsir göstərir. Onlar köhnə kommunist təfəkkürlü adamlardır. Görünür, 20 il ərzində 99 faizdən 98 faizə qədər inkişaf ediblər. İnkişafları ondan artıq deyil.

- Hakimiyyət demokratiya adı altında konfrans təşkil etdiyi bir vaxtda ölkədə daha bir biabırçılıq baş verdi. Rejim Bakı məscidlərində yüksək səslə azan verilməsinə qadağa qoydu. Bunu necə dəyərləndirirsiniz?

- Bu, sırf ictimai məsələdir. Hesab edirəm ki, bu, dövlət, yaxud ayrı-ayrı təşkilatlar səviyyəsində həll olunacaq məsələ deyil. Tarix boyu İslam ölkələrində məscidlərdə azan verilib və cəmiyyət özü bunu istədiyi şəkildə tənzimləyib. Son dövrlərdə səsgücləndiricidən istifadə olunması yeni situasiya yaradır. Yaranan yeni situasiyada qərarlar isə hər bir məscidin əhatə dairəsində yaşayan insanların ümumi iradəsi əsasında qəbul olunmalıdır.

- Keçək, müxalifətdaxili məsələlərə. Müxalifətin bir hissəsi birliklə bağlı müzakirələrə başlayıb. Danışıqlar hansı istiqamətdə gedir - vahid namizəd, yoxsa, demokratik seçki uğrunda mübarizə istiqamətində?

- Bizim siyasətçi həmkarlarımızdan bəziləri siyasi qüvvələrin bir araya gələrək, məsləhət mərkəzinin yaradılmasını təklif ediblər. Yəni burada söhbət hər hansı bir blokdan, ittifaqdan, vahid namizəd məsələsindən getmir. Bu təklifin mahiyyəti siyasi qüvvələrin bir araya gələrək, bir məsləhət mexanizmini formalaşdırmaqdan ibarətdir. Hazırda bu istiqamətdə fikir mübadiləsi aparılır. Hələlik bu fikir mübadiləsi yekunlaşmayıb. Ona görə də, bu məsələyə dair şərh verməyə ehtiyac duymuram.

- Perspektivdə müsbət nəsə ola bilərmi? Məsələn, yeni blok və ya koalisiya yaranması ehtimalı varmı?

- Hələ məsləhət mərkəzi yaranmamış böyük planlar qurmağa tələsməyək. Mətbuata diqqət edirəm, hər gün çox uzağagedən başlıqlarla yazılar dərc edilir. Bir gün sonra isə siyasətçilərə istinadən bunlar təkzib olunur. Bu cür irəligedən gözləntilərə hələlik ehtiyac yoxdur.

- Məsləhət mərkəzində sabiq səhiyyə naziri Əli İnsanovun nümayəndəsinin təmsilçiliyi mümkündürmü?

- Əli İnsanov siyasi partiya lideri deyil. Onun indiyədək bir siyasətçi kimi fəaliyyət göstərməklə bağlı qərarı bizə bəlli deyil. Ona görə də, aparılan fikir mübadiləsində Əli İnsanovu təmsil edən qüvvə yoxdur.

- “Azadlıq” bloku qatılmadan sizin başladığınız müzakirələr demokratik düşərgənin iki hissəyə bölünməsinə səbəb olmayacaq ki?

- Məncə, yenə də hansısa nəticələr çıxarmağa ehtiyac yoxdur. Onların da məsələ ilə bağlı verdikləri qərar bu fikir mübadiləsi kontekstində dəyərləndiriləcək bir qərardır. Hələlik söhbətlər davam edir ki, hansı qüvvələr belə bir məsləhət mərkəzinin yaranmasını istəyirlər, hansıları istəmirlər, kimlər burada iştirak etməyə maraq göstərir, kimlər göstərmir. Hələlik bunlar aydınlaşdırılır.

- İsa bəy, artıq bəzi qüvvələr 2008-ci ilin prezident seçkilərinin boykot edilməsi taktikasından danışırlar. Boykot düzgün addım ola bilərmi?

- Boykot siyasi mübarizədə son vasitələrdən biridir. İkincisi, boykot qərarı müvafiq zamanında verilə bilər. Yəni seçkiyə ilyarım qalmış boykot haqqında qərar qəbul etmək, boykot ideyası ilə kiməsə şərt irəli sürmək məncə, o qədər də səmərəli yol deyil. Biz Müsavat Partiyası olaraq, seçkidə iştiraka meyilliyik və seçkidə iştiraka hazırlaşırıq. Hansısa mərhələdə, təbii ki, konkret qərarlar müzakirə olunacaq və qəbul ediləcək. Ancaq bəzi qüvvələrin indidən seçkiləri boykot etmək əhval-ruhiyyəsi cəmiyyətdə passivliyi daha da artıra, insanların siyasi proseslərə marağını azalda bilər. Ona görə də, boykot haqqında söhbətləri yersiz hesab edirəm.

- Sizin özünüzün 2008-ci ilin prezident seçkilərində namizədliyinizi irəli sürmək fikriniz var?

- Zamanı çatanda bu məsələlər partiyada müzakirə olunacaq və müvafiq qərarlar veriləcək. Hələ qərar verilməyib.

- Qərarın gec verilməsi cəmiyyətdə hansısa ümidsizliyə səbəb olmur ki?

- Nəyə görə gec hesab edirsiniz? Seçkiyə hələ ilyarım var.
Ən inkişaf etmiş ölkələrdə seçkiyə 8 ay, 10 ay, 1 il qalmış namizədlər elan olunur. Biz hara tələsməliyik? Boykot söhbəti ilə insanları ruhdan salanlardan fərqli olaraq, biz seçkilərdə iştiraka meyilli olduğumuzu deməklə, kütləvi tədbirlər keçirməklə, başqa sahələrdə fəallıq göstərməklə cəmiyyətin aktivləşməsinə çalışırıq.

- 2003-lə 2008-in fərqi nədən ibarət olacaq?

- Fərqli cəhətlər də çoxdur, oxşar cəhətlər də. Bu, maraqlı bir məqalə mövzusu da ola bilər. Fərqli cəhətlər həm də odur ki, 2003-cü ildə Heydər Əliyev dövrü başa çatırdı, istənilən halda yeni bir adam dövlət başçısı olacaqdı. İndi isə artıq 4 ildir hakimiyyətdə olan, öz bacarığını və bacarıqsızlığını ortaya qoyan bir adam yenidən prezident seçkisinə girmək fikrindədir. Təbii ki, 2003-cü ildə həmin adama qarşı bəzi qeyri-müəyyən yanaşmaları olan təbəqələr, zümrələr də artıq öz mövqelərini dəqiqləşdiriblər. Bu da məncə 2008-in fərqli cəhətlərindən biri olacaq. 2003-də həm ölkə daxilində, həm də beynəlxalq miqyasda İlham Əliyevə islahatçı kimi baxan müəyyən dairələr mövcud idi. İndi ancaq qeyri-səmimi insanlar onu islahatçı hesab edə, yaxud bunu deyə bilərlər. Heç bir səmimi, obyektiv insan onu islahatçı adlandıra bilməz. 2003-də Qərbin və Rusiyanın regional maraqları xeyli dərəcədə razılaşdırılmış vəziyyətdə idi. İndi isə Qərblə Rusiyanın münasibətlərində gərginlik günbəgün artır. 2008-ci ilə qədər bunun artacağı ehtimalı daha böyükdür. Başqa bir sıra fərqləri də müşahidə etmək olar.

- Fərqlər müsbət nəsə vəd edirmi?

- İstənilən situasiya yeni imkanlar, eyni zamanda yeni problemlər yaradır. Ona görə də heç bir fərq özü özlüyündə hansısa məsələni həll etmir. Ancaq məsələni həll etmək üçün şanslar verir. Bu baxımdan hesab edirəm ki, 2008-ci ildə demokratik qüvvələrin hakimiyyətə gəlmək imkanları 2003-dən çoxdur.

Yeni Müsavat, 26-27.05.2007.
Elşad MƏMMƏDLİ, Mustafa HACIBƏYLİ