Qərb Azərbaycanda demokratiya istəyirmi?
Azərbaycan demokratik qüvvələrinə yetişməyən Qərb yardımının şərtləri

Azərbaycanda milli-demokratik hərəkatın əsası qoyulandan bəri Qərb dövlətləri, xüsusilə də ABŞ Azərbaycan demokratlarının ümid yeri olub. Azadlıq qəzetində jurnalistlik etdiyim dönəmdən xatirimdədir ki, geopolitika müxalif düşüncəli insanlar üçün qədərindən artıq əhəmiyyət kəsb edirdi, çünki Azərbaycanda normal demokratik sistemin qurulması liberal dəyərlərin daşıyıcısı olan Qərbin Qafqazda Rusiyaya üstün gəlməsi ilə əlaqələndirilirdi. Təqribən düşüncə tərzi belə idi: rusiyapərəst Heydər Əliyev 1993-cü ildə Azərbaycan demokratiyasını devirdi və Qərb regiondan Rusiyanı sıxışdırdıqca bu rejimin dayaqları çökəcək və sonucda Azərbaycan demokratları Qərbin köməyi ilə layiq olduqları hakimiyyətə yiyələnəcəklər.

Bu fikirlərdə müəyyən həqiqətlər var idi, amma müxalifətin Azərbaycan daxili siyasətinə belə fatalist yanaşması, Heydər Əliyevin vaxtında manevr edib neft sazişlərini imzalaması və kobud desək, Qərbin adamına çevrilməsi bu hesabları alt-üst etdi. 2003-cü ildə Qərb birmənalı şəkildə Heydər Əliyev rejiminin oğlu tərəfindən davam etdirilməsini sanksiyalaşdırdı və Azərbaycanda Qərbə yönəlik idealist təsəvvürlər dağıldı.

Deyim var ki, nifrət puça çıxmış sevgidir. Bu nifrət Azərbaycanın ən önəmli demokratlarına belə təsir etmişdir. Qərbi ikiüzlülükdə, acgözlükdə, istismarçılıqda ittiham edənlərin sayı bu ölkədə getdikcə artır. Bu ittihamların heç birini rədd etmək fikrim yoxdur. Bütün bu ittihamlar həqiqətə əsaslanır. Amma dünya siyasəti keçmiş vaxtlardan idealist həqiqətlərin üstündə qurulub? Nəyə görə Buş, Merkel, Braun, yaxud Sarkozi öz ölkələrinin milli maraqları, lap elə neft maraqlarının ziddinə Azərbaycan müxalifətini dəstəkləməlidir? Qardaş Türkiyə belə bu yolu tutmur və tuta da bilməz.

Bu banal reallıqları ona görə sadalayıram ki, bəzi şeyləri özümüz üçün bir daha aydınlaşdıraq:

1) Qərbi söyməklə – onun utanıb Azərbaycan demokratlarını dəstəkləməsi ilə nəticələnməyəcək;
2) İndiki zəif durumunda Azərbaycan müxalifətinin Qərbə lazım olub-olmadığı sual altındadır, amma bir şey aydındır ki, Azərbaycan müxalifətinə və Azərbaycan demokratiyasına Qərb lazımdır. Bu gün müxalif düşüncəli insanları yırtıcı Azərbaycan rejiminin qəzəbindən pis-yaxşı sığortalayan Qərbdir;
3) Azərbaycandakı rejimi dəyişməyin yolu Qərbin rəğbətini və inamını qazanmaqdan keçir.


Bütün bu deyilənlərlə Azərbaycan xalqının iradəsinin oynadığı rolu kiçiltmək istəmirəm. Kükrəyib ayağa qalxan xalq on dənə Qərbin gücünə sahibdir, amma nə qədər ki, bu xalq ayaq üstə deyil və müxalifət indiki durumdadır yuxarıda sadalanan faktorlar fövqəladə əhəmiyyət kəsb edir.

Qərb Azərbaycanda demokratiyanın qurulmasında nə dərəcədə maraqlıdır?

Bu suala tam cavab vermək üçün həm obyektiv, yəni Azərbaycandakı siyasi qüvvələrin iradəsi və atacağı addımlardan asılı olmayan faktorları, həm də subyektiv, yəni insan fəaliyyəti ilə yaradıla biləcək səbəbləri nəzərdən keçirməliyik.

Obyektiv amillər. Azərbaycan Şərqin ilk demokratiyasını qurmuş ölkədir. 20 əsrin əvvəlində fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlament respublikasını qurmuş, qadınlara Böyük Britaniya və ABŞ-dan əvvəl səsvermə hüququ vermiş bir ölkədir. Bu ölkə nə traybalist Əfqanistan, nə də sivil cəmiyyət kökləri olmayan İraqdır. Bu ölkədə demokratiya qurmağın mümkünlüyünü 20 əsrin əvvəlində Məmmədəmin Rəsulzadə və onun liderlik etdiyi Müsavat partiyası, həmin əsrin axırında isə Əbülfəz Elçibəy və onun rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi sübut etmişdir.

Demokratiya düşmənləri hər iki təcrübənin azömürlülüyünə və asanlıqla devrildiyinə işarə edirlər. Amma bu da faktdır ki, həm 1918-1920-ci il Müsavat təcrübəsi, həm də 1989-1992-də AXC təcrübəsinin Türkiyəni çıxmaq şərti ilə digər müsəlman ölkələrində analoqu yoxdur. Bu xalq demokratiya istədiyini ötən əsrdə aydın şəkildə iki dəfə göstərib. Əgər Qərb islam radikalizmini bir məsələ kimi həll edib öz təhlükəsizliyini təmin etmək istəyirsə və bu məqsədlə də müsəlman ölkələrindəki dini ənənələrin liberal siyasi dəyərlərlə barışdırılmasına nail olmaq istəyirsə, müsəlman ölkələrində demokratik idarəetmə üsullarının bərqərar edilməsinə dəstək verməlidir. Demokratik üsul-idarəni isə liberal ənənələri olmayan Əfqanıstanda, yaxud İraqda qurmaq, təcrübə göstərir ki, qeyri-mümkündür. Azərbaycanda isə bütün müsəlman dünyasına örnək ola biləcək demokratiya qurmaq mümkün bir işdir. Ölkənin həcminin kiçikliyi, maddi ehtiyatların bolluğu, azad medianın basqılar altında belə özünü qoruyub saxlaya bilməsi, bütün ölkə boyu təmsil olunmuş demokratik siyasi partiyaların (ən azı Müsavat və AXCP) mövcudluğu Azərbaycan demokratiyası layihəsinin uğurlu olacağına, məsələn İraq və Əfqanıstandakından daha çox təminatlar verir.

Ən nəhayət, liberal-demokratik dəyərlərə söykənən Azərbaycan demokratiyası getdikcə aqressivləşən Rusiya imperializminə və güclənən islam radikalizminə (qonşuluqda İran var!) qarşı ən dayanıqlı sipərdir.

Təbii ki, yuxarıdakı pasaj Azərbaycan demokratiyasının lehinə olan arqument idi. Demokratiyanın bu bölgədə Qərb maraqlarına ziyan verəcəyini nümayiş etdirən arqumentlər də var. Sirr deyil ki, xalqa söykənməyən avtoritar hökumətlər xarici neft şirkətləri ilə sonuncular üçün daha əlverişli şərtlər əsasında iqtisadi sazişlər bağlayırlar. 1997-1998-ci ildə aparılmış təhlillər göstərirdi ki, Azərbaycan hökumətinin bağladığı neft sazişləri bütün dünyada (!) xarici neft şirkətlərinə ən çox daxili gəlir norması ayırmış müqavilələr idi, məsələn, hətta ərəb ölkələrində xarici neft şirkətləri ümumi neft gəlirlərindən 12-15%-lik daxli gəlir normasına malik olmuşdularsa, Azərbaycanda eyni rəqəm 30-32% civarında olmuşdur. Xarici neft şirkətləri Qarabağ müharibəsi səbəbindən (?) bu cür yüksək faiz normalarını xüsusi risk faktoru ilə əlaqələndirirdilər, amma biz onu dəqiq bilirik ki, burada əsl səbəb – korrupsiyadır, bunu istisna etmək qeyri-mümkündür.

Mümkündür ki, bu qeyri-bərabər sazişlərdən faydalanan bəzi neft şirkətləri aktiv şəkildə Azərbaycandakı rejimi qorumaq üçün öz hökumətlərinin siyasətinə təsir göstərsinlər. Bu səbəblərə görə bəzi Azərbaycanlı həmkarlarım iddia edir ki, Azərbaycanda neft qurtarana qədər Qərbin bu ölkəyə siyasətini neft şirkətləri müəyyənləşdirəcək, eynən ərəb ölkələrində olduğu kimi. Amma ortada əhəmiyyətli bir fərq var: Yaxın Şərqin kiçik bir regionunda, Fars körfəzi ətrafındakı altı ölkə dünya neft ehtiyatının 60 %-dən çoxuna nəzarət edir! Bu ölkələrdə xalqın iradəsinə əsaslanan suveren demokratiyaların qurulması elə bir vəziyyətə gətirib çıxara bilər ki, bütövlükdə Qərb sənayesi 5-6 neft ölkəsinin siyasi girovuna çevrilə bilər. Bu səbəbdən həmin region, soyuq müharibə dövründən bu yana tam Qərbin diqtəsi ilə işləyən rejimlərin hakimiyyəti altındadır və belə görünür ki, həmin regionda neft tükənənə qədər belə olacaq. Azərbaycan nefti isə bu miqyasa yaxın belə düşmür. Daha bir müqayisə: Kobud hesablamalara görə indiyə qədər ABŞ neft şirkətlərinin Azərbaycana qoyduğu xarici sərmayə 30 milyard dollar civarındadır. İraqdakı müharibəyə isə artıq 400 milyard dollar xərclənib və bu yaxınlarda ABŞ konqresi həmin ölkə və Əfqanıstandakı müharibəyə daha 70 milyard dollar ayırıb. Lobbilərin ABŞ hökumətinə, yaxud digər Qərb dövlətləri liderlərinə təsiri onların regionda xərclədiyi pula mütənasibdir. Azərbaycanda xərclənən pullar Qərb hökumətlərini uzun müddətə satın almağa kifayət etmir. Bu lobbiyə qarşı Azərbaycan demokratları Qərbdəki idealist həmkarları ilə birləşib vuruşa bilərlər və hətta qalib də gələ bilərlər.

Daha bir faktor var. Uzun müddət Qərb sovetologiyası ancaq rusları öyrənirdi və SSRİ dağıldıqdan sonra Azərbaycan və Orta Asiyanı təhlil edən mütəxəssislər Yaxın Şərq regionunu öyrənməkdən yeni müstəqil müsəlman ölkələrini tədqiq etməyə özlərini transfer etmiş alimlər idi. Təbii ki, Yaxın Şərq klişesi bu mütəxəssislərin təhlilində özünü göstərirdi. Azərbaycan müsəlmanları ərəb müsəlmanları ilə eyniləşdirilirdi. Yadımdadır, Bakıda işləyəndə bəzi Amerikalı mütəxəssislər Azərbaycan siyasətini tayfa-klan müstəvisində təhlil etməyə çalışırdılar və istədikləri alınmayanda çaşıb qalırdılar. Qərbin Azərbaycan hökumətindən aşağı gözləntiləri də (məsələn, bəzi hallarda Azərbaycanda siyasi partiyaların və müxalif medianın mövcudluğu az qala Azərbaycan hökumətinin tolerantlığı da deyil, onun aktiv demokratikləşdirmə səylərinin bəhrəsi kimi qələmə verilirdi) ən azı qismən bununla izah olunur.

Nəticədə, bundan ruhlanan Azərbaycan hökuməti Azərbaycanı ərəbləşdirməyə yönəlmiş bir siyasət aparmağa başladı və artıq indiki Azərbaycanı xalqın çox hissəsi tanımaqda çətinlik çəkir. Azərbaycanda tayfabaz siyasətçilər var (Amerikadakı kimi, Fransadakı kimi) amma Azərbaycan tayfa cəmiyyəti deyil və azərbaycanlılar da ərəb deyil! Bu sadə həqiqətləri dönə-dönə amerikalılara, ingilislərə, fransızlara, almanlara və s. başa salmaq lazımdır.

Subyektiv amillər. Qərb dövlətlərinin nöqteyi-nəzərindən Azərbaycanda hakimiyyətdə olan, yaxud hakimiyyətə yiyələnəcək istənilən siyasi qüvvə üç əsas faktora cavab verməlidir:

1) Stabillik;
2) İdarəçilik səriştəsi;
3) Hakimiyyətdə olmayacağı təqdirdə həmin siyasi qüvvənin cəmiyyətdəki proseslərə neqativ təsir gücü.

Stabillik

Azərbaycana milyardlarla dollar vəsait qoymuş, iri Bakı-Ceyhan neft kəmərini inşa etmiş, ümumi dəyəri milyardlarla dollarla ölçülən neft platformaları quraşdırmış Qərb dövlətlərinin Azərbaycanın həm daxili, həm də xarici siyasətindən bir əsas gözləntisi var – stabillik. Qərb, Azərbaycanın torpaqlarının itirilməsi bahasına olsa belə, Ermənistanla davamlı sülh sazişinin bağlanmasında da məhz buna görə israrlıdır. Azərbaycan hökuməti hələ ki, bu gözləntiləri doğrulda bilir. Demokratik müxalifət isə hakimiyyətə gəlməmişdən Qarabağı hərbi yolla azad edəcəyindən danışır. Demokratik düşərgənin əsas qəzetləri olan “Azadlıq” və “Yeni Müsavat”da Qarabağ savaşına dair çap edilən istənilən material xüsusilə seçkiqabağı dövrdə Azərbaycan hökuməti tərəfindən müxalifətin xoxan imicinin yaradılmasında istifadə olunur. Mən qətiyyən Azərbaycanın əsas dərdi olan Qarabağ məsələsinin unudulmasını təklif etmirəm. Amma əlində hakimiyyəti olmayan müxalifətin hökumətin üstünə götürməli olduğu məsələdə aktivlik nümayiş etdirib Qərblə kəllə-kəlləyə gəlməsini də məntiqli hesab etmirəm. Qərbə yönəlik mesajlar ən azı “hakimiyyətə gələk sonra baxarıq” bəyanatları ilə məhdudlaşmalıdır. Hakimiyyətdə olduğu 14 ildə Qarabağın bir kvadrat metrini də azad etməmiş hökumətin isə məsuliyyətini elə Azərbaycan hökumətinin öz çiynində saxlamaq lazımdır. Qısası, heç bir səlahiyyət sahibi olmayan müxalifət geopolitik savaşlardan məsafədə dursa, bundan həm onun özü, həm də Azərbaycan daha çox qazanar. Eyni şeyi neft müqavilələrinə münasibətə də şamil etmək olar. Bir şeyi aydınlaşdırmalıyıq ki, Azərbaycanın düşməni daim öz xeyrini güdən beynəlxalq kommersiya təşkilatları deyil, Azərbaycandakı antixalq rejimidir.

İdarəçilik səriştəsi

Hakimiyyətə yiyələnmək istəyən siyasi qüvvə Azərbaycanı ən azı indiki kimi idarə etmək, yaxud bundan daha yaxşı idarə etmək səriştəsinə malik olduğunu sübut etməlidir. Ortaya yeni iqtisadi, siyasi, hüquqi islahatlar konsepsiyası qoyan və ən əsası öz arasında kiçik məsələlər üzərində uşaq savaşlarına girməyən müxalifətin mövcudluğu Qərbdə heç bir ciddi siyasi dairənin inkar edə bilməyəcəyi siyasi fakta çevrilməlidir. Azərbaycan hökumətinin təbliğat maşını müxalifət haqqında belə bir fikir formalaşdırmağa çalışır ki:

- Müxalifət hakimiyyətə gəlsə daha demokratik olmayacaq və sübut kimi müxalifət partiyaları daxilində avtoritar üsul-idarəni diqqətə çəkir;
- Müxalif partiyaların bir gündə dost olub, növbəti gün ən qatı düşmənlərə çevrilərək bir-biri haqqında öz qəzetlərində “ifşaedici” məqalələrlə çıxış etməsini bu siyasi qüvvələrin siyasi cəhətdən yetkin olmamaları kimi təqdim edir;
- Müxalifət daxilində birliyin olmamasını hakimiyyətə gələcəyi təqdirdə bu siyasi qüvvənin ölkəni xaosa yuvarlayacağının indikatoru kimi qələmə verir;
- 1992-1993-cü illərdə fəaliyyət göstərmiş AXC hökumətinin fəaliyyətini belə təhrif edərək demokratik siyasi qüvvələrin ölkəni idarə bilməyəcəyi fikrini həm Azərbaycan xalqına, həm də Qərbə sırıyır.

Bütün bu ittihamlarla həm fikir, həm də əməl müstəvisində layiqli cavab verilməlidir və bu proses müxalifətin üzərindən “səriştəsiz” damğası götürülənə qədər davam etdirilməlidir.

Neqativ təsir gücü

Amerikada məşhur bir siyasi publisist var – Tomas Fridman. Yəhudi mənşəli bu Amerikalı yazar “Beyrutdan Yerusəlimə kimi” adlı bir kitabın müəllifidir. Kitabın lap əvvəlində müəllif sual edir: Niyə görə ötən əsrin 40-cı illərindən 90-cı illərin əvvəlinə qədər İsrail Fələstinin işğalı məsələsində ərəblərə heç bir güzəştə getməyi lazım bilmirdi? Özü də cavab verir: Çünki, fələstinliləri işğal altında saxlamağın İsrail üçün heç bir bədəli yox idi. Ərəblər işğal altında sakit yaşayır, İsrail sənədləri ilə işləyir və İsrailin dövlət büdcəsinə xeyir verirdilər... İntifada başlayana qədər. Ərəb müqaviməti güclənəndən sonra işğalın hər bir günü İsrailə yeni bir ziyan vururdu və barışmaz İsrail Fələstin dövləti haqqında danışmağa başladı.

Azərbaycanlıların ərəb olmadığını israrla dəfələrlə təkrarlasaq da, bu dünyada mübarizənin bir dəyişməz məntiqi var. Gücə qarşı güc dayanmalıdır. Bu gün Azərbaycanda hökm sürən diktatura Azərbaycan hökumətinə, yaxud onun Qərbdəki hamilərinə hansı itkilər hesabına başa gəlir? Mən elə bir ciddi itki görmürəm. Bu gün Azərbaycan polisi əlində qərənfil tutan Azərbaycan müxalifətinin mitinqlərini dağıdanda, qocalı-qadınlı nümayişçiləri vəhşicəsinə döyəndə hansı itkiləri göz önünə alır? Pis-yaxşı Azərbaycan hökuməti Qərbin neft maraqlarını ödəyir və əgər diktaturanı qorumağın bir ödəniləsi bədəli olmayacaqsa, nədən Qərb Azərbaycanda hakimiyyət dəyişikliyi kimi riskli bir oyuna girməlidir?

Bu həqiqəti ən yaxşı anlayan elə Azərbaycan hökumətinin nümayəndələridir. Azərbaycandakı dostlarımdan biri deyirdi ki, 1993-də Azərbaycanda Rusiyapərəst qüvvələr xaos yaradanda, prezident Elçibəy Heydər Əliyevə bir mesaj göndərmişdi: Ona deyin ki, ölkəni dağıtmasın, hakimiyyəti istəyirsə, gəlsin götürsün. Bilmirəm fikirlər məhz bu cür çılpaqlığı ilə ifadə olunmuşdu, yoxsa yox, amma AXC-nin Heydər Əliyevi hakimiyyətə dəvət etməsinin kökündə məhz bu dururdu. Ya Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlib sonradan təriflədiyi stabilliyi yaradacaqdı, ya da ölkə Heydər Əliyevin aktiv şəkildə qurduğu xaosun içində dağılacaqdı. Elə indinin özündə, Qərb Azərbaycanı hökumətini sıxan kimi bu hökumət gah Rusiya, gah da İranla yaxınlaşmaqla açıq-aydın şantaj siyasəti aparır.

Demokratik qüvvələr cəmiyyətə neqativ təsir gücündən Heydər Əliyev qədər istifadə edə bilməzlər, buna onların vətənpərvərliyi yol verməz. Amma oturub sakitcə ölkənin bir qrup insan tərəfindən zorlanmasına da tamaşa etmək ölkəyə xeyir gətirmir. Qərb görməlidir ki, Azərbaycanda hakimiyyətin yiyəsi var və vaxtında bu hakimiyyət ona xoşluqla çatmasa, bu haqq zorla alınacaq, nəyin bahasına olursa olsun.

Bu il iyun ayında Azadlıq qəzetinə yazdığım məqalədə bəzi sivil mübarizə üsulları barədə yazmışdım. Əminəm ki, Azərbaycanda bu üsullardan daha çox formalarda mübarizə aparmağı bacaran insanlar var. Amma... mübarizə getmir. Ancaq seçkiqabağı, bir neçə aylıq dövrdə müxalifət rejimin onun üçün cızdığı sərhədlər daxilində və rejimin ona sırıdığı oyun qaydaları çərçivəsində gözlənilən bir siyasi kampaniya aparır və təbii ki, uduzur. Ortada Azərbaycan hökumətini və onun Qərbdəki müdafiəçilərini narahat edən bir qovğa yoxdur. Və bu qovğa olmadıqca, Qərbdə Azərbaycan demokratiyasını dəstəkləyə biləcək potensial qüvvələr hərəkətə keçməyəcək.

Qorxmaz Əsgərov, Washington
AZADLIQ, 25-26 dekabr 2007-ci il